Moskva ikibaşlı oyunlar oynamaqdan əl çəkməlidir ANALİTİK+AKTUAL
Əks halda, Bakının növbəti cavabı kompromislik üzərində qurulmayacaq, məhz tələb edilən razılaşmaların həyata keçirilməsini təkbaşına həll etməkdən ibarət olacaq
44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqaz regionunda yeni geosiyasi situasiyanın yaranması artıq dəqiqdir. Belə ki, Azərbaycana qarşı 30 il boyunca yürütdüyü işğalçılıq siyasəti nəticəsində regional layihələrdən kənarda qalan, habelə nəqliyyat blokadasına düşən Ermənistan üçün yeni mühit və şans imkanı yaranıb. Daha dəqiq desək, Ermənistan istər daxili sabitliyinin möhkəm dayaqlara sahiblənməsi, istərsə də normal iqtisadi inkişafı olan dövlət kimi regional proseslərdə iştirakı, mehriban qonşuluğun bərpası üçün münasib şəraitə uyğunlaşa bilər. Yəni bütün bunlar bilavasitə Ermənistan rəhbərliyinin əlində olan imkanlardır ki, qalır onların icra olunmasına.

O da əbəs deyil ki, rəsmi Bakı dəfələrlə və ən yüksək səviyyələrdə bəyan edib ki, münaqişəni başa çatmış hesab edir və erməni tərfini də bu istiqamətdə addım atmağa, sülh sazişini imzalamağa çağırır. Lakin Ermənistanın Azərbaycan qarşısında kapitulyasiyaya uğramasından sonra proseslər heç də qeyd edilən tərəflərə istiqaət almır, üstəlik rəsmi İrəvanda günü bu gün də reallaşması qeyri-mümkün olan illüziyalara qapılır. Və ən maraqlısı da budur ki, sözügedən illüziyalar, xəyallar və onlardan doğan inadkarlıqlar xarici təsirlərdən də qaynaqlanmaqdadır.
Rusiya tərəfi həmin addımları ilə nəinki etibarlılıq prinsipini kölgədə qoyur, həmçinin Azərbaycanın suveren hüquqlarını pozur
Misal üçün, bugünlərdə Rusiya Federasiyasının xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarovanın keçirdiyi brifinq zamanı onun bəyanatları istər-istəməz bəzi suallar doğurur. O, Ermənistanın silahla təchizatı məsələsinə toxunaraq bildirib ki, Moskvanın xarici ölkələrə silah satması bu ölkənin suveren hüququdur.
Onu da qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin CNN Turk telekanalına müsahibəsi zamanı rus sülhməramlılarını üçtərəfli bəyanatın bəndlərini pozmaqda ittiham etməsi, onların Ermənistan silahlı qüvvələri bölmələrini Qarabağ ərazisinə buraxmalarını ifşa etməsi, həmçinin Rusiyanın Ermənistanı silahla təchiz etməsini vurğulaması Moskvanı çıxılmaz vəziyyətə salıb. Görünür, Zaxarova Bakının itithamlarına cavab olaraq suveren hüquqları məsələsinə toxunub, amma unudub ki, üzərinə məsuliyyət götürən Rusiya tərəfi həmin addımları ilə nəinki etibarlılıq prisnipini kölgədə qoyur, həmçinin Azərbaycanın suveren hüquqlarını pozur.
Bəli, Rusiya dünyanın əsas silah ixracatçılarından biridir. Onun dünyanın silah ixracı bazarındakı payı 20%-i təşkil edir və söz yox ki, Azərbaycan da Rusiyanın dünyadakı silah satışı hüququna qarşı heç nə bəyan etmir. Ancaq konkrert olaraq məsələ rusların ermənilərə silah verməsindədir.
44 günlük müharibədə Ermənistanın demək olar ki, bütün hərbi arsenalının məhv olması mənzərəsində Moskvanın bu addımları qəribə görünür
Bu baxımdan, Azərbaycan Prezidenti haqlı olaraq Moskvanın İrəvanı silahlandırmasına toxunub və xatırladıb ki, avqustun 11-də Rusiyanın və Ermənistanın müdafiə nazirlərinin görüşü zamanı rus silahlarının Ermənistan göndərilməsi ilə bağlı razılaşma əldə edilib.
Bu zaman ikimənalı situasiya yaranır. Bir tərəfdən Rusiya bəyan edir ki, Azərbaycanla Ermənistan arasında sülhün tez bir zamanda əldə olunmasının tərəfdarıdır, sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətindəki proseslərin qısa zamanda həll olunmasını dəstəkləyir, digər tərəfdən isə İrəvana silah göndərir, erməni ordusunun güclənməsi istiqamətində işlərə imza atır. 44 günlük müharibədə Ermənistanın demək olar ki, bütün hərbi arsenalının məhv olması mənzərəsində Moskvanın bu addımları qəribə görünür. Hətta növbəti suallar yaranır.
1. Rusiyanın Ermənistanı silahlandırması nəyinə lazımdır?
2. Ermənistanı kimə qarşı silahlandırır?
Əlbəttə ki, Azərbaycan bu məsələyə reaksiya göstərməlidir və ən yüksək səviyyədə də həmin reaksiyasını göstərdi. Əgər Rusiya Ermənistanı Cənubi Qafqazdakı güc balanslarını dsətəklənməsi üçün silahlandırdığını bəyan edirsə, bu zaman hər hansı tarazlıqdan söhbət gedə bilməz. Çünki zamanında Rusiya tərəfindən Ermənistana verilən çoxmilyardlı dəyərində silahlar ya məhv edilib, ya da bu gün Bakıdakı Qənimətlər parkında düzülüblər. Üstəlik, İrəvan kreditlə götürdüyü və artıq məhv edilmiş silahlarının pullarını belə ödəməyib. Ona görə də Zaxarovanın bu bəyanatı artıq qeyri-ciddi təsir bağışlamağa başlayır.
Moskva İrəvanın illüziyalarına kənardan dəstək göstərərək, erməni ordusunu silahlandırırsa, hansı etimaddan, inamdan danışmaq olar?!
Lakin onun digər bəyanatı da qıcıqlandırıcı və qərəzli xarakter kimi qiymətləndirilə bilər. Zaxarova erməni-azərbaycanlı sərhəd zolaqlarındakı silahlı insidentlər barədə danışarkən iddia edib ki, ayri-ayrı insidentlər təcili şəkildə və işgüzar operativliklə həll olunur. “Onların baş verməsi səbəbləri Bakı ilə İrəvan arasındakı münasibətlərin, etibarlılığın kəskin defisitidir”, deyə Rusiyanın XİN rəsmisi bildirib.
Əslində, Mariya Zaxarova bu vasitə ilə özü-özünü ifşa edir. Yəni Moskva İrəvanın illüziyalarına kənardan dəstək göstərərək, erməni ordusunu silahlandırırsa, hansı etimaddan, inamdan danışmaq olar?! Və söz yox ki, Ermənistan silah məsələsində və ayrı-ayrı digər məsələlərdə Rusiyanın dəstəyini gördükcə, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın bəndlərindəki tələbləri icra etməkdən daha çox boyun qaçırmağa başlayır. Hər halda Kreml Azərbaycanın irad və ittihamlarını salğam düşüncə ilə dərk etməli, Ermənistanla sülh sazişinin imzalanması baxımından ikibaşlı oyunlar oynamaqdan əl çəkməlidir. Əks halda, Bakının növbəti cavabı kompromislik üzərində qurulmayacaq, məhz tələb edilən razılaşmaların həyata keçirilməsini təkbaşına həll etməkdən ibarət olacaq. Necə ki, 44 günlük müharibəyə qədər BMT-nin qətnamələri də daxil olmaqla digər məsələləri təkbaşına icra etdi!
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB