Azərbaycanın energetika sistemi beynəlxalq standartlar səviyyəsində - TƏHLİL

Azərbaycanın energetika sistemi beynəlxalq standartlar səviyyəsində - TƏHLİL

Prezident İlham Əliyev: “Elektroenergetika sahəsi hesab edirəm ki, çox böyük maraq doğurur və artıq həyat bunu təsdiqləyir”

Dünya enerji bazarında elektroenergetika sektoru xüsusi əhəmiyyət daşıyır və bu sahə investisiya tutumluluğuna görə, neft-qaz sektorundan sonra ikinici yerdə dayanır. Bir sıra Avropa ölkələrinin əsas invesitisiya bazarı kimi energetika daha önəmli yer tutur. Güclü enerji sisteminə malik olan Azərbaycan energetikası ümummilli lider Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində inkişaf etməkdə olan Azərbaycanın elektroenergetika sistemi özünün yeni inkişaf mərhələsinə qədəm qoyub.Hazırda dünyada pandemiyanın davam etməsinə və iqtisadi-maliyyə çətinliklərinə baxmayaraq, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial infrastrukturun daha da müasirləşdirilməsi, əhalinin sosial məsələlərinin həlli istiqamətində icra olunan layihələr uğurla və ardıcıl şəkildə davam edir. Bu layihələr arasında əhalinin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təminatı istiqamətində həyata keçirilən işlər xüsusi yer tutur. Son illərdə yeni müasir elektrik yarımstansiyalarının yaradılması, mövcudlarının əsaslı yenidən qurulması bu sahənin maddi-texniki bazasının daha da möhkəmləndirilməsində mühüm rol oynayır və nəticədə istehlakçıların etibarlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunmasını təmin edir.

Prezident İlham Əliyevin avqustun 6-da və 9-da əsaslı şəkildə yenidən qurulan “Suraxanı” və “Abşeron” yarımstansiyalarının açılışını etdi

Prezident İlham Əliyevin avqustun 6-da və 9-da əsaslı şəkildə yenidən qurulan “Suraxanı” və “Abşeron” yarımstansiyalarının açılışında iştirakı da dövlətimizin başçısının bu sahənin inkişafını daim diqqət mərkəzində saxlamasından xəbər verir.Xatırladaq ki, 1932-ci ildə tikilən “Suraxanı” yarımstansiyası istismar müddətini dəfələrlə keçmişdi və təbii ki, artan tələbatı qarşılaya bilmirdi. Məhz buna görə də, burada əsaslı şəkildə yenidənqurma işlərinin aparılması zərurəti yaranmışdı. Qeyd edək ki, obyektin layihəsində yarımstansiyanın sökülərək açıq tiplidən qapalı tipli variantda tam yenidən qurulması nəzərdə tutulmuşdu.Beləliklə, xüsusi layihə əsasında “Suraxanı” yarımstansiyasının gərginliyi dəyişdirilərək 110/20/6 kilovoltluqdan 110/35/6 kilovoltluğa keçirildi, bununla da itkilərin azaldılmasına nail olundu. Eyni zamanda, yarımstansiyanın transformatorlarının ümumi gücü də 126 meqavolt amperədək artırıldı. Bununla da müasir avadanlığın quraşdırılması nəticəsində yarımstansiyanın istismar xərclərinin azaldılması, işçi heyətin təhlükəsiz əmək fəaliyyətinə, avadanlıqların ətraf mühitin zərərli təsirindən qorunması və yarımstansiyanın daha səmərəli fəaliyyət göstərməsi kimi məsələlər öz həllini tapdı.

“Suraxanı” yarımstansiyası Suraxanı rayonunu, Sabunçu və Xəzər rayonlarının bir hissəsini, o cümlədən bir neçə digər sosial strateji və sosial infrastruktur obyektini elektrik enerjisi ilə təchiz edəcək.Prezident İlham Əliyev tərəfindən avqustun 9-da işə salınan 500/330/220 kilovoltluq “Abşeron” yarımstansiyası haqqında bəhs etməzdən əvvəl xatırladaq ki, ötən əsrin 70-ci illərinin əvvəlindən başlayaraq ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə elektroenergetika sahəsi sürətlə inkişaf edib. Məhz həmin dövrdə ümummilli liderin təşəbbüsü və birbaşa rəhbərliyi ilə Cənubi Qafqazda ən böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İES tikilib. Bakı şəhəri və Abşeron yarımadasının sürətlə artan tələbatını qarşılamaq üçün bu stansiyada istehsal olunan elektrik enerjisinin Abşeron yarımadasına ötürülməsi məqsədilə ölkənin ən böyük yarımstansiyası olan 500/330/220 kilovoltluq “Abşeron” yarımstansiyasının inşasına başlanılıb.

“Abşeron” yarımstansiyasında 40 ilə yaxın müddətdə istismarda olan avadanlıqlar köhnəldiyindən, yeni texnologiyalara cavab vermədiyindən və bütün bunlarla yanaşı, tələbat dəfələrlə artdığından istismarda ciddi problemlər yaranırdı. Məhz buna görə, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq ölkənin ən böyük yarımstansiyası olan “Abşeron” yarımstansiyasının əsaslı şəkildə yenidən qurulması qərara alındı.

Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixracatçı ölkəyə çevrilib

Dövlətimizin başçısının rəhbərliyi ilə son 18 ildə Azərbaycanda reallaşdırılan siyasət nəticəsində sosial məsələlərin həlli, o cümlədən əhalinin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təminatı baxımından olduqca mühüm layihələr həyata keçirilib. Və dünyada davam edən pandemiya və iqtisadi-maliyyə çətinlikləri fonunda da uğurla icra olunması Azərbaycan dövlətinin qüdrətini nümayiş etdirməklə bərabər, ölkəmizdə sosial infrastrukturun daha da müasirləşdirilməsi üçün atılan addımların ardıcıl olduğunu göstərir.

Eyni zamanda, Prezident İlham Əliyevin dəqiq müəyyənləşdirdiyi strateji hədəflər, düşünülmüş strategiya ilə Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixracatçı ölkəyə çevrilərək davamlı inkişafı ilə regionun lider dövləti statusuna sahib çıxıb. Dünya birliyinin etibarlı tərəfdaşı olan respublikamızın adının inkişaf etməkdə olan dövlətlər sırasında çəkilməsi isə qürurvericidir. Bu Qalib Liderimiz Prezident İlham Əliyevin yorulmaz, səmərəli fəaliyyəti ilə bağlıdır. Məhz bu siyasətin uğurlu nəticəsidir ki, hazırda Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, neft, qaz, deməli, yanacaq və elektrik enerjisini ixrac edir.

Postkonflikt dövründə isə işğaldan azad edilən ərazilərdə gedən bərpa-quruculuq işləri dövlətimizin başçısının xüsusi diqqətindədir

Bu istiqamətdə görülən işlər çərçivəsində işğaldan azad olunan ərazilərdə yeni güc mərkəzlərinin yaradılması və elektrik verilişi xətlərinin çəkilməsi üzrə tədbirlər həyata keçirilir. Belə ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən ərazilərdə bütün sahələrdə, o cümlədən elektrik enerjisinin təminatı sahəsində də geniş miqyaslı işlər görülməkdədir. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Fərmanına uyğun olaraq “Azərişıq” ASC işğaldan azad edilmiş ərazilərdə xüsusi dövlət əhəmiyyətli binaların elektrik enerjisi ilə təchizatının təcili təmin olunması üçün “Azərişıq Qarabağda” layihəsi çərçivəsində təxirəsalınmaz tədbirlər həyata keçirir.

Bu barədə verilən məlumatda deyilir ki, hazırda “Azərişıq” ASC-nin əməkdaşları cəbhəboyu bölgələrdə düşmənin mülkü obyektləri hədəfə alması nəticəsində dəyən zərəri aradan qaldırır və bərpa işlərini gecə-gündüz operativ şəkildə yerinə yetirirlər. İşğaldan azad olunan ərazilərdə yeni güc mərkəzlərinin yaradılması, ən müasir texnologiyalardan, elektron tipli rele mühafizəsi və avtomatika sistemlərini, məsafədən dispetçer idarəetmə sistemini tətbiq etməklə 110, 35 və 0,4 kilovoltluq şəbəkələrin yaradılması, 35 kilovoltluq özünüdaşıyan izolə olunmuş naqillərdən (ÖİN) istifadə etməklə elektrik verilişi xətlərinin çəkilməsi üzrə layihələr hazırlanıb, həmin layihələrin mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulub. Lakin nəzərdə tutulan layihələr yerinə yetirilənədək işğaldan azad edilmiş ərazilərdə xüsusi əhəmiyyət kəsb edən dövlət əhəmiyyətli binaların müvəqqəti elektrik təchizatının təcili təmin olunması üçün “Azərişıq Qarabağda” layihəsi çərçivəsində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb. Artıq Cəbrayıl şəhərində və Hadrut qəsəbəsində yerləşən xüsusi dövlət əhəmiyyətli binalar Horadiz yarımstansiyasından qidalanan yeni çəkilən elektrik veriliş xətti vasitəsilə elektrik enerjisi ilə təmin olunub. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti Şuşadakı Gövhər ağa məscidini elektrik enerjisi ilə təchiz edib.

Qeyd edək ki, Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərdə yararlı və yararsız bir çox enerji obyektləri mövcuddur ki, onlardan biri də Suqovuşanda yerləşən ümumi gücü 7,8 meqavaat olan “Suqovuşan-1” və “Suqovuşan-2” kiçik su elektrik stansiyalarıdır (KSES). Onlardan birinin gücü 4,8 meqavaat, digərinin gücü isə 3 meqavaatdır. “Azərenerji” ASC-dən bildirilib ki, erməni qəsbkarları bir çox sahələrdə olduğu kimi, bu KSES-lərə də zərər vurmağa, yararlı ehtiyat hissələrini söküb daşımağa, apara bilmədiklərini dağıtmağa macal tapsalar da, onların təmir və bərpa edilməsi mümkünsüz deyil. Belə ki, işğaldan azad edilən Suqovuşandakı su elektrik stansiyalarının maşın zalı, aqreqatları, generatorları, o cümlədən idarəetmə mərkəzinin binası, panellər, avadanlıqlar, yarımstansiyanın gərginlik və cərəyan transformatorları, açarlar, ayrıclar zədələnib və ya sıradan çıxıb.

Hazırda KSES-lərə dəymiş ziyan hesablanıb və bərpa edilməsi üçün layihələndirmə işləri həyata keçirilib. Layihəyə əsasən, işlər 3 ay müddətində həyata keçirilərək elektrik stansiyaları istismara veriləcək.Qarabağ və ətraf regionların enerji üzrə dəqiq potensialının müəyyənləşdirilməsi üçün addımlar atılacaq.Energetika Nazirliyindən verilən məlumata görə, işğaldan azad edilmiş ərazilərdə bərpaolunan enerji üzrə böyük potensiala malik olan rayonlar ayrı-ayrılıqda nəzərdən keçirilib, həmin rayonlarda külək və günəş enerjisi üzrə dəqiq potensialın müəyyən edilməsi üçün ölçü müşahidə stansiyalarının quraşdırılması, texniki imkanların və iqtisadi səmərəliliyin qiymətləndirilməsi üzrə görüləcək işlərlə bağlı təkliflər irəli sürülüb. İlkin olaraq Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli rayonlarının ərazisində yüksək günəş enerjisi potensialına malik ümumi sahəsi 14 min 427 hektar olan 8 potensial ərazi seçilib. Daha sonra Kəlbəcər və Laçın rayonlarının külək enerjisi resursları nəzərdən keçirilib. Bildirilib ki, Qarabağın dağlıq ərazilərində külək enerjisinin potensialı 500 meqavatdan yüksək qiymətləndirilir. Həmçinin, Azərbaycanda 25 faiz yerli su ehtiyatlarının Qarabağda formalaşdığı nəzərə alınmaqla, Tərtər, Bazarçay, Həkəri kimi əsas çaylar və onların qollarından elektrik enerjisi istehsalı məqsədi ilə istifadə perspektivləri də nəzərdən keçirilib. Bildirilib ki, Tərtər, Laçın və Kəlbəcər rayonlarının ərazisində yerləşən kiçik su elektrik stansiyalarında təmir-bərpa işlərinə başlamaq üçün hazırlıq işləri görülür.

Bir sözlə, işğaldan azad olunmuş ərazilərdə gur işıqlarımız yanacaq, hər yan nura qərq olacaq, energetiklərin hünəri, fədakar əməyi ilə göstərilən enerji xidməti dünya standartları səviyyəsinə qaldırılacaqdır.

R.KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə