“Sülh yolu” Zəngəzur dəhlizi -TƏHLİL

Qırx dörd gün davam edən, dastana bənzər, əfsanəvi cəsurluq nümunəsi olan mübarizədən sonra 30 illik işğala son qoyuldu. Ermənistan tərəfinin işğalına məruz qalan ərazilər geri qaytarıldı, tarixi ədalət, hətta on illər boyu ermənilər tərəfindən pozulan beynəlxalq hüquq Ali Baş Komandanın, Azərbaycan Prezidentinin rəhbərliyi, ordumuzun şücaəti, əzmi və xalqımızın birliyi, həmrəyliyi sayəsində bərpa edildi. İşğalçı ölkə, onun rəhbəri təslim sənədinə, kapitulyasiya sənədinə imza atmaq məcburiyyəti qarşısında qoyuldu və biz də mükəmməl qələbəyə imza atdıq. Bu qələbənin fonunda təkcə ölkəmiz üçün deyil, bütövlükdə türk dünyası üçün qiymətli, dəyərli olan Zəngəzur dəhlizi barədə razılığa gəlindi, hansı ki, bu dəhliz bütün türkdilli ölkələri daha yaxından birləşdirəcək.

Zəngəzur dəhlizinin bizim üçün vacibliyi, önəmi və əhəmiyyətinin nədən ibarət olduğunu hər kəs bilir. Hətta ermənilər özləri də yaxşı bilirlər ki, Zəngəzurdan keçəcək nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək. Bunun isə əslində, təkcə Azərbaycanı deyil, bütövlükdə türdilli xalqları özünə düşmən hesab edən ermənilər, Ermənistan dövləti üçün nə demək olduğu təsəvvür etmək çətin deyil. Elə bu səbəbdən də, az qala ermənilər Zəngəzur dəhlizi ilə bağlı razılaşmanı, müharibədə qarşılaşdıqları, qəbul etmək məcburiyyətində qaldıqları məğlubiyyət qədər böyük faciə hesab edirlər. Çünki qardaş xalqların birləşməsi, qüvvələrinin artması, imkanlarının daha da genişlənməsini erməni əsillilər, ələlxüsus türklərə qarşı nifrət hissi ilə yaşayanlar özlərinə zərbə hesab edirlər. Halbuki, işğalçılıq siyasətindən, separatçılıqdan əl çəkib normal münasibətlər, qonşuluq əlaqələri, əməkdaşlıq qurmaq istəsələr sözügedən dəhliz onların özləri üçün də faydala olar. Bu dəhliz ermənilər, Ermənistan dövləti üçün iqtisadiyyatının, bir dövlət olaraq ayaqda qalması analmına gərir. Amma görünür işğalçılıq siyasəti, Türk əsillilərə qarşı nifrət hissi ermənilərin gözünü elə tutub ki, əksəriyyəti bunu görə bilmirlər. Əfsus ki, erməniləri maraqlandıran tamam başqa məqamdır və hər zaman kimlərə isə alət olmağa, bunun əvəzində vəsaitlər əldə edib mövcudluğunu qorumağa, davam etdirməyə alışımış toplum üçün görünür bu başa düşülən deyil.

Müharibənin Azərbaycanın qələbəsi ilə bitməsi nəticəsində heç şübhəsiz ki, yeni imkanlar yarandı ki, bu imkanlar içərisində ən önəmlilərindən biri də nəqliyyat imakanlarıdır. Zəngəzurun bir zaman Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi Türk dünyasının coğrafi parçalanması siyasəti, strategiası idi. Etiraf edək ki, o zaman buna nail olunmuşdu da. Amma indi əksinə, bu dəhlizin yaradılması ilə qardaş xalqlar və dövlətlər coğrafi baxımdan da birləşir və məhz buna görə də cəsarətlə deyə bilərik ki, qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq.

Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda Prezident İlham Əliyevin tələbi ilə ölkəmiz üçün və eləcə də region üçün çox vacib olan 9-cu maddənin salınması xüsusilə mühüm diplomatik qələbədir. Həmin maddə təkcə Naxçıvanla birbaşa əlaqənin bərpası, muxtar respublikanın nəqliyyat blokadasından çıxması demək deil, bu, eləcə də Çindən, Asiyadan Türk Şurasına üzv ölkələrdən Qərbə doğru yeni nəqliyyat qapısının açılması anlamına gəlir. Zəngəzur dəhlizinin açılması, bununla da Naxçıvana dəmir yolu əlaqəsinin bərpası Şərq-Qərb, Şimal-Cənub dəhlizləri ilə bağlı yeni şərait deməkdir. Zəngəzur dəhlizi nəhəng geosiyasi və iqtisadi layihə kimi mühüm əhəmiyyət kəsb edir. Bu dəhliz sayəsində gələcəkdə region dövlətləri ilə yanaşı türkdilli ölkələr də marşrutdan yararlana biləcəklər və bu baxımdan Zəngəzur dəhlizi olduqca vacib və strateji əhəmiyyətlidir. Bu dəhliz eləcə də alternativ rolunu oynaya bilər. Beləki, əgər hərhansı bir səbəbdən, məsələn, texnogen qəzalar səbəbindən Bakı-Tbilisi-Qars marşrutu fəaliyyətini dayandırarsa, yüklərin Çindən Avropaya daşınması üçün Azərbaycan-Naxçıvan-Türkiyə marşrutu əvəzsiz ola bilər.

Etiraf edilməlidir ki, ikinci Qarabağ müharibəsinin nəticəsi region üçün böyük şanslar vəd edir. Danılmazdır ki, tarixdə ilk dəfə regionun böyük intibah dövrünün yaşanmasına əsaslı zəmin yaranıb. Azərbaycan tərəfinin müharibədədən sonra yaratdığı reallıq regionu əməkdaşlığa, inkişafa və sülhə çağırır. Azərbaycan diqtə edən tərəf kimi artıq regionda münaqişə və buna bənzər qarşıdurmalardan çəkindirmək üçün imkanlara malikdir. Ölkəmiz regionun adının münaqişə ocağı kimi adlandırılmasına son qoyur, bölgənin sülh, əmin-amanlıq, inkişaf bölgəsi olduğunu bütün dünyaya belə bəyan edir, həmçinin göstərir. Təbii ki, bunun üçün hər şeydən öncə kommunikasiya xətlərinin açılması vacibdir və Zəngəzur dəhlizi bu baxımdan əvəzsizdir. Zəngəzur dəhlizinin əldə olunması tarixi uğurdur və həm də regionu terrorun, münaqişələrin məngənəsindən xilas edən möhtəşəm layihədir, hansı ki, bundan Ermənistan tərəfi də düşünülmüş şəkildə istifadə edə, münaqişələrdən, mənasız və özlərini məhvə sürükləyən ambisiyalardan xilas edə bilər. Zəngəzur dəhlizi tarixi ipək yolunu bərpa edir, Pekindən Londona qədər nəhəng nəqliyyat dəhlizini belə özündə birləşdirir.

Doğrudur, bu gün Ermənistan cəmiyyətində, ələlxüsus Qərb dövlətlərinin oyunlarına alət olmağa hazırlaşanlar revanşist qüvvələr Azərbaycanın təklif etdiyi nəqliyyat dəhlizini tamamilə başqa şəkildə təqdim etməyə çalışır. İndi həmin qüvvələr iddia edirlər ki, Zəngəzur dəhlizi Türk dünyasının qopmuş əlaqəsini bərpa etməkdən başqa bir şey deyil və bu fikri də yaymağa, bu istiqamətdə təbliğat aparmağa çalışırlar. Amma son hadisələr, daha doğrusu, Zəngəzur dəhlizinin də yer aldığı 10 noyabr razılaşmasına imza atan Nikol Paşinyanın yenidən baş nazir seçilməsi təsdiq edir ki, həmin o qüvvələrin istər erməni xalqından, istərsə beynəlxalq ictimaiyyətdən ciddi dəstək alacağı heç ağlasığan da deyil. İndi erməni cəmiyyəti anlamaq məcburiyyətindədir ki, Ermənistanın iqtisadi vəziyyəti çox acınacaqlıdır və xalq indi populist çıxışlara dəstək vermək əvəzinə reallıqla, məğlubiyyətlə barışmalı, doğru yolla getməyi üstün tutmalıdır. Doğru yol isə qonşularla əlaqələrin, əməkdaşlığın bərpasıdır ki, bu yolda da Zəngəzur dəhlizinin rolu əvəzsizdir. Təbii ki, erməni xalqı, erməni cəmiyyəti revanşist ideyaların ölkəni uçuruma aparacağını atıq dərk edib. Ötən əsrin sonların bu cür ideyaların sonda onlar üçün hansı nəticələr verdiyini gördülər və indi ən axmaq erməni belə dərk etməlidir ki, Zəngəzur layihəsi Ermənistanın yeganə xilas yolu ola bilər.

Bəli, Zəngəzur dəhlizinin iqtisadi əhəmiyyəti danılmazdır və iqtisadi baxımından nə demək olduğu heç kim üçün müəmmalı deyil. Bu dəhlizin iqtisadi əhəmiyyəti Ermənistanın özü üçün də danılmazdır, təbii ki, işğalçı tərəf bunu anlamağa çalışsa. Amma bir məsələ də var ki, bu dəhliz, bu yol təkcə iqtisadi əlaqələr üçün nəzərdə tutulan yol deyil, eləcə də “sülh, əmin-amanlıq, sabitlik yolu” hesab olunmalıdır. Bu yol sülhün bərqərar olması üçün əvəzsiz bir fürsətdir ki, bunu ermənilər özləri də dəyərləndirməlidirlər. Daha dəqiq desək, bu dəhlizin, bu yolun açılmasında müharibədə və diplomatik müstəvidə, beynəlxalq platformalarda belə qalib tərəf olan Azərbaycandan da çox məğlub tərəf, uduzan, acınacaqlı vəziyyətə düşən Ermənistan tərəfi maraqlı olmalıdır. Çünki bu yolun açılması ilə Ermənistan həm iqtisadi, həm də digər blokada vəziyyətindən çıxma şansı qazanır. Bir sözlə, Zəngəzur dəhlizi marginallaşmış Ermənistan üçün göydən düşmə bir şansdır ki, özünü təcrid vəziyyətindən, hətta məhv olmaqdan xilas etsin. Əksini düşünməyə bu işğalçı ölkənin imkanı belə yoxdur. Çünki, əvvəla üçtərəfli razılaşdırılmış və imzalanmış sənəd var və bu sənədin tələbləri qarşısında Ermənistan cavabdehdir. Digər tərəfdən də hər şeyini itirən, hərbisi, maddi imkanı olmayan, ordudan belə demək olar ki, məhrum olan və səfalət içərisində olan bir ölkə hansı başqa dilemma ilə çıxış etmək şansına malik ola bilər axı?

Həqiqətən də Zəngəzur dəhlizi ermənilərin özləri üçün, bütövlükdə Ermənistan dövlətinin özü üçün, sözün əsl mənasında, bir fürsətdir. Bu, elə bir fürsətdir ki, bununla Ermənistan dövləti bu fürsət sayəsində qlobal güc sayılan Türkiyə ilə, Azərbaycanla əməkdaşlıq etmək şansı qazanır. Artıq Ermənistan 44 günlük müharibədən sonra ortaya çıxan reallıqları anlamalı, xarici havadarlarının yönləndirmələri ilə Türkiyə və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməli, özü-özünü sürüklədiyi ağır vəziyyətdən çıxmağa can atmalıdır və bunun üçün Zəngəzur dəhlizini düzgün qiymətləndirərək, bu məsələyə qarşı gəlməməlidir, əksinə, böyük həvəslə buna qol qoymalıdır. Əks halda bütövlükdə erməni cəmiyyəti məhv olma astanasında olduqlarını qəbul etməlidir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə