Bu gün ki, mövcud reallıqlar onu təsdiq edir ki, Azərbaycan dünyanın ən inkişaf etmiş dövlətləri sırasında öncül sıralarda qərarlaşır. Xüsusi ilə də, 30 il erməni işğalı altında olmuş torpaqlarımızı 44 günlük Vətən müharibəsi ilə azad etməsi Azərbaycanın dünya çapında mövqelərini möhkəmləndirib, hörmətini artırıb. Təbii ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi qələbəni şərtləndirən başlıca amil xalq-hakimiyyət birliyi və bunun fonunda müasir dövrün tələblərinə uyğun olaraq Silahlı Qüvvələrin yaradılmasıdır.
Vətən müharibəsində Azərbaycan xalqı Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında bir yumruq kimi birləşərək düşmənə qarşı vahid cəbhədə toplandı. Məhz bu amil düşmənin başını əzməklə, torpaqlarımızı azad etməyə imkanlar yaratdı. Artıq münaqişə bitib və ölkəmizin ərazi bütövlüyü təmin olunub. Yağı düşmənin talan edib, viran qoyduğu ərazilərin bərpası istiqamətində Azərbaycan dövləti geniş miqyaslı işlər görməkdədir. Söz yox ki, dövlətimiz bunun da öhdəsindən gələcək. Çünki, Azərbaycana yaxın tərəfdaş dövlətlərin dəstəyinin olması və iqtisadi imkanları problemlərin yaxın gələcəkdə tamamilə aradan qaldırılacağına əminlik yaradır.
Fakt ondan ibarətdir ki, 2016-cı ilin Aprel döyüşlərində və 2020-ci ilin Tovuz döyüşlərindən mülki əhaliyə və dövlət əmlakına dəymiş ziyanın aradan qaldırılması istiqamətində əhəmiyyətli işlər görülmüş və artıq dəymiş ziyan aradan qaldırılmaqdadır. Eyni zamanda Vətən müharibəsində yaralanan qazilərə, şəhid ailələrinə də hərtərəfli dövlət qayğısı göstərilir. Bununla bağlı ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev əhali ilə görüşündə demişdir: “Şəhid ailələrinin problemləri öz həllini tapacaq. Bu gün buradan bizim bütün aidiyyəti qurumlarımıza göstəriş verirəm ki, İkinci Qarabağ müharibəsində, Vətən müharibəsi adlandırdığımız müharibədə şəhid olmuş insanların yaxınlarına qısa müddət ərzində həm maddi dəstək göstərilməlidir, eyni zamanda, indi onların uçotu aparılır. Dəqiq uçot aparılandan sonra onlara mənzillərin, evlərin verilməsi təmin ediləcəkdir”.
Azərbaycan dövləti vətəndaşının yanındadır
Artıq yüzlərlə şəhid ailəsinə, qazilərə dövlət tərəfindən maddi və mənəvi dəstək göstərilib, onlara mənzillərin açarları təqdim olunub. Bu proses bundan sonrada davam etdiriləcək. Azərbaycan dövləti həmişə olduğu kimi vətəndaşının yanındadır. Nəzərə almaq lazımdır ki, hüquqi və demokratik dövlət quruculuğuna sədaqətliyi ilə seçilən Azərbaycan müasir dövrün tələbinə və reallığına uyğun olaraq inkişafını sürətləndirən islahatlar həyata keçirməklə səmərəli nəticələr əldə etməkdədir. Xüsusi ilə də, ölkə Prezidenti İlham Əliyevin rüşvətxorluğa və korrupsiyaya qarşı apardığı sərt tədbirlər, iqtisadi və kadr islahatları Azərbaycanın beynəlxalq aləmdə qazandığı müsbət imicin daha da möhkəmlənməsinə və qüdrətinin artmasına təkan olub. Əldə etdiyi nailiyyətlər Azərbaycanın beynəlxalq hüququn güclü, nüfuzlu müstəqil subyekti kimi çıxış etməsinə yeni imkanlar qazandırıb.
Təbii ki, Azərbaycanın bu günki, iqtisadi, siyasi, sosial, mədəni və digər sahələr üzrə yaşanan inkişafının təməli 1993-cü il də qoyulub. 1990-1993-cü illərdə xaos və anarxiyanın mövcudluğu o dövrdə respublikamızda ciddi problemlər, fəsadlara yaratmışdır. Belə ağır və fəlakətli dönəm də xalq nicatını və qurtuluşunu Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə gələrək, xalqı və dövləti bu bəladan xilas etməkdə gördü. Xalq inamında və etimadında yanılmadı. Dahi Öndərimizin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə müstəqilliyimizin məhv olması, iqtisadi tənəzzülün və hərbi-siyasi məğlubiyyətlərin aradan qaldırılmasına nail olundu. Qısa müddət sonra Azərbaycan azad, demokratik sosial iqtisdi cəhətdən güclü və qüdrətli dövlətə çevrildi. Bunu qədir bilən Azərbaycan xalqı çox gözəl bilir və qiymətləndirir.
Müxalifət reallığı dərk edir
Görünən odur ki, bütün hallarda siyasi fəaliyyətləri ilə nala- mıxa vuran, sərsəm iddialar ortaya qoyan müxalifətdə Azərbaycan hakimiyyətini apardığı düzgün, məqsədyönlü siyasəti ilə ölkəmizin dünyada yerinin və rolunun möhkəmləndiyini dərk edirlər. Sadəcə, xaricdən maddi və mənəvi baxımdan asılı olmaları, onlara mövcud həqiqəti qəbul etməyə imkan vermir. Hələ də, iddialı və məntiqsiz iddialarla çıxış edib, hakimiyyətə “ciddi rəqib” olduqlarını nümayiş etdirməyə çalışırlar. Ancaq reallıqda hakimiyyətə alternativ ola biləcək bir qüvvə kimi təsəvvür edilmirlər. Həm də ona görə ki, qatıldıqları taleyüklü tədbirlərdə uğursuzluq onların bir növ alın yazısı olub. Konkret desək 1993-cü ildən bu günə qədər müxalifətin qatıldığı bələdiyyə, parlament və prezident seçkiləri onlar üçün uğursuzluqla nəticələnib. Hətta bələdiyyələrə keçirilən seçkilərdə belə onlar 0, 5 faizlik baryeri keçə bilməyiblər. Bu onların faciəsi və süqutudur. Ancaq məğlubiyyətlərini etiraf edib, siyasətdən getməyə çalışmırlar. Halbuki, bəzən danışanda, çıxışlar edəndə demokratiyadan hay-küylü sitatlar gətirir, dünya ölkələrindən misallar göstərirlər.
Qardaş Türkiyənin siyasi arenasında dəfələrlə seçki məğlubiyyəti ilə üzləşən partiya sədrlərinin oturduqları kreslonu tərk etdiklərinin şahidi olmuşuq. 1998-ci ildə Almaniyada keçirilən kansler seçkisində məğlub olan Helmut Kol, Afrikanın azadlıq mücahidi Nelson Mandela, Böyük Britaniyada "dəmir ledi" kimi tanınan Marqaret Tetçer, Türkiyədə Böyük Millət Məclisinə keçirilən parlament seçkilərində Dövlət Baxçalı, Məsud Yılmaz, Tansu Çillər, Bülənt Ecevit və bu kimi digər dünyaca tanınmış siyasətçilər istefa verdilər. Sonrakı mərhələdə də, onlar yenidən siyasətə qayıtmağa və yenidən şanslarını yoxlamağa cəhdlər göstərmədilər. Yəni artıq siyasətdə bitdiklərini dərk etdiklərindən, tamamilə fərqli fəaliyyət yolu seçməklə həyatlarını davam etdirdilər. Azərbaycan müxalifəti isə hələ də, yerlərində saymaqlarına baxamayaraq siyasətdən getmək istəmirlər. Bu da onların siyasətə gəlir mənbəyi kimi baxmalarından irəli gəlir. Yəni Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı və digərləri siyasətdən getsələr bir növ maddi tənəzzülə uğramış olarlar. Bu baxımdan sözügedən şəxslər ömürlərinin sonuna qədər siyasətdə boş qazanı danqıltmaqda davam edəcəklər. Bu bir növdə onların həyat tərzi, yaşam amalı olacaq.
İ.ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB