Suraxanıda şəhid Elnur Şahbazov doğum günündə yad edilib FOTOLAR

Suraxanıda şəhid Elnur Şahbazov doğum günündə yad edilib FOTOLAR

Suraxanı rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və başqaları 2001-ci il iyulun 20-də dünyaya göz açan şəhid Şahbazov Elnur Qədir oğlunun ailə üzvlərinə dərin hüznlə başsağlığı verərək, şəhidin Yeni Suraxanı qəsəbəsində yaşadığı evin qarşısındakı xatirə lövhəsini və qəsəbə Şəhidlər Xiyabanındakı məzarını ziyarət edib, dualar oxuyub və önünə gül dəstələri düzüblər. Suraxanı RİH başçısı Əziz Əzizov bildirib ki, şəhidlərimizin əzmi, iradəsi, qəhrəmanlığı sayəsində 30 illik həsrətə son qoyulub, düşmən tapdağında olan torpaqlarımız azad olunub. Bu gün şəhidlərimizin evi ziyarət yerimiz, fəxrlə açacağımız qapı və bir ömür boyu unutmayacağımız ünvandır.

YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov Cənab Prezidentin şəhid ailələrinə və qazilərə olan münasibətinin hər bir vətəndaş üçün örnək olduğunu ifadə edib. Ali Baş Komandanın azad olunmuş rayon və şəhərlərə səfərlərini xüsusi qeyd edən rayon təşkilatının sədri bildirib ki, dövlət başçısının verdiyi uzaqgörən bəyanatlar, dünya mətbuatına verdiyi müsahibələrə qələbəmizin qorunub saxlanmasına xidmət edir. O, şəhid ailələrinin qarşısında baş əydiyini deyib.Çıxış edən rayon sakinləri, müəllimlər, şəhidin əzizləri, yaxınları Elnurun nümunəvi insan kimi ailəsinə, vətəninə, xalqına bağlı olduğunu bildiriblər. Uşaq yaşlarından idmana olan marağı hərbi xidmət zamanı onun xüsusi təyinatlı əsgər kimi xidmətinə davam etməsinə səbəb olmuşdur. Şuşanın ətraf ərazilərinin düşmən ünsürlərdən təmizlənməsində göstərdiyi xidmətlərinin döyüş yoldaşlarına və yeni yetişən gənclərə nümunə olduğu ifadə olunub.Qeyd edək ki, şəhid əsgər Elnur Şahbazov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.

Sonda çıxış edən şəhidin atası Şahbazov Qədir tədbirdə iştirak edənlərə, göstərdikləri diqqət və qayğıya görə öz minnətdarlığını bildirib.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə