Əli Kərimlinin trollinq “siyasəti” necə ifşa olundu? MÜXALİFƏT+FOTOLAR

Əli Kərimlinin trollinq “siyasəti” necə ifşa olundu? MÜXALİFƏT+FOTOLAR

AXCP sədri danışdıqca öz bəd əməllərini daha çox üzə çıxarır

AXCP-də baş verən istefalar və bu istefaların fonunda ona qarşı yürüdülən ittihamlardan biri də sədr Əli Kərimlinin partiyadaşlarına qarşı avtoritar münasibət nümayiş etdirməsidir. Nə maddi, nə də insani baxımdan nə xeyirə, nə də şərə yarayan AXCP sədrinin əsas işi-gücü isə sosial şəbəkələrə yerləşdirdiyi trollarını onu tənqid edənlərə qarşı söyüş söydürməkdən ibarət olur. O, nə qədər iddia etsə də ki, həmin vasitəni istifadə etmir, ortaya çıxan faktlar tamamilə əksini göstərir.

Daha çox sosial şəbəkələrdə fəaliyyət göstərən gənclər də, əslində, Əli Kərimlinin söyüş, təhqir kampaniyalarının baş icraçısı olduğunu dəfələrlə üzə çıxarıblar. Misal üçün, YAP-ın gənclər qolunun sosial şəbəkələrdəki fəallarından olan Anar Şahmuradlı olduqca maraqlı və diqqətçəkən sübutları araşdıraraq tapıb və Facebook sosial şəbəkəsində ictimailəşdirib.

SİA xəbər verir ki, onun qeyd etdiyinə görə, Əli Kərimlinin Kəramət Böyükçölə verdiyi müsahibəsində danışdığı daha bir yalanı faktlarla sübut etmək heç də çətin məsələ deyil. SİTAT: “Adam deyir ki, siyasətdə söyüş və təhqirin əleyhinədir. Ancaq o, sadəcə, efirə belə deyir. Nə əleyhinədir?! Elə əsl işi ona qarşı əks arqumentlə çıxış edən istənilən şəxsi söydürüb, təhqir etdirməkdən ibarətdir. Bütün bunları cəbhəçilərin sosial şəbəkələrdəki iyrənc əməllərinə əsaslanaraq deyirəm”.

Gənc fəal haqlı olaraq arqumentlərə söykənən suallarını da ünvanlayıb. “Əgər həqiqətən də Əli Kərimli söyüş və təhqirin əleyhinədirsə, o zaman nə üçün sosial şəbəkələrdə bu cür yaramazlıqları edən cəbhəçilərə qarşı bir tədbir görmür? Olmaya Əli Kərimlinin buna partiya sədri olaraq ixtiyarı çatmır?”, sualını verən gənc onu da qeyd edib ki, əgər Əli Kərimlinin müsahibəsində dediklərini həqiqət kimi qəbul etsək, o zaman belə anlaşılır ki, cəbhəçilər onu sədr kimi saymır, onu eşitmir və öz bildikləri ilə məşğul olurlar: “Bir sözlə, Əli Kərimlinin sözləri ilə əməli üst-üstə düşmür. Ortada iki variant var. Birinci variant, Əli Kərimli həqiqətən də bu işlərin başında şəxsən özü durur. İkinci variant, Əli Kərimli söyüş və təhqirin əleyhinədir, cəbhəçilər onu saymır, öz bildiklərini edirlər. Hər iki halda Əli Kərimlinin acizliyi, səriştəsizliyi üzə çıxmış olur. Əli Kərimli bu “kompetensiyalarlamı” xalqa, ölkəyə, dövlətə rəhbərlik iddiasınadır? Hesab edirəm ki, Azərbaycan xalqı bir daha 1992-1993-cü illərə qayıtmaq istəməz! Odur ki, Əli Kərimli və cəbhəçiləri elə AXCP-dəki “qısa-qapanmalarla” yaşasalar məsləhətdi! Azərbaycan cəmiyyəti üçün AXCP adına bağlı heç nə lazım deyil, bir halda hər şey mədəniyyətdən başlayır, elə “cəbhəçi mədəniyyəti” də ancaq söyüşdən, təhqirdən ibarətdir! Allah onların “idarəçilik mədəniyyəti”ndən qorusunun xalqımızı...”.

Görünən isə budur ki, faktı inkar etmək mümkün deyil, hətta AXCP sədri olaraq özünü zorla ictimai rəyə sırıyan Əli Kərimli nə qədər ona qarşı olan iddiaları inkar edərsə, özünü bir o qədər də ifşa etmiş olacaq. Sonda isə qeyd etmək yerinə düşərdi ki, siyasətdə söyüş söymək, təhqirlərə yol vermək çıxılmazlığın, zəifliyin aşkar əlamətidir. Bunu isə ortaya çıxan və təqdim edilən isbatlardan da sezmək elə də çətinlik yaratmır – Əli Kərimlinin trollinq “siyasəti” fonunda...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə