“Avropa Birliyi nə etdiyinin fərqinə varmalıdır” DEPUTAT ŞƏRH ETDİ

“Avropa Birliyi nə etdiyinin fərqinə varmalıdır” DEPUTAT ŞƏRH ETDİ

“Avropa İttifaqı Şurasının Prezidentinin Azərbaycana səfəri bir çox məqamlardan xəbər verdi. Avropanın ali rəsmisi vətən müharibəsindən sonra Azərbaycanın fəaliyyəti, işğaldan azad olunan torpaqlarda görülən işlər barəsində məlumatlandırıldı, bir çox məsələləri diplomatik mənbələrdən deyil, birbaşa Azərbaycan rəhbərinin dilindən eşitdi. Eyni zamanda keçmiş Dağlıq Qarabağ məsələsi və ondan sonrakı dövr barəsində artıq aydın təsəvvürü oldu.” Bu söləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Millət vəkili vurğulayıb ki, aldığı yeni məlumatların Avropa Birliyinin Azərbaycanla bağlı daha ədalətli mövqe tutmasına səbəb olacağına ümid etmək istəyir.

“Təqdirəlayiqdir ki, Daqğlıq Qarabağ ifadəsi işlədilmədi. Təqdirəlayiqdir ki, o Ermənistanın arqumentlərini təkrarlamadı. Amma bununla belə Azərbaycanın Avropa Birliyinə etdiyi iradları o eşitməli idi. Avropa Birliyi üç Cənubi Qafqaz ölkəsinə yardım ayırıb və nədənsə beynəlxalq hüququ tapdalayaraq qonşu ölkənin torpaqlarını 30 il işğalda saxlayan bir ölkəyə öz tarixində ən yüksək yardım, 2,6 miluyard avro yardım ayırıb. Bu Ermənistanın illik büdcəsindən artıqdır. Bu Ermənistanın xarici borcunun az qala yarısıdır. O, Ermənistanın hərbi büdcəsindən 10 dəfə çoxdur. Nə dəlil gətirilməsindən asılı olmayaraq belə bir təsəvvür yaranır ki, indi də Avropa Birliyi Ermənistanı öz yedəyinə götürmək, Ermənistanın özü-özünə yaratdığı problemləri həll etmək üçün ona maddi yardım vermək fikrindədir. Demokratiyanı inkişaf etdirmək adı ilə verilən yardımları sonradan Ermənistan tərəfindən yeyintiyə yol veriləcəyi, onu Azərbaycana qarşı hərbi təxribatlara hazırlıq üçün istifadə edəcəyinin fərqində deyil. Əgər Ermənistan büdcəsi qədər ona yardım verilməlidirsə, onda Azərbaycana da təqribən bir 15 milyard avro yardım verilməli idi. Amma Azərbaycana isə çox gülünc bir məbləğdə yardım ayırıb. İndi Azərbaycanın o yardıma ehtiyacı yoxdur. Amma bununla belə vaxt var idi ki, bildirirdilər ki, münaqişə bitəndən sonra Avropa Birliyi Azərbaycanın infrastrukturunun yenidən qurulmasına, məcburi köçkunlərin geri qaytarılmasına yardım göstərəcəkdir. Amma göründüyü kimi Avropanın birinci şəxsinin səfəri zamanı əvvəlki bəyanatlar unuduldu.

Ermənistan Azərbaycan torpaqlarını işğalda saxlayıb, torpaqları başdan-ayağa minalayıb, bütün infrastrukturu varvarcasına dağıdıb, mədəniyyət obyektlərini də məhv edib. Faktiki olaraq boş bir ərazidə bütün həyat yenidən qurulmalıdır və buna da milyardlarla vəsait lazımdır. Bu gün Avropa Birliyi ondan kənarda durur.

Hesab edirəm ki, Ermənistanın uzun müddət Azərbaycan torpaqlarını işğalda saxlamasının günahkarlarından biri də elə Avropa Birliyidir. Vaxtında bu məsələyə hüquqi qiymət vermədi, vaxtında Ermənistanı varvar siyasətindən çəkindirmədi. İndi isə Ermənistana 2,6 milyard avro yardım göstərmək əslində, Ermənistanı yenidən gələcək təxribatlara həvəsləndirməkdir. Ermənistan ağır günündə belə Basarkeçər rayonundan Kəlbəcəri, başqa bir bölgəsindən Tovuzu, Naxçıvanı atəşə tutur. Əgər demokratiyanı inkişaf üçün pul verilirsə, olmazmı ki, demokratiyanı Ermənistan indidən göstərsin? Əgər Ermənistanda infrastrukturun yenilənməsinə hesablanıbsa, olmazdımı Ermənistan Azərbaycana atdığı güllənin pulunu öz yolunun çəkilməsinə, məktəbinin təmirinə sərf edəydi? Yəni, Avropa Birliyi nə etdiyinin fərqinə varmalıdır və Ermənistana edilən yardımın əslində Ermənistanın militaristləşməsinə yönələcəyini indidən görməlidir. Azərbaycan Prezidenti Avropa rəsmisi ilə söhbətdə bütün bu məsələləri kifayət qədər açıqladı və Avropanın hər üç Cənubi Qafqaz ölkəsinə heç olmasa eyni münasibət göstərilməsini istədi.

Əslində, Azərbaycan onlardan üstün olmalıdır. Qonşu Gürcüstana əlbəttə yardım lazımdır, bu ölkənin problemləri var, ölkə heç bir qonşunun torpağına iddia etmir və Gürcüstana ayrılan vəsaitə Azərbaycan dostuna, qardaşına edilən yardım kimi sevinir. Amma, Ermənistana nə səbəbdən? Bu vəsaitin hara gedəcəyini Avropa düşünürmü? Əgər Avropa üçün dilindən, tarixindən, məsafəsindən asılı olmayaraq münasibətdə saxladığı ölkələr hamısı bərabərdirsə, necə olur onlara 2 milyarddan çox, amma Azərbaycana 150 milyon? Yəni, bu əslində həmin ölkələri Azərbaycandan üstün tutmaq deməkdir. Ümid etmək istərdim ki, Avropa rəsmisi qayıtdıqdan sonra bu məsələlər barəsində öz həmkarları ilə geniş müzakirə aparacaqdır”, deyə Aydın Mirzəzadə bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə