"Prezident İlham Əliyevin mövqeyi təşkilatın nüfuzuna kölgə salan..." - DEPUTAT AÇIQLADI

"Prezident İlham Əliyevin mövqeyi təşkilatın nüfuzuna kölgə salan..." - DEPUTAT AÇIQLADI

"Prezident İlham Əliyevin BMT-nin yeni rezident əlaqələndiricisi ilə görüşündə səsləndirdiyi fikirləri 29 illik ikitərəfli münasibətlərin uğurlu xülasəsi hesab etmək olar". Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, bu illər ərzində Azərbaycan təşkilatla BMT Nizamnaməsi ilə müəyyən edilmiş bəşəri dəyərlərin təmini və qorunması istiqamətində əməkdaşlıq naminə bütün konstruktiv addımları atıb: "Lakin təşkilatın özünün strukturunda və idarəçiliyində zamanla ortaya çıxan çatışmazlıqlar, xüsusən, Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmlərinin 70 ildən artıq bir müddətdə hələ də mövcud olmaması, bu sahədə hələ də ikili standartların hökm sürməsi haqlı olaraq Azərbaycanı qane etmir və cənab Prezident də məhz bu məqamları xüsusi vurğuladı. Nəzərə alsaq ki, Azərbaycan BMT üçün sıradan bir tərəfdaş deyil. Rəsmi Bakı Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyət göstərmiş və struktura sədrlik etmiş, hazırda isə Qoşulmama Hərəkatının sədri kimi ciddi nüfuz və təcrübə sahibi kimi tanınır. Bu mənada, Prezident İlham Əliyevin mövqeyi təşkilatın nüfuzuna kölgə salan bu cür məqamların köklü dəyişiminin müzakirəsi üçün qlobal zərurəti daha da sürətləndirdi. Nəzərə alaq ki, Prezident İlham Əliyev bundan öncə COVİD-19-la mübarizədə qlobal səylərin birləşdirilməsi və peyvəndlərin ədalətli bölgüsü ilə bağlı bəşəri təşəbbüsləri uğurla reallaşdıra bilmişdi. Bu mənada Azərbaycanın hazırda qərarların icra mexanizmləri ilə bağlı ikili standarların olması və mövcud durumun beynəlxalq sülh, sabitlik və inkişaf kimi meyarlara ciddi maneçilik yaratması barədə narahatlığı növbəti bəşəri təşəbbüs kimi qiymətləndirilməli, habelə, Azərbaycan-BMT əməkdaşlığının daha sağlam təməllər üzərində inkişafı naminə rəsmi Bakının perspektiv vəd edən səyi hesab olunmalıdır".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə