Azərbaycanın işğaldan azad olunmuş ərazilərində vəziyyətlə tanış olmaqda nəinki diplomatlar, siyasətçilər, hətta bütün dünya ictimaiyyəti maraqlıdır. Çünki, Azərbaycan mədəniyyətinin ermənilər tərəfindən dağıdılan nümunələrinin saysız-hesabsız olduğu həmin o işğaldan azad olunan ərazilər həqiqətləri əks etdirən ən doğru, ən dürüst, ən real mənzərədir. Bu baxımdan, həmin ərazilərə siyasətçilərin, diplomatların getməsi, vəziyyətlə tanış olması, reallıqların şahidi olması və həqiqətlərə daha yaxından bələd olması başadüşüləndir. Amma, görünür, bu ərazilərə getməkdən, bir növ həqiqətləri görməkdən, reallıqla tanış olmaqdan, bunu qəbul etməkdən imtina edənlər də var və başa düşülməsi, anlaşılması vacib olan məhz bunlardır.

Azərbaycan hökumətinin dəvəti ilə bu il 9 iyul və 10 iyul tarixlərində Fizuliyə, oradan isə Şuşaya səfər edən xarici ölkələrin səfirləri sırasında ABŞ, Rusiya və Fransa səfirlərinin olmaması diqqəti cəlb edir. Həmin ölkələrin səfirləri Azərbaycan hökumətinin dəvətini qəbul etsələr də, nədənsə işğaldan azad olunan ərazilərə səfər edən xarici ölkələrin səfirləri arasında deyildilər. Məhz bu məqam özü də maraq, eləcə də sual doğurur və düşünməyə vadar edir ki, niyə məhz ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin səfirləri işğaldan azad olunan ərazilərə səfər edənlər arasında olmalı deyildilər axı? Belə görünür ki, həmsədrlər bir tərəfdən hələ də iflic vəziyyətində, “ölü” olan Minsk Qrupu formatında danışıqların bərpasına ümid edirlər, digər tərəfdən isə İrəvanla münasibətləri pozmaqdan, körpüləri yandırmaqdan, erməniləri narazı salmaqdan çəkinirlər.

Heç şübhəsiz ki, işğaldan azad olunan ərazilərə səfərdən imtina edənlərin məhz ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin səfirləri olmasını nəzərə alsaq görərik ki, bu, təsadüfi ola bilməzdi. Özü də hər üç ölkənin səfirinin bu səfərdə iştirak etməməsinə heç təsadüfi don geyindirmək olmaz. Hər üç ölkənin səfiri özlərini guya məsələyə neytral münasibət sərgilədiyini göstərdiyini nümayiş etdirməyə çalışır. Amma, əslində bunun, ermənilərlə münasibətlərin korlanmaması niyyəti ilə bağlı olduğu bəlli olur. Təsadüfi deyil ki, erməni cəmiyyəti xarici ölkə səfirlərinin işğaldan azad olunan ərazilərimizə səfərindən bərk qıcıqlanıblar və təbii ki, onların kürkünə birə düşməsi, bir qədər sadə dillə desək, narahat olmaları anlaşılandır. Ona görə anlaşılandır ki, əvvəla ermənilər işğal altında saxladıqları və nəticədə viran qoyduqları ərazilər barədə həqiqətlər dünya icytimaiyyətinin diqqətinə çatdırılır, digər tərəfdən xarici ölkə səfirlərinin Azərbaycanın işğaldan azad etdiyi ərazilərinə gedərək orada bu işğalı görüb qəbul etmələri ilə özlərini təklənmiş hesab edir, yalanlarının üzə çıxmasından çox sıxılırlar. Bir növ xarici ölkə səfirlərinə qoşularaq işğaldan azad olunmuş ərazilərə getməkdən imtina edən ölkə dəfirləri məhz elə erməni cəmiyyətinin bu sıxıntılarını, bu qıcıqlanmalarını nəzərə alıblar desək, yanılmarıq.

Əslində, ABŞ, Rusiya və Fransa səfirləri işğaldan azad olunmuş ərazilərə getməməklə ATƏT-in Minsk Qrupunun mahiyyətini, məsələnin iç üzünü göstərmiş oldular. Bu ölkələrin, yəni, Minsk Qrupunun həmsədr ölkələrinin səfirləri əslində, hamıdan əvvəl, hamıdan öndə işğaldan azad olunmuş ərazilərə getməli, gördüklərini ictimailəşdirməli, bütün dünyaya həqiqətləri, erməni işğalçılığını, vandallığını çatdırmalı olduqları halda, bundan imtina etdilərsə, bu qurumun hansı standartlara söykəndiyini, ikili standartlar siyasəti yürütdüyünü dərhal ifşa elədi. İndi dünya ictimaiyyəti tam şəkildə əmin oldu ki, məsələnin 30 il uzanmasına səbəb elə ATƏT-in Minsk Qrupu özü olub. Əmin oldu ki, bu qrupun həmsədrləri məsələni həll etməkdə, həqiqətlərin, reallıqların ortaya çıxmasında maraqlı deyillərmiş. Əksinə, onların erməni maraqlarından çıxış edərək münaqişənin mümkün qədər uzanmasına bacaqdıqca “tovhə” verməyə çalışdıqları, indi də bu maraqlardan çıxış etdikləri üzə çıxdı və bu əminlik daha da artdı.

Daha çox diqqəti cəlb edən məsələ isə odur ki, erməni lobbisinin ən güclü fəaliyyət göstərdiyi ölkələr məhz elə Fransa, ABŞ, bir də Rusiyadır və məhz bu ölkələrin səfirlərinin işğaldan azad olunmuş ərazilərə səfər etməkdən imtina etməsində bu amili də nəzərə almaq lazmdır. Aydın olur ki, həmsədr ölkələrin səfirləri ilk növbədə erməni lobbisini bir növ, incik salmaq istəmədilər. Çünki, həmin o sadalanan üç ölkədə kifayət qədər təsir imkanlarına, hətta seçkilərə belə təsir etmək imkanına malik olan erməni lobbisini qıcıqlandırmağa cəsarət etmədilər, əvəzində haqqa, ədalətə göz yumdular, görməməzlikdən gəlməyi üstün yol hesab etdilər. Yəni, səfər etməkldən imtina olunması ilə, dünya ictimaiyyətinə guya neytrallığını, erməni cəmiyyətinə, erməni lobbisinə isə onların əksinə olmadıqlarını nümayiş etdirmək niyyəti güddülər. Bu isə siyasi ikiüzlülükdən başqa bir şey deyildi.

Bu səfər zamanı həmsədr ölkələrin səfirlərinin digər ölkə səfirlərinə qoşulmamaları, səfər etməkdən imtina etmələri də əslində Azərbaycan xeyrinə oldu. Əvvəla ona görə ki, ilk növbədə Azərbaycanın dost və düşmən ölkələrin hansılar olduğu barədə əminliyi daha da artdı. Hansı ölkələrə ümud etmək, hansı ölkələrlə əlaqələri genişləndirmək, əməkdaşlığı artırmaq, tərəfdaş olmaq barədə Azərbaycan tam əmin oldu. Digər tərəfdən, ermənilərin, Ermənistan tərəfinin az qala 30 il işğal altında saxladığı Azərbaycan torpaqlarının işğaldan azad olunması məsələsinin niyə bu qədər uzanması və bu məsələdə hər üç həmsədr ölkənin ikili standartlar tətbiq etdiyini bütün dünya gördü və buna əmin oldu. Onların bu qeyri-diplomatik demarşısını, cidanı muvalda gizlətmək olmadığı kimi ört-basdır etmək artıq heç bir şəkildə mümkün deyil. Çünki, bütün dünya ictimaiyyəti bu ikiüzlülüyün son dəfə də şahididir.

Sual oluna bilər ki, münaqişənin əvvəllərində əhalisi azərbaycanlılardan ibarət olan Şuşanın, həmçinin bu şəhərə, Şuşaya səfər edilməsinin ermənilərə nə aidiyyatı ola bilərdi axı? Niyə yalnız bu üç ölkə səfiri bunun ermənilərə aid olduğu qənaətinə gələsi oldu? Yəni, ATƏT-in Minsk Qrupunun bu üç həmsədr ölkəsinin səfiri Şuşaya getməyi niyə ermənilər üçün təhqir hesab olunacağını zənn etdi? Eyni zamanda niyə Ermənistan cəmiyyətində bu səfərdən qıcıqlandı? Zənnimizcə, bu suallar özləri bir-birini cavablandırır. Beləki, hələ səfərdən öncə bundan imtina edən üç ölkə səfirinin erməni cəmiyyətində bu səfərin rezonans doğuracağını hardan bilə bilərdi, əgər əlaqə, rabitə olmasaydı və hətta rəy bilinməsəydi? Deməli, erməni cəmiyyətinin fikri, reaksiyası əvvəlcədən ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin səfirlərinə, həmin ölkələrə bəlli idi və bundan da ehtiyatlandılar. Bir sözlə, həqiqəti, ədaləti deyil, erməni cəmiyyətinin maraqları meyar hesab olundu və bununla da dünyaya ali dəyərlər barədə nağıllar danışan üç nəhəng ölkənin səfirləri, həm də ilə elə həmin ölkələrin özləri ədalətsizlik, ikili standartlar sərgilədilər. Çünki, hansısa ölkənin səfiri təmsil etdiyi ölkənin təlimatı olmadan, özbaşına heç bir hərəkət etmir və sözün geniş mənasında öz ölkəsini təmsil edir.

Bəli, ABŞ-ın, eləcə də Fransanın açıq şəkildə ermənipərəst mövqe nümayiş etdirdiyinin dəfələrlə şahidi olmuşuq və indi bu ölkələrin nümayiş etdirdikləri mövqe sadəcə özlərini ifşa etmiş oldu. Məsələnin daha bir maraqlı tərəfi də ondan ibarətdir ki, indi ermənilərin xəyanətkar xislətinə, erməni cəmiyyətinin, Ermənistan dövlətinin onlara xəyanət etdiklərinə son dərəcə əmin olan Rusiya hökumətinin ölkəmizdəki səfiri niyə digər ölkələrin səfirlərinə qoşulub işğaldan azad etdiyimiz ərazilərə səfər etməkdən imtina etdi? Axı bu ölkə işğaldan azad olunan ərazilərimizə sülhməramlı göndərib və indi münaqişənin həllinin, atəşkəsin qarantı kimi çıxış edir. Bu addım ATƏT-in Minsk Qrupuna, bu qrupun ikili standartlarına dırnaqarası sədaqətlilik nümayişi idi yoxsa? Hər bir halda bu üç məlum ölkə səfirinin işğaldan azad olunmuş ərazilərdə olmaması ATƏT-in Minsk Qrupunun həqiqi simasını, ikili standartlar siyasəti yürütməsini, ədalətsiz yanaşmasını, Ermənistanın tərəfini tutmasını, özü də haqsız olan ölkənin mövqeyini müdafiə etməsini, ikiüzlü diplomatiya sərgilədiyini isbatlayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB