YAP Zərdab rayon təşkilatının yaranmasının 28-ci ildönümü münasibətilə tədbir keçirilib FOTOLAR
Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının yaranmasının 28-ci ildönümü münasibəti ilə tədbir keçirilib. Əvvəlcə YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova, Şura üzvləri, ərazi ilk partiya təşkilatlarının sədrləri Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül-çiçək dəstələri düzüblər. YAP Zərdab rayon təşkilatının iclas zalında davam etdirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova əlamətdar gün münasibətilə təşkilat üzvlərini təbrik edib. Natiq qeyd edib ki, Yeni Azərbaycan Partiyası və partiyanın rayon təşkilatı olduqca çətin və keşməkeşli bir şəraitdə yaranmışdır. O zaman dövlətimizin və xalqımızın ciddi təhlükələrlə və sınaqlarla üz-üzə qaldığı bir vaxtda xalqın inam və etibarı, təkidli xahişi ilə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə YAP-ın təsis olunması müstəqillik tariximizin ən parlaq səhifələrindən biridir. Partiyanın yaradılması, daha sonralar onun ətrafında xalqımızın ziyalı, maarifpərvər, vətənpərvər insanlarının toplanması böyük uğurların qazanılmasına gətirib çıxardı. Sevindirici haldır ki, bu gün partiyamız dövlət başçısı, partiyanın Sədri Cənab İlham Əliyevin rəhbərliyi ilə inkişaf edir, yeni-yeni islahatlara və qələbələrə imza atılır.
Təşkilat sədri, həmçinin 2020-ci il sentyabrın 27-dən etibarən başlayan rəşadətli ordumuzun əks-hücum əməliyyatları nəticəsində Azərbaycanın öz hərbi qüdrətini göstərdiyini diqqətə çatdırıb. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə cəmi 44 gün davam edən Vətən müharibəsi nəticəsində işğalçı erməni ordusu darmadağın edilib. Bununla da, böyük qələbəyə imza atılıb. P.Mahmudova qeyd edib ki, 28 il öncə, 14 avqust 1993-cü ildə Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının təsis konfransı keçirilib. Ötən müddət ərzində rayon təşkilatı kəmiyyət və keyfiyyət baxımından inkşaf edib. Bu gün YAP Zərdab rayon təşkilatında 61 ərazi ilk partiya təşkilatı fəaliyyət göstərir. Hazırda təşkilatın üzvlərinin sayı 6 min bir yüz nəfərə yaxındır ki, bu da rayon əhalisinin 10 faizindən çoxunu təşkil edir. Rayon təşkilatının sıraları bu gün də gənc, savadlı, vətənpərvər, xalqını, vətənini sevən gənclərin, qadınların, ziyalıların hesabına yenilənir və genişlənir. Bu sözsüz ki, partiyanın bu gününə və gələcəyinə olan inamın göstəricilərindəndir. Hazırda Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatında gənclərin sayı 1435 nəfər, qadınların sayı isə 2872 nəfərdir.
Ölkə Prezidenti Cənab İlham Əliyevin məqsədyönlü şəkildə həyata keçirdiyi sosial-iqtisadi inkişaf strategiyasının Zərdab rayonunda yüksək səviyyədə icra olunması qarşıya qoyulan proqram və vəzifələrin reallığa çevrilməsinə, tikinti, quruculuq abadlıq işlərinin geniş vüsət almasına, bütün sahələrdə inkişaf, yenilik və müsbət nəticələrin əldə olunmasına bir sözlə, insanların həyat səviyyəsinin, güzaranının yaxşılaşmasına gətirib çıxarmışdır.Tədbirdə daha sonra çıxışlar dinlənilib. YAP Zərdab rayon təşkilatının Şura üzvləri Nailə Əliyeva, Ramiz İsayev, Qafur Məmmədov və başqaları partiyanın yaranma tarixi, bu günki fəaliyyəti və gələcək perspektivləri barədə çıxış ediblər.
Natiqlər əldə olunmuş uğurlarla kifayətlənməyərək, Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevin ətrafında sıx birləşməklə, sərhədlərinin toxunulmazlığını bərpa etmiş bütöv, müstəqil Azərbaycanın parlaq gələcəyi üçün daha əzmlə çalışacaqlarını qarşıya məqsəd qoyduqlarını söyləyiblər.
ZÜMRÜD BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB