COVID-19 pandemiyası ilə mübarizədə vaksinasiya qaçılmazdır TƏHLİL
Bu günə qədər ölkəmizdə 4 milyon 500 min dozadan çox vaksin vurulub
Bütün dünya üçün təhlükəli virusa çevrilən COVID-19 pandemiyası ilə mübarizə hələ də davam edir. Azərbaycanda da koronavirus pandemiyası ilə mübarizə məqsədi ilə qabaqlayıcı tədbirlər görülür. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirusun yayılmasınının 2020-ci il martın 11-də pandemiya elan edilməsindən sonra respublikamızda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması yönündə effektiv tədbirlər həyata keçirilir. Azərbaycanda COVID-19 koronavirus infeksiyasına ölkədə ilk yoluxma hadisəsi 2020-ci il fevralın 28-də qeydə alındı. Yoluxma həmin tarixdən bu günə qədər davam etməkdədir. Azərbaycanda koronavirusun geniş yayılmasının qarşısını almaq məqsədilə bütün zəruri, qabaqlayıcı addımlar atılıb. Bir müddət əvvəl ölkəmizdə bu virusa yoluxanların sayına ciddi dəyişikliklər – azalma müşahidə olunsa da, son günlər iki rəqəmi üç rəqəmlər əvəz etməyə başlayıb. Əlbəttə ki, bu narahatlıq doğurmaya bilməz.
Ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmada kəskin artım müşahidə olunmaqdadır. Epidemioloji vəziyyətin getdikcə gərginləşməsi bir sıra ölkələrdə, eləcə də Azərbaycanda sərt karantin tədbirlərinin yenidən tətbiq olunmasını şərtləndirə bilər.Əlbəttə ki, pandemiyadan yeganə çıxış yolu əhalidə virusa qarşı kollektiv immunitetin formalaşmasıdır. Kollektiv immunitetin qısa müddətdə və təhlükəsiz yolla formalaşması yalnız vaksinasiya ilə mümkündür. Qeyd etdiyimiz kimi, ölkədə kollektiv immunitetin formalaşması istiqamətində artıq bir sıra tədbirlər görülmüşdür. Artıq COVID-19 pasportu tələb olunan iş və xidmət sahələri işçilərinin azı 80 faizinin COVID-19 pasportuna malik olması, habelə toy mərasimləri keçirilən məkanlara və idman obyektlərinə daxil olmaq istəyən şəxslərin sözügedən pasporta sahib olması mütləq tələb kimi müəyyən edilmişdir. Həyata keçirilən tədbirlərin davamı olaraq, ölkə əhalisinin sağlamlığının qorunması və vaksinasiya prosesinin sürətləndirilməsi məqsədi ilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qərar qəbul edilib.
Operativ Qərargahın qərarına əsasən, 2021-ci il 1 sentyabr tarixindən etibarən dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, habelə aşağıda qeyd olunan müəssisələrin işçilərinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci dozapeyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunur:
- çalışan işçi heyətin potensial xəstələrlə daimi təmasda olduqları nəzərə alınaraq, mülkiyyət formasından asılı olmayaraq bütün tibb və əczaçılıq müəssisələri;
- əyani dərslərin davamlı və təhlükəsiz bərpası məqsədilə mülkiyyət formasından asılı olmayaraq bütün elm və təhsil müəssisələri;
- insanların sıx toplaşması və yoluxma riskinin yüksək olması nəzərə alınaraq, siyahısı müvafiq Qərarla təsdiq olunan iş və xidmət sahələrində fəaliyyət göstərən müəssisələr.
Ali və orta-ixtisas təhsili müəssisələrində təhsil alan yaşı 18-dən yuxarı olan şəxslər əyani dərslərə yalnız COVİD-19 pasportuna malik olduqları halda buraxılacaqlar. Əlavə olaraq, yaşı 18-dən yuxarı olan şəxslər ictimai iaşə müəssisələrinin, mehmanxanaların və iri ticarət mərkəzlərinin qapalı məkanlarında göstərilən xidmətlərindən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə biləcəklər. COVİD-19 pasportlarının operativ verifikasiyasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən müvafiq tətbiqetmə artıq yaradılmış və qısa müddətdə istifadəyə veriləcəkdir.
Tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə, sosial məsafənin qorunması və əl gigiyenası kimi ümumi qaydalara, habelə tətbiq edilən digər tələblərə riayət olunmasını təmin etmək məqsədilə müvafiq nəzarət tədbirlərinin icrasına davam ediləcək, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması aşkar edildiyi hallarda fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb ediləcəklər. Bu günün reallığı onu deməyə əsas verir ki, koronovirusa qalib gəlməyin yeganə yolu vaksinasiya olunmaqdır. Bu gün artıq Azərbaycan da daxil olmaqla bir çox ölkələrdə əhali koronavirusa qarşı peyvənd olunur. Vaksinasiyaya start verən Avropa İttifaqından bir ay sonra Azərbaycanda bu prosesə başlanılıb. Azərbaycan Cənubi Qafqazda isə ilk olaraq vaksinasiya işlərinə start vermiş ölkədir. Ölkəmizdə koronavirus əleyhinə vaksinasiya prosesi 2021-ci il yanvarın 18-də başlayıb. Bu proses 2021-2022-ci illər üçün təsdiqlənmiş Vaksinasiya Strategiyası çərçivəsində aparılır. Bu günə qədər ölkəmizdə 4 milyon 500 min dozadan çox vaksin vurulub və heç bir ciddi əks təsir müşahidə olunmayıb. Azərbaycanda birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 2 milyon 654 min 76, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 1 milyon 909 min 821 nəfər təşkil edir.
Peyvəndlənmənin aparılması hər bir insanın özünü və ətrafındakıları qorumaq üçün ən yaxşı vasitədir.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB