“Dəmir yumruğ”un növbəti gücü – “xəritə oyununa” son qoyulur” - RƏY
“Mina xəritələrinin əldə edilməsi “Dəmir yumruğ”un növbəti təntənəsi, işğalçı ölkənin “xəritə oyununa” son qoyulmasıdır. Bu həm də on minlərlə vətəndaşımızın, o cümlədən minatəmizləyənlərin həyatını təhlükədən xilas edəcək və işğaldan azad edilmiş ərazilərimizdə Prezident İlham Əliyev tərəfindən əsası qoyulan tikinti və yenidənqurma layihələrini və məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirəcək”. Bu fikirləri YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov SİA-ya açıqlamasında bildirib.
R.Şabanov vurğulayıb ki, müharibənin başa çatmasından sonra Ermənistanın geri çəkilərkən torpaqlarımızı minaladığı məlum oldu: “Bu bir daha Ermənistanın terrorçu siyasətinin təsdiqi oldu. Düşmən işğaldan sonra nəinki bütün binalarımızı, bütün tarixi abidələrimizi dağıdıb, eyni zamanda hər tərəfi minalamışdı. O cümlədən Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatlarından sonra məcburi geriyəçəkilmə mərhələsində də Ermənistan Azərbaycan tərəfinə mümkün qədər daha çox ziyan vurmaq və evlərinə qayıdacaq mülki əhaliyə əlavə maneələr yaratmaq üçün məqsədli şəkildə həmin ərazilərdə kütləvi şəkildə minalar yerləşdirib. Minalar təkcə təmas xəttinə yaxın olan ərazilərə yox, şəhərlərə, yollara, önəmli strateji yüksəkliklərə basdırılıb. Hərbi əməliyyatların başa çatmasından sonra Ermənistan hər vəchlə mina xəritələrini verməkdən imtina edirdi. Əsas bəhanələri də o idi ki, guya, minalar basdırılarkən qeydiyyat aparılmayıb”.
R.Şabanov bildirib ki, Prezident İlham Əliyev Ermənistanın mina xəritələrini verməkdən imtina etməsini hərbi cinayət adlandırmışdı: “Burada ən böyük çətinlik ondan ibarətdir ki, Ermənistan tərəfi bizə mina xəritələrini vermir, bundan imtina edir. Halbuki biz dəqiq bilirik ki, onlarda belə xəritələr var. Sadəcə olaraq, bu xəritələri verməmək Ermənistanın növbəti hərbi cinayətidir”. Lakin dövlət başçımızın qətiyyətli «Dəmir yumruq» siyasəti nəticəsində ilk olaraq iyunun 12-də Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirən xəritələri Azərbaycana təqdim etdi. Mina xəritələrinin Azərbaycana verilməsi, ilk növbədə, onu göstərdi ki, Prezident İlham Əliyevin Ermənistanı buna məcbur etmək üçün yürütdüyü prinsipial və məqsədyönlü siyasət öz uğurlu nəticəsini verməkdədir. İyulun 3-də isə Ermənistan tərəfindən işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırılmış tank və piyada əleyhinə təqribən 92 min minaya dair xəritələr Rusiya Federasiyasının təşəbbüsü ilə Azərbaycana təqdim edildi. Bu hadisə bir daha göstərdi ki, Azərbaycanın mina xəritələrinin mövcud olması barədə iddiaları tamamilə haqlı, Ermənistanın bəhanələri isə yalan imiş və yenə də işğalçı ölkənin növbəti “xəritə oyunu” baş tutmadı”.
Ermənistanın Füzuli və Zəngilan ərazilərində minalanmış ərazilərin xəritələrini qaytarması Prezident İlham Əliyevin diplomatik məharətinin nəticəsi olduğunu deyən YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov növbəti aylarda digər rayonların da minalanmış ərazilərinin xəritəsi Azərbaycana təhvil veriləcək və Ermənistanın bu hərbi cinayətinə son qoyulacaq: "İşğaldan azad edilmiş Ağdam rayonundan sonra Füzuli və Zəngilan kimi ən çox minalanmış ərazilərin xəritəsini təhvil almaq böyük uğurdur. Prezidentin də qeyd etdiyi kimi, işğaldan azad edilmiş ərazilərdə, hətta 6 qat mina basdırılmış ərazilər var. Görünür, ermənilər bunu etməklə müdafiə xətti qurmağa çalışıblar. Lakin elə ərazilər də var ki, ermənilər ora minaları son günlərdə tələsik basdırıb çıxıblar. Əllərində olan bütün partlayıcıları hara gəldi basdırıblar. Yəni, ermənilərin verdiyi bu minalanmış ərazilərin xəritələrinə tam güvənmək olmaz. Baxmayaraq ki, Azərbaycan tərəfi elə ilk günlərdən etibarən minalardan təmizləmə əməliyyatını davam etdirir, istənilən halda, bu, Qarabağa qayıdış prosesini sürətləndirəcək. Yeri gəlmişkən, Füzuli ən böyük infrastruktur layihələrinin həyata keçirildiyi ərazilərdəndir. Mina xəritələrinin alınması, həmçinin regionlardakı infrastruktur layihələrinin daha sürətlə həyata keçirilməsinə şərait yaradacaq”.
Mina xəritələrinin təqdim olunması quruculuq işlərinin aparılması prosesini də sürətləndirəcəyini vurğulayan R.Şabanov işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən əsası qoyulan tikinti və yenidənqurma layihələrini və məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirəcək: “Artıq bölgədə ciddi quruculuq işlərinə başlanılıb. Qısa müddətdə bu ərazilərdə həyat öz axarına qayıdacaq. Eyni zamanda, minaların xəritələrinin Azərbaycana verilməsi onların aşkarlanması üçün sərf olunan xərclərin azaldılmasına gətirib çıxaracaq. Burada ən vacib məsələlərdən biri də xəritələrin əldə edilməsinin insan itkisinin qarşısının alınmasında əhəmiyyətli rol oynamasıdır. Son bir neçə ayda 100-dən çox Azərbaycan vətəndaşı bu minaların qurbanına çevrilib. Çoxlu sayda insan dünyasını dəyişib”.
YAP Tərtər rayon təşkiltının sədri həmçinin terrorçuluqda şübhəli bilinən 15 nəfər erməninin Ermənistana təhvil verilməsini Azərbaycan dövlətinin humanist addımı kimi qiymətləndirib: "Mina xəritələrininin müqabilində Azərbaycan tərəfi məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş və təyin edilmiş cəza müddəti bitmiş 15 nəfər erməni əsilli şəxsi Ermənistana təhvil verib. Bu, Azərbaycanın humanist siyasət yürütdüyünü bir daha bütün dünyaya sübut etdi".
R.Şabanov onu da vurğulayıb ki, Prezident İlham Əliyevin strateji və taktiki siyasi xətti davam edir: "Çünki qarşıda hələ çox işlər durur. Ermənistan da zənn etməməlidir ki, Ağdam, Füzuli, Zəngilanla hər şey bitdi, işğaldan azad olunan digər rayonlara basdırılan minaların da xəritəsi tək-tək Azərbaycana təhvil verilməlidir. Bunu məcbur qalmadan etsə, hər şey bu ölkənin özü üçün də faydalı olacaq. Çünki Azərbaycan şərtləri diktə edən tərəfdir. Qarabağ Azərbaycandır!”.
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB