Dostluğa və qardaşlığa söykənən Azərbaycan-Türkiyə həmrəyliyi - TƏHLİL

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin "Bir millət, iki dövlət" və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" kəlamları son zamanların hadisələrində, ən çətin məqamlarda özünü bir daha doğrultmuş oldu. Azərbaycanın 44 günlük Vətən müharibəsinin od püskürən günlərində Türkiyə dost ölkə olaraq, Azərbaycanla həmrəylik nümayiş etdirdi. Dərdimizə, kədərimizə şərik oldu. Müharibənin ilk günündən sonuna qədər "Can Azərbaycan" deyib, yanımızdan bir an belə kənarlaşmadı. Mənəvi dəstəyi, gücü ilə dünyaya səc saldı ki, Türkiyə istənilən vəziyyətdə qardaş dediyi ölkənin - Azərbaycanın yanındadır. Belə də oldu. Qələbə sevincimizi birgə yaşadıq və bu gün Azərbaycanın işğaldan azad olunan ərazilərində Azərbaycan və Türkiyə bayraqları qoşa dalğalanır. Bundan fərəhləndirici və qürurverici nə ola bilər ki? Bu gün Azərbaycan da Türkiyəyə qarşı olan sevgisi ilə onun yanındadır. Türkiyə meşələrində yanğın başlanan andan Azərbaycan Türkiyəyə həmrəyliyini göstərdi.

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktubunda qardaş Türkiyənin müxtəlif bölgələrində baş vermiş güclü meşə yanğınları və onların törətdiyi fəsadlar barədə xəbərin bizi son dərəcə kədərləndirdiyini bildirib. "Sizin rəhbərliyiniz altında hökumətinizin atdığı qətiyyətli addımlar sayəsində əzmli və mübariz Türkiyə xalqı bu fəlakətin öhdəsindən tezliklə gələcəkdir", - deyən dövlət başçısı bildirib ki, Azərbaycan hökuməti və xalqı hər zaman olduğu kimi bu gün də qardaş Türkiyə xalqı ilə həmrəydir və onun yanındadır: "Dağıdıcı yanğınlar nəticəsində həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".

Qardaş Türkiyədə baş verən meşə yanğınları Azərbaycan xalqında böyük narahatçılıq doğurub. Bu, belə də olmalıdır. Dost dar gündə sınanar, deyiblər. Əlbəttə ki, təbiətə, canlılara qarşı etinasız yanaşmaq insanlıqdan kənardır. Belə bir məqamda bir məsəli xatırlatmaq yerinə düşər: "Meşə çoxdur tələf etmə, azdırsa, qoru, yoxdursa, ək". Axı, təbiət bizim bir parçamızdır. Meşə hər şeydən əvvəl, təmiz hava, su deməkdir. Meşələri elə bu səbəbdən, bəşəriyyətin "ağ ciyərləri" adlandırırlar. Bu ağ ciyərlər, insandan fərqli olaraq, oksigen udub, karbon qazı buraxmır. Karbon qazını udub, insan üçün zəruri olan oksigeni buraxır. Meşə yanğınları həm də meşə təsərrüfatına böyük ziyan vurmaq deməkdir. Burada çoxlu sayda ağaclar, heyvanat aləmi məhv olur. Dilsiz-ağızsız bu canlılara qarşı törədilən yanğın vəhşilik, terrordur. Təəssüf hissi ilə qeyd etməliyik ki, güclü yanğınlar nəticəsində insan itkisinə də təsadüf edilib. İnsanların evi-ocağı külə dönüb, evsiz-eşiksiz qalıb, infrastruktur sıradan çıxıb.

Belə bir vəziyyətdə Azərbaycanın Türkiyənin yanında olması qardaşlığa söykənir. Azərbaycan Türkiyəni bu çətin zamanında ondan qardaş əlini əsirgəməyib. Meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Türkiyəyə yardım dəstələri göndərilib. Dövlət başçısının tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət birinci qrup iyulun 30-da Türkiyəyə yola salınıb.

Daha sonra isə avqustun 1-də FHN-in daha bir yanğın-xilasetmə qrupu Türkiyəyə yola salınıb. İkinci qrupa bir helikopter, 53 yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikası, bir təcili tibbi yardım avtomobili, 220 yanğınsöndürən və xilasedici daxildir. FHN-in yanğınsöndürmə əməkdaşlarından, hava nəqliyyatı və texnikadan ibarət qüvvələri Türkiyədəki meşə yanğınlarına qarşı mübarizədə fəallıq göstərirlər. Yanğınlar zamanı həmyerlilərimizin fəadakarlığı türk qardaşlarımız tərəfindən rəğbətlə qarşılanıb. yanğınlar zamanı yanan evlərdən Türkiyə bayraqlarının çıxarılması da diqqəti çəkib. Azərbaycanlı yanğın söndürənlər əsl qardaşlıq, ərənlik nümayiş etdiriblər. Marmarisdə yanan evdən Türkiyə bayrağını çıxaran Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Kamil Dünyamalıyev yalnız bayrağı xilas edə bildiyini deyib: "Evə daxil oldum, baxdım ki, insan yoxdur. Bayrağı gördüm və özümlə götürdüm. İnsan necə önəmlidirsə, bayraq da o qədər önəmlidir. Son canımıza qədər Türkiyənin yanındayıq".

Digər yanğınsöndürənimiz isə Tural Məmmədov həmkaranının nümunəvi addımını təkrarlayıb: "Türkiyə bayrağı bizim bayraqdır. Azərbaycan, yaxud Türkiyə bayrağı, heç bir fərqi yoxdur". Bu, hər şeydən uca olan bayrağa münasibətdir.

Türkiyədə tüğyan edən meşə yanğınlarında azərbaycanlıların can yandırması qardaşlıq, bir can olmağımızın rəmzidir. Türkiyəli qardaşlarımızın Azərbaycana qarşı münasibəti də qürurvericidir. Yerli əhali tərəfindən Azərbaycan yanğınsöndürənlərinin göstərdiyi bu fədakarlıq yüksək dəyərləndirilir.Sosial media hesabı vasitəsilə fikirlərini ifadə edən Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədəki meşə yanğınları ilə mübarizəyə dəstək verən, başsağlığı göndərən, kömək etməyə hazır olduqlarını bildirən və yardım göndərən bütün dost ölkələrə və təşkilatlara milləti adından təşəkkür edib. Bu çətin dövrü ən qısa zamanda geridə qoyacaqlarını bildirən Rəcəb Tayyib Ərdoğan bildirib: "İlk andan etibarən göstərdikləri dəstəyə görə, xüsusilə, Azərbaycan Prezidentinə, əziz dostum İlham Əliyevə, Rusiya Prezidenti Vladimir Putinə və İspaniyanın Baş naziri Pedro Sançesə ölkəm adından təşəkkürümü bildirirəm. Güclü həmrəyliyinə görə qonşumuz İran Prezidenti İbrahim Rəisiyə, Qətər Əmiri Şeyx Təmimə, Xorvatiya Prezidenti Zoran Milanoviçə və Ukrayna Prezidenti Vladimir Zelenskiyə təşəkkürümü bildirirəm".

Son günün reallıqları, sınağı bizə bir daha deməyə əsas verir ki, iki qardaş dövlətin dostluğu əbədi və sarsılmazdır. Tarixən, bu belə olub və olacaqdır.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə