İrəvan məhv edilmiş 8 min hərbçisindən 5 mininin adını gizlədir ANALİTİKA

Həlak olanlar haqqında təqribi təsəvvürü “Yerablurda” və ətraf qəsəbələrdə yeni qazılmış minlərlə məzarların sayından da bilmək mümkündür

Ermənistanın Azərbaycan qarşısındakı kapitulyasiya aktından 9 aya yaxın vaxtın keçməsinə baxmayaraq, respublika hakimiyyəti hələ də İkinci Qarabağ müharibəsində ölən hərbçilərinin dəqiq sayını açıqlamır və hər vəchlə gizlətməyə çalışır. Bu barədə erməni KİV-ləri də yazırlar. Onların proqnozlarına görə, minlərlə öldürülmüş erməni hərbçilərinin adları hələ də ictimaiyyətə açıqlanmayıb. Bundan əlavə, hətta Ermənistanın Müdafiə Nazirliyi geriyə qaytarılmayacaq canlı itkilərin sonuncu sayından ya bixəbərdirlər, ya da məlumatı qəsdən gizlədirlər.

Ermənistanın “Qolos Armenii” adlı rusdilli müxalifət qəzetinin yazdığına görə, hazırkı gündə cəmi 3 min nəfər hərbçinin adları məlumdur. Lakin daha 2 mininin ad və soyadları ictimailəşdirilməyib.

KİV-lər öz gücləri hesabına həlak olanların adlarını müəyyən etməyə cəhd göstəriblər

“Üstəlik, siyahılarda kifayət qədər qeyri-dəqiqliklər mövcuddur. Həlak olanlar haqqında təqribi təsəvvürü “Yerablurda” (İrəvandakı hərbi məzarlıq) və ətraf qəsəbələrdə yeni qazılmış minlərlə məzarların sayından da bilmək mümkündür.

Sonuncu dəfə isə həlak olanlar haqqında siyahı cari ilin 16 aprelində təqdim edilmişdi. Lakin buna yerli informasiya blokadasına baxmayaraq, KİV-lər öz gücləri hesabına həlak olanların adlarını müəyyən etməyə cəhd göstəriblər. Məsələn, “Razminfo” mütəmadi olaraq rəsmi siyahılara düşməmiş yüzlərlə hərbçinin adlarını ictimailəşdirib.

Bu yaxınlardakı hesablamalara görə, 11 noyabrdan sonra ən azı 66 nəfər həlak olanlar haqqında məlumat verilib. Hətta Qarabağda müharibənin başa çatmasından 9 ay sonra belə, erməni hərbçilərinin qalıqları tapılmaqda davam edir.

Müharibə zamanı hərbi vəziyyət olduğu üçün, KİV-lərə həlak olanların dəfn mərasimlərini işıqlandırmaq, onların yaxınları və qohumları ilə söhbətlər aparmaq, müsahibələr almaq qadağaları qoyulmuşdu. Ancaq bununla yanaşı, mükafatlar və təltiflər də bol-bol verilirdi.

Layiq olmayanlar mükafatlandırılır, onlara təltiflər verilirdi

Mükafat və təltifləri hətta kütləvi şəkildə və anlaşılmayan mühitlərdə, eləcə də əsaslandırılmadan verirdilər, onların belə bir şərəfə nəyə görə layiq görülmələri sual altında qalırdı.

“Misal üçün, müharibə vaxtı Ermənistanın “milli qəhrəmanları” adlarına hazırkı fövqəladə hallar naziri Andanik Piloyan və Baş qərargah rəisinin keçmiş birinci müavini Tiqran Xaçatryan layiq görülüblər. Maraqlıdır, onlar uduzduğumuz müharibədə hansı xidmətlərinə görə belə təcili, istisnasız adlara layiq görülüblər?”, “Qolos Armenii” nəşri sual edir.

Yeri gəlmişkən, bizdə olan məlumatlara, eləcə də sosial şəbəkələrin erməni seqmentlərinin informasiyalarına görə İkinci Qarabağ müharibəsində Ermənistan SQ-nin 8 000-dən çox hərbi qulluqçusu məhv edilib, yəni 5 mininin adı gizlədilir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə