Vaksinasiya prosesində aktivliyimiz zəruridir - TƏHLİL

Vaksinasiya prosesində aktivliyimiz zəruridir - TƏHLİL

Azərbaycanda koronavirus pandemiyasına qarşı ciddi qabaqlayıcı tədbirlər görülməsinə baxmayaraq, bu gün yoluxma sayında artım ciddi narahatçılığa səbəb olub. Bir müddət əvvəl yoluxma sayında iki rəqəmlinin olması xəstəliklərin sayının aşağı düşməsini özündə ehtiva edirdi. Çox keçmədi ki, iki rəqəmlilər üç, bu gün isə dörd rəqəmlilərlə müaşayiət olunur. Əlbəttə ki, bu rəqəmlər hər bir vətəndaşda məsuliyyət hissini artırmalıdır. Bir müddət əvvəl karantin rejiminin yumşaldılması və qadağaların götürülməsi, açıq havada maska rejiminin ləğvi, restoran və ticarət obyektlərinin, metronun açılması və s. yoluxma sayında ciddi dəyişikliyə səbəb oldu. Sosial məsafənin gözlənilməsi, gigenik qaydalara əməl olunma, maska taxılması və ən nəhayət, vaksinasiya bu günün vətəndaş məsuliyyətdir.

Azərbaycanda həyata keçirilən bütün tədbirlər kimi, COVID-19-dan qorunmaq üçün vaksinasiya prosesi uğurla davam etdirilir. Azərbaycanda koronavirus əleyhinə vaksinasiya prosesinə 2021-ci il yanvarın 18-də başlanılıb. Bu proses 2021-2022-ci illər üçün təsdiqlənmiş Vaksinasiya Strategiyası çərçivəsində aparılır. Vaksinasiya zamanı "CoronaVac", "Vaxzevria", "Sputnic V", "Pfizer", "Sinovac" kimi peyvəndləri istifadə edilir. Hər günün heç də xoşa gəlməyən real mənzərəsi, statistik göstəriciləri vaksinasiya prosesində aktiv olmağımızı zəruri edir. Hələ nəzərə alsaq ki, qarşıdan payız fəsli gəlir və infeksion xəstəliklərin yayılması ehtimalı daha çoxdu, onda birə-beş məsuliyyətimizi artırmalıyıq. Əlbəttə ki, ölkəmizdə COVID-19-dan qorunmaq məqsədi ilə aparılan təbliğat-təşviqat işləri vaksinasiya olunanlar sırasında hər gün say baxımından artımın müşahidə olunduğunu göstərir.

Statistik rəqəmlərin əsasında deyə bilərik ki, vaksinasiya başlanılan ilk günlərlə müqayisədə bu gün ciddi dəyişiklik var. Belə ki, əgər əvvəllər 10 min insan peyvənd olunurdusa, bu gün bu rəqəm 60 minin ətrafında dəyişir. Avqustun 16-na olan məlumata istinadən, Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 1851 yoluxma faktı qeydə alınıb, 402 nəfər müalicə olunaraq sağalıb. Analiz nümunələri müsbət çıxan 17 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 369 min 853 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 339 min 327 nəfər müalicə olunaraq sağalıb, 5 min 170 nəfər vəfat edib. Aktiv xəstə sayı 25 min 356 nəfərdir. Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 min 695, bu günə qədər isə ümumilikdə 4 milyon 220 min 135 test icra olunub.

Əlbəttə ki, peyvənd yoluxmanın tamamilə aradan qaldırılmasına səbəb olmasa da ağırlaşma və ölüm hallarını kifayət qədər azaltmış olur. Bu baxımdan, mütəxəssislərin qənaətinə görə, kütləvi vaksinasiyanı sürətləndirməklə virusun öhdəsindən gəlmək mümkündür. Bu gün COVID-19-un "delta" ştammı yüksək yoluxduruculuqla yanaşı, yüksək öldürücülüyə də malik olduğunu unutmamalıyıq. Qonşu ölkələrdəki ölüm sayı bunun göstəricisidir. Virusun yeni ştamlarının qonşu ölkələrdə yayılması Azərbaycan üçün də bir həyəcan təbilidir. Xüsusilə, xroniki xəstəliklərdən əziyyət çəkənlər və yaşı 60-dan yuxarı olanlar risk qruplarına daxil olduğundan onların həyati təhlükəsi digərlərinə nisbətən daha çoxdur. Ona görə də risk qrupunda olanlar, eləcə də digər insanlar vaksin olunmaqdan yayınmamalı, öz həyatlarını və yaxınlarını bu ölümcül virusdan xilas etməlidirlər.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə