“Bayramımızı qalib ölkənin mediası olaraq qeyd edirik” BAŞ REDAKTOR MÜNASİBƏT BİLDİRDİ
“Bu il 146 yaşını qeyd edən milli mətbuatımız zəngin və şərəfli inkişaf yolu keçib. 1875-ci ildə Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzeti ilə əsası qoyulan mətbuatımız bu illər ərzində Azərbaycanın müstəqillik, inkişaf, azadlıq mübarizəsində, xalqımızın milli oyanışında əvəzsiz rol oynayıb, dərin iz qoyub”. Bunu “Həftə İçi” qəzetinin baş redaktoru Sevinc Seyidova SİA-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, müstəqil Azərbaycan mediasının keçdiyi inkişaf yolu özünün zənginliyi ilə xüsusilə seçilir: “Ölkəmizin ictimai-siyasi, iqtisadi-sosial, mədəni-mənəvi həyatında, milli həmrəyliyin möhkəmləndirilməsində, təbliğində kütləvi informasiya vasitələri mühüm rol oynayır. Ulu Öndər Heydər Əliyev tərəfindən senzuranı ləğv etməklə bağlı irəli sürülmüş təşəbbüs azad mətbuata təkan verdi. Bu gün isə Prezident İlham Əliyev tərəfindən ölkəmizdə kütləvi informasiya vasitələrinin inkişafına hər cür şərait yaradılır. Mətbu orqanların maddi-texniki bazasının möhkəmləndirilməsi ilə yanaşı, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də böyük işlər görülür. Azərbaycanda söz azadlığı maksimum dərəcədə təmin edilir”.
S.Seyidova bildirdi ki, hazırda ölkəmizdə yüzlərlə mətbu orqan - qəzet və jurnal, informasiya agentlikləri, onlayn xəbər portalları fəaliyyət göstərir və minlərlə jurnalistlər hər gün ölkə ictimaiyyətinin rifahı naminə yorulmadan çalışırlar: “Bu il Milli Mətbuat Gününü əvvəlki illərdən fərqləndirən ən mühüm amil artıq, bayramımızı qalib ölkənin mediası olaraq qeyd etməyimizdir. Hərbi əməliyyatlar zamanı yaralanan, şəhid olan jurnalistlərimiz oldu. Vətən müharibəsindən sonra yüzlərlə KİV əməkdaşları 30 il işğal altında qalan, lakin şəhid və qazilərimizin qanı-canı bahasına azad edilən torpaqlara səfərlər etdilər. Bir daha jurnalist həmkarlarımızı Milli Mətbuat Günü ilə bağlı təbrik edir, onlara bu çətin və şərəfli peşələrində yeni uğurlar arzulayıram”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB