Yolumuz Ağdamadır

Azərbaycan iqtisadiyyatının aparıcı sahəsinə çevrilən turizmin inkişafı istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən islahatlar, reallaşan dövlət proqramları bu sahənin yüksək səviyyədə qurulmasına müsbət təsirini göstərib. Qeyri-adi təbiəti ilə seçilən Azərbaycanın füsunkarlığı da turizm üçün əlverişli şərait yaradıb. Çoxsaylı tarixi abidələr, düzənlikdən yüksək dağ zonasına qədər bir-birini əvəzləyən gözəl təbiət mənzərələri, zəngin meşə örtüyü, əlverişli iqlim, gur dağ çayları, mineral və qeyri-mineral bulaqlar və s. turizmin inkişafı üçün mühüm amillər sırasında yer alır.

Bu gün 44 günlük müharibədən sonra Azərbaycanın işğaldan azad olunan ərazilərində də turizm imkanları genişləndiriləcək. Bu ərazilərdə olan potensial əminliklə demək olar ki, dünyanın bütün qitələrindən olan turistlərin həmin məkanlara səfər etməsinə səbəb olacaqdır. Turizm üçün bütün zəruri potensial Şuşada, Kəlbəcərdə, Zəngilanda və digər ərazilərimizdə mövcuddur. Bu ərazilərin flora və faunası, zəngin tarixi mədəniyyət abidələri xarici turistlər üçün cəlbedici olacaq.

30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımızda artıq abadlıq-quruculuq işlərinə başlanılıb. Erməni vandallarının işğalına və təcavüzünə məruz qalmış tarixi abidələrimiz təmir və bərpa olunacaq və Azərbaycanın turizm məkanlarının coğrafiyası daha geniş bir məkanı əhatə edəcək. Kəlbəcər rayonu ərazisindəki İstisu mineral suları, Şuşanın Cıdır düzü və saymaqla bitib-tükənməyən istirahət və müalicəvi məkanları dünyanın ən sayılıb-seçilən mərkəzləri olaraq diqqətdə olacaqdır.

AĞDAM DÜNYA ÜÇÜN ÖRNƏK OLACAQDIR

30 ilə yaxın el-obasından didərgin düşmüş insanların qəlbi hər zaman bu torpaqlara qayıdışla döyünüb. Nəhayət, həmin gün yetişib. Öz ocağına yenidən dönmək və onun istisini, nəfəsini duymaq qədər dünyada müqəddəs bir şey yoxdur. Bu gün zəngilanlıların, şuşalıların və digər ərazilərdən olan insanlarımızın əlçatmaz olan arzuları gerçəkliyə çevrilib. Nəhayət ki, yaxın günlərdə ağdamlılar "Yolumuz Ağdamadır", - deyərək, öz yurdlarına səfər səfər edəcəklər. 30 ildir ki, öz doğma məkanlarına gedə bilməyən sakinlərin ziyarəti təşkil ediləcəkdir. Bildiyimiz kimi, bu ilin əvvəlindən Qarabağ Turizm Marşrutları konsepsiyası hazırlanıb. Konsepsiyaya Ağdam və Füzuli-Xocavənd marşrutları daxildir. Ağdamlılar işğaldan azad olunan Ağdamda azad nəfəs alacaqlar. 20 noyabr 2020-ci il tarixində Ağdam rayonu Azərbaycan Respublikasına qaytarıldı və insanlar böyük bir sevinci, qələbə sevincini yaşadılar. Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatında öz əksini tapmış oldu. Rayon ərazisinin 88%-i 1993-cü il iyul ayının 23-də ermənilər tərəfindən işğal edilmişdir. Artıq Ağdamda abadlıq-quruculuq işlərinə başlanılıb. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarının birində bildirdiyi kimi, bütün nəzərdə tutulmuş planlar Baş Plan əsasında icra ediləcək və Ağdam şəhəri yenidən qurulacaq. Prezident onu da bildirib ki, "Biz elə bir şəhər quracağıq, elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaqdır".

AĞDAMIN GÖRMƏLİ YERLƏRİNDƏ TARİX YAŞAYIR

Artıq Ağdamda abadlıq-quruculuq işlərinə start verilib. Ağdamın yeni, qaynar bir dövrü başlayıb. Ermənilərin vaxtilə dağıtdığı din-mədəniyyət abidələrimiz, tarixi yerlər yenidən bərpa olunacaq. Bu gün artıq azad edilmiş torpaqlarda birinci Baş Plan artıq təsdiqlənib. Ağdam şəhəri üçün çox önəmli olan 1 saylı məktəbin, Sənaye Parkının, Bərdə-Ağdam avtomobil yolunun təməli qoyulub. Dövlət başçısının tövsiyə və göstərişləri əsasında Pənahəli Xan sarayının yerləşdiyi İmarət kompleksi, Qiyaslı məscidi, Şahbulaq qalasına yeni həyat bəxş ediləcək. Burada hələ görüləsi işlər çoxdur. Belə ki. bu şəhərdə 125 hektarlıq meşə zolağı salınacaq, süni göl yaradılacaqdır.

Buraya səfər edənləri heyrətləndirən çox məqamlar var. Görməli və gəzməli yerlərdə bir tarix yaşanır. 1868-1870-ci illərdə tikilmiş Ağdam Cümə məscidi Azərbaycan memarlığının incilərindən sayılır. Bu məscid də erməni təcavüzünün qurbanına çevrilmişdir. Məscidin minarələri daxildən sökülmüş, tavanı bir neçə yerdən uçurulmuş, dizayn və yazıları pozulmuşdur. Qutlu Musa türbəsi, Xanoğlu türbəsi, Şeyx Nigari türbəsi, Uğrulla bəyin türbəsi və s. bu şəhərin tarixinin qədimliyini özündə yaşadır. Tarixi memarlıq abidələri sırasında Pənah xanın imarəti, İki sandığa bənzər abidə, Karvansara, Hatəm Məlik qalası və digərləri hər bir kəsin diqqətində ola biləcək nümunələrdir ki, turistlərin marağında olacaqdır. Ağdamın turizm məkanlarından söz açarkən, Ağdam Çörək muzeyini xüsusi olaraq qeyd etməliyik. Azərbaycanın Ağdam şəhərində yaradılan Çörək muzeyi 25 noyabr 1983-cü ildə ilk ziyarətçilərini qəbul etmişdi. Muzeydə 2800-ə yaxın eksponat vardı. Qarabağ müharibəsində Ermənistan Silahlı Qüvvələrinin hücumları nəticəsində muzeyə iki dəfə mərmi düşmüşdü. Mənbələrdə qeyd olunur ki, muzeyin 2800-ə yaxın eksponatı arasında Ağdam ərazisindəki "Çalağan təpədə" arxeoloji qazıntılar zamanı aşkar edilmiş və yaşı 3000 ildən artıq olan daşlaşmış buğda da olub. Undan hazırlanan məhsullar, o cümlədən, Gəncə, Naxçıvan, Qarabağ, Gürcüstan, Dağıstan, Səmərqənddə bişirilən çörək növləri muzeyə gələn ziyarətçilərdə böyük maraq yaradırdı.

Ağdamdakı hər bir tarixi memarlıq abidələri, yaşayış məskənləri, sərdabələr, kurqanlar və s. müxtəlif tarixi dövrləri əks etdirir və bu məkanın tarixi dönəmlərdə inkişafda olduğunu bir daha göstərir. Belə bir şəhərə səfər edəcək turistlər zəngin təəssüratlarını hər kəslə paylaşacaqlar.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə