"Bəyannamə qəbul olunan qərar hədəflərin təqdimatıdır" - Malik Həsənov

“Dövrün, zamanın çağırışları yeni əməkdaşlıq formatlarının yaradılmasını, səylərin birləşdirilməsini bir zərurətə çevirir. Azərbaycanın irəli sürdüyü təşəbbüslər, qəbul etdiyi qərarlar yalnız özünün inkişafına deyil, ümumilikdə regionun və dünyanın siyasi mənzərəsinə öz müsbət təsirini göstərir. Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, imzalanan sənəd, qəbul olunan qərar gələcəyə hədəflənmiş addım olmaqla yanaşı, hər bir ölkənin imkanlarının təqdimatıdır. İyulun 27-də təməli qoyulan üçtərəfli - Azərbaycan-Türkiyə-Pakistan parlamentlərarası əməkdaşlıq platforması dost, qardaş ölkələr arasında münasibətlərin daha da inkişafına böyük töhfə olacaq. Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin bir araya gəlməsi təşəbbüsünün müəllifi ölkəmizdir”. SİA-nın verdiyi məlumata görə, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

M.Həsənov qeyd edib ki, Azərbaycanın düşünülmüş və məqsədyönlü siyasətinə əsaslanan təşəbbüslərinin daim dəstək qazanması qürurvericidir: “Bu, ölkəmizin regionda və beynəlxalq münasibətlər sistemində artan roluna, nüfuzuna söykənir. Təsadüfi deyil ki, Azərbaycan dünyada təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanınır. Ölkəmizin təşəbbüsü ilə dövlət başçıları, xarici işlər nazirləri səviyyəsində əməkdaşlıq formatları sırasına parlamentlərarası platformanın da daxil edilməsi, ilk görüşün Azərbaycanda keçirilməsi və sonda Bakı Bəyannaməsinin qəbul olunması 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizin yaratdığı reallıqların qarşıya qoyduğu hədəflərin həyata keçirilməsində ölkəmizin nə qədər maraqlı olduğunu nümayiş etdirir”.

Millət vəkili onu da vurğulayıb ki, tarixi köklərə malik olan Azərbaycan-Türkiyə-Pakistan münasibətləri hazırda yeni mərhələdədir: “Bunu istər Vətən müharibəsindən əvvəl, istər müharibə, istərsə də postmüharibə dövrünün reallıqlarının təhlili təsdiqləyir. Ölkə Prezidenti İlham Əliyev iyulun 27-də Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysərin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən Pakistan, Türkiyə və Azərbaycan parlamentlərinin sədrlərinin üçtərəfli görüşünün əhəmiyyətini önə çəkərək bu mühüm addımın qardaş ölkələr arasında üçtərəfli tərəfdaşlığın inkişafı işinə xidmət edəcəyini xüsusi qeyd etmişdir.

"Azərbaycan daim yeniləşməyə, təkmilləşməyə maraqlı olan ölkə kimi diqqətdədir. Üçtərəfli parlametlərarası platformanın formalaşması hər bir ölkənin inkişafında parlamentin roluna, qəbul olunan yeni, təkmil qanunların yol açdığı uğurlara işıq salır. Pakistan və Azərbaycan bütün məsələlərdə hər zaman bir-birini dəstəkləyən qardaş ölkələrdir. Türkiyə və Azərbaycan qədər dünyada biri-birinə bağlı olan dövlətlər yoxdur. Dostluq, qardaşlıq prinsiplərinə söykənərək yaradılan parlamentlərarası birlik illər keçdikcə daha da möhkəmlənərək təcrübə mübadiləsinin genişlənməsi fonunda daha təkmil qanunların qəbuluna öz müsbət təsirini göstərəcək”, - deyə Malik Həsənov bildirib.

Millət vəkili, həmçinin bu formatın yaradılması və möhkəmləndirilməsi ilə həqiqətlərimizin təbliğinə veriləcək töhfələrdən də bəhs edib: “Dünya hüquq problemini yaşadığı bir zamanda ikili siyasətin sona çatdığını düşünmək mümkünsüzdür. Bu baxımdan beynəlxalq aləmdə qərəzli və ədalətsiz yanaşmaların mövcudluğuna və getdikcə artmasına qardaş dövlətlərin parlamentləri sərt mövqelərini ortaya qoymalıdırlar. Bu birlik üç ölkə arasında ortaq milli maraqlarımızın beynəlxalq cəviyyədə müdafiəsini təmin edəcək. Parlament sədrlərinin üçtərəfli görüşünün yaxşı imkanlar yaratdığını bildirən Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysər Pakistanda Azərbaycan və Türkiyə mədəniyyət mərkəzlərinin yaradılması təşəbbüsü ilə də çıxış edib. Ümumilikdə imzalanan Bakı Bəyannaməsi əlaqələrimizin inkişafına baxış əsasında qarşıdakı dövr üçün görüləcək işləri özündə ehtiva edir. Azərbaycan, Türkiyə və Pakistanın parlament sədrlərinin ikinci üçtərəfli görüşünün 2022-ci ildə İslamabad şəhərində keçirilməsi qərarı bir çox məqamlara işıq salır. Tərəflər parlament sədrləri səviyyəsində platformanın yaradılmasından məmnundurlar, uğurlu başlanğıca əsaslanaraq hədəflərə vaxtında və yüksək səviyyədə nail olacaqlarına əminliklərini ifadə edirlər”. yap.org.az

Bütün xəbərlər Facebook səhifəmizdə