Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına qayğı dövlətin piroritet vəzifəsidir
Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında» SƏRƏNCAMI reallığın təzahürüdür
Prezident İlham Əliyevin avqustun 25-də imzaladığı “Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında» Sərəncamda bildirilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının və onların ailə üzvlərinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik): 1.1. Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərin, eləcə də ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvlərinin mənzillə təmin edilməsini həyata keçirsin; 1.2. bu Sərəncamın icrası ilə bağlı görülmüş işlər barədə Azərbaycan Respublikasının Prezidentinə mütəmadi olaraq məlumat versin; 1.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. 2.Müəyyən edilsin ki, bu Sərəncamın 1.1-ci bəndində nəzərdə tutulan şəxslərin mənzillə təmin edilməsi bu məqsədlə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nazirliyin balansına verdiyi və ya Nazirliyin həmin məqsəd üçün əldə etdiyi mənzillər hesabına həyata keçirilir.
3. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu Nazirliyin müraciəti əsasında bu Sərəncamın 1.1-ci bəndində göstərilən məqsəd üçün balansında olan mənzillərin Fondun mənfəəti hesabına həmin Nazirliyin balansına verilməsini təmin etsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
«Bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir»
Bəli, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun 44 gün davam zəfər yürüşü siyasi müstəvidə qazanılan qələbə ilə başa çatdı. Torpaqlarımız işğaldan azad edildi, bununla da beynəlxalq hüququn norma və prinsipləri, tarixi ədalət bərpa edildi. Bu tarixi qələbə unudulmaz şəhidlərimizin, qazilərimizin qanı, canı, mərdliyi ilə savaş meydanında qazanıldı. Buna görə də hər bizimiz torpaqlarımızın azad olunmasını bizə qələbə sevinci yaşadan şəhidlərimizə, qazilərimizə borcluyuq.
Bu gün Azərbaycanda şəhid ailələrinə həm dövlətin, həm də cəmiyyətin xüsusi diqqət və qayğısı var və bu diqqət və qayğının ən bariz nümunəsini Prezident İlham Əliyev göstərir. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan Fərman və Sərəncamlar, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və müharibə əlillərinə mərhəmətli qayğısı çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, hamılıqla təqdirəlayiq hal kimi qiymətləndirilir. Elə bunların nəticəsidir ki, şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən hərtərəfli qayğı nümunəvi xarakter daşıyır. Şəhid ailələrinin, müharibə əlillərinin, veteranlarının sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması da ölkə ictimaiyyəti tərəfindən yüksək minnətdarlıqla qarşılanır.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə yaradılmış “YAŞAT” Fondunun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar zamanı əlil olmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verir. Artıq Fond tərəfindən bu sahədə kifayət qədər tədbirlər həyata keçirilib və keçirilməkdədir. Fond yaradılmasında əsas məqsəd Respublikamızın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət orqanlarının əməkdaşlarına və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə, həmçinin sosial müdafiə sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsini təmin etməkdir. Toplanmış vəsaiti Fond tərəfindən şəhid ailəsi statusu alınana və ya əlillik müəyyən edilənədək götürülən istehlak kreditlərinin və digər borc öhdəliklərinin qarşılanmasına, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsinə, təhsil alınmasına, habelə əlavə təhsilə, peşə hazırlığının artırılmasına, eləcə də yaradıcı potensialın inkişafına kömək edilməsi ilə bağlı xərclərin ödənilməsinə, məişət şəraitinin yaxşılaşdırılmasına yönəldilir.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşü zamanı bir daha bunun şahidi olduq. Prezident İlham Əliyev hərbiçilərlə görüşü zamanı bildirmişdi: «Biz bir daha gücümüzü göstərdik, xalqımızın birliyini göstərdik. Göstərdik ki, heç bir qüvvə bizim qabağımızda dura bilməz, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Bu tarixi missiyanı siz icra etmisiniz - Azərbaycan əsgəri, Azərbaycan giziri, Azərbaycan zabiti icra edib».
Dövlət başçısı onu da vurğulayıb ki, «Mən bunu artıq bir neçə dəfə demişəm, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir. Biz sübut etdik ki, biz böyük xalqıq».
«Bizim qəhrəman döyüşçülərimiz gələcək həyatda da daim mənim nəzarətim altında olacaqlar»
"Mənim birinci təbrik etdiyim insanlar sizsiniz və sizin simanızda bizim bütün qəhrəman döyüşçülərimizdir. Gəlmişəm deyim ki, mən hər zaman sizinlə bir yerdə olacağam. Mənə arxalana bilərsiniz. Bizim qəhrəman döyüşçülərimiz gələcək həyatda da daim mənim nəzarətim altında olacaqlar. Bir daha sizi təbik edirəm, tezliklə sağalın, adi həyata qayıdın. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”, - dövlət başçısı dediyi sözə düz 18 ildir ki, əməl edir. Prezidentlik fəaliyyəti dövrünün 18 iili ərzində Azərbaycan Prezidenti sözü ilə əməli üst-üstə düşüb və 9 ay bundan öncə hərbçilərlə görüşü zamanı dediyi sözün ilk gündən əməl olunduğunun şahididir xalqımız.
Bəli, bax, budur əsl siyasət, hər bir azərbaycanlının Prezidenti olmaq. "Əsl siyasət konkret, real iş görməkdən ibarətdir"- deyən dövlət başçısı İlham Əliyevin ötən illərdə qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar cənab Prezidentin daim xalqın mənafeyindən çıxış etdiyini, habelə verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini, gerçəkliyə adekvat olduğunu göstərmişdir.
Bu yerdə Prezident İlham Əliyevin 2003-cü ildə keçirilən andiçmə mərasimində söylədiyi bu fikirləri bir daha yada salmaq istərdim: "Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevıriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm."
Göstərilən qayğı: faktlar, rəqəmlər...
Bəli, bu gün Azərbaycan dövləti 2006-cı ildən Böyük Vətən müharibəsi əlillərinin və iştirakçılarının yaşa görə əmək pensiyalarının baza hissəsinin üzərinə müvafiq məbləğlərdə əlavələr hesablayır, 2008-ci ildən Böyük Vətən müharibəsi əlillərinə Azərbaycan Prezidentinin təqaüdlərinin təyin olunmasına başlanılıb. Həmçinin, Böyük Vətən müharibəsi əlillərinin dövlət hesabına və növbəlilik qaydasında minik avtomobili və mənzillə təminatı işləri də həyata keçirilir. Xatırladaq ki, Böyük Vətən müharibəsi illərində Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq nümunələri göstərib. Tarixin ən qanlı müharibəsində Azərbaycanın 640 mindən çox sakini iştirak edib. Onların təxminən yarısı döyüşlərdə həlak olub. Döyüşlərdə göstərdikləri igidliyə görə ölkəmizin 130-dək vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Müharibə vaxtı ön cəbhədə göstərdikləri şücaətə görə 176 min nəfər azərbaycanlı döyüşçü, arxa cəbhədə isə 250 min nəfər SSRİ-nin orden və medalları ilə təltif olunub. Bundan əlavə, 30 nəfər müharibə iştirakçısı 1-ci, 2-ci və 3-cü dərəcəli "Şöhrət" ordeni ilə təltif edilib.
Böyük Vətən müharibəsi iştirakçılarına dövlət qayğısının artırılmasını zəruri edən, sadəcə onların müharibə iştirakçısı və ya əlil olması, yaxud göstərdikləri şücaət deyil. Həm də sağ qalan müharibə iştirakçılarının ahıl yaşda olmasıdır. Buna görə də onlara həm də Azərbaycanın ən yaşlı insanları kimi xüsusi diqqət göstərilir. Böyük Vətən müharibəsi iştirakçılarının mövcud vəziyyətini nəzərə alan Azərbaycan dövləti onlara hərtərəfli diqqət ayırır: həm onların yaşa görə pensiyalarına əlavələr var, həm prezident təqaüdü alırlar, əlillər mənzil və avtomobillə təmin edilir, həm də onların digər sosial qayğıları dövlət hesabına həll olunur.
Bu il şəhid ailələri və müharibə əlillərinə 1300 mənzil və fərdi ev verilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında” yeni Sərəncamı bu kateqoriyadan olan şəxslərə dövlət başçısı tərəfindən daha bir yüksək qayğının təzahürüdür. Qeyd edək ki, dövlət başçısının 30 dekabr 2020-ci il tarixli Fərmanına əsasən Vətən Müharibəsi Qəhrəmanlarına (ölümündən sonra bu ad verildikdə və ya həmin ad verilmiş şəxs sonradan vəfat etdikdə, həmin şəxsin ailə üzvlərinə) dövlət qayğısını artırmaq məqsədilə onlar üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib. Təqaüdün aylıq məbləği 2000 manat müəyyən olunub.
Şəhidlərimizin ailə üzvlərinin, müharibə qazilərinin çevik və genişmiqyaslı sosial dəstək paketi ilə əhatə olunması dövlətimizin sosial siyasətinin prioritetlərindən biridir. Dəstək istiqamətlərindən biri kimi, şəhid ailələrinin, müharibə əlillərinin mənzillə və fərdi evlə təminatı sahəsində mühüm addımlar atılır. Ötən dövrdə 10 500 şəhid ailəsi və müharibə əlilli mənzil və fərdi evlə təmin edilib. 2021-ci ildə də 3 minədək mənzil və fərdi evin bu kateqoriyalardan olan vətəndaşlara verilməsi nəzərdə tutulub ki, onlardan artıq 1300 mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə təqdim edilib.
Vətən Müharibəsi Qəhrəmanlarının və onların ailə üzvlərinin mənzillə təmin edilməsi barədə yeni Sərəncamla həmin kateqoriyadan olan vətəndaşlar da dövlətin mənzillə təminat proqramına daxil edilir və bu proqramın əhatə dairəsi daha da genişlənir.
Ulu Öndər Heydər Əliyev: «Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək bizim dövlətimizin və hər bir dövlət orqanının, hər bir Azərbaycan vətəndaşının borcudur»
Bəli, ilk gündən hər şeyin bünövrəsi Ulu Öndərimiz Heylər Əliyev tərəfindən qoyulub. Məhz buna görədir ki, Azərbaycanda müstəqil dövlət quruculuğu kursu digər ölkələr üçün nümunəvi modeldir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bütün sahələr üzrə demokratik, şəffaf islahatlar siyasətini dönmədən həyata keçirməkdədir. Həmin siyasətin əsasını Ulu Öndər Heydər Əliyev qoyub. Ulu Öndər Heydər Əliyev bildirirdi ki, veteranlar bizim qızıl fondumuzdur: «Onlar hər cür qayğı və hörmətə layiqdirlər. Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, İkinci Dünya müharibəsinin veteranları bizim ən əziz, ən mötəbər insanlarımızdır. Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək bizim dövlətimizin və hər bir dövlət orqanının, hər bir Azərbaycan vətəndaşının borcudur."
Bəli, bu gün bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Artıq Azərbaycan sosial dövlət modelini uğurlu tətbiq edən ölkələr sırasındadır.
Bir sözlə, bütün bunlar onu göstərir ki, şəhid ailələrinə və qazilərə qayğı göstərmək dövlətin prioritet vəzifəsidir və Azərbaycan Prezidenti və Birinci vitse-prezident Mehriban xanım Əliyeva qayğıya ehtiyacı olan insanların, xüsusilə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş insanların ailələrinin, əlillərin sosial məsələlərinin həllini xüsusi diqqət mərkəzində saxlayır və bundan sonra da saxlayacaq.
Dövlət başçımız bunu son 18 illik Prezidentlik fəaliyyəti müddədtində aydın şəkildə göstərib: «Bildirmək istəyirəm ki, Azərbaycan dövləti və mən Prezident kimi hər zaman sizin yanınızda olacağam»,- deyən Azərbaycan Prezidenti, hər kəsin, o cümlədən şəhid ailələrinə diqqət və qayğının ən bariz nümunəsini son 18 ildə göstərib və bundan sonra da göstərəcəyinə Azərbaycan xalqı inanır və şahidlik edir.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB