“Ermənistanın durumu daha da ağırlaşacaq” - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
“Ermənistanda son duruma parlamentin nəticələrindən çıxış edərək qiymət vermək lazımdır. Seçkilərin nəticələrinə diqqət yetirdikdə Paşinyan və onun tərəfdarları qalib gəliblər. Amma müxalifətdə olan Sarkisyan və Köçaryan blokunun bu məğlubiyyəti həzm edə bilməməsi Ermənistandakı son durumu müəyyən mənada səciyyələndirən əsas amillərdən biri kimi qəbul oluna bilər”. Bunu SİA-ya açıqlamasında politoloq Elşən Manafov deyib.
Onun sözlərinə görə, Köçaryanın seçkilərin nəticələrini qəbul etməyib konstitusiya məhkəməsinə müraciət edəcəyi də prinsip etibarı ilə sonluqda heç nəyi dəyişməyəcək: “Ermənistanda seçicilərin mütləq əksəriyyəti Paşinyana və onun siyasi kursuna dəstək veriblər. Bu isə o deməkdir ki, Azərbaycana qarşı sonuncu savaşda ağır məğlubiyyətə uğrayan Ermənistan xalqı və ictimaiyyəti Azərbaycanla əlbəttə artıq növbəti qarşıdurmadan çəkinir və anlayırlar ki, bölgənin və Ermənistanın da ümumiyyətlə perspektiv müqəddəratı və inkişafı bölgədə əməkdaşlıqdan və Azərbaycanla münasibətləri fərqli müstəvi üzərinə keçirməməkdən gedir. Düşünürəm ki, Paşinyan keçən il Rusiyanın moderatorluğu ilə əldə edilmiş danışıqların həyata keçiriləcəyi istiqamətində daha real və operativ addımlar atarsa, bu bütövlükdə erməni dövlətinin və erməni xalqının da sosial maraqlarına, Ermənistanın təhlükəsizlik maraqlarına cavab verəcək bir siyasi hadisə kimi də qiymətləndirilə bilər. Çünki nəticə etibarı ilə bölgədə nəqliyyat-kommunikasiya xətlərinin açılması təkcə Ermənistana deyil, bölgədə sabitlik və təhlükəsizliyin təmin olunmasında, bölgəyə investisiya axınının genişlənməsində, bölgədə və bölgə dövlətləri arasında əməkdaşlığın gücləndirilməsində maraqlı olan bütün dövlətlərin maraqlarına cavab verir”.
E.Manafov onu da bildirdi ki, bölgədə sabitliyin yaranmasında və iqtisadi əlaqələrin qurulmasında Ermənistanın əsas hərbi və siyasi müttəfiqi Rusiyada maraqlıdır: “Paşinyan siyasi müxalifətin təzyiqlərinə qısa müddət ərzində tab gətirib, məhz bu istiqamətdə addımlar atacaqsa yaxın perspektivdə bölgədə və bölgə dövlətləri arasında əməkdaşlığın yeni imkanlarını yaradacaq. Yox əgər, Paşinyan yenə də Ermənistanda millətçi dairələrin onun ünvanına işlədə biləcəyi ifadələrdən və ya ata biləcəyi addımlardan çəkinib, bu istiqamətdə tez və daha operativ addımlar atmayacaqsa, Ermənistanın durumunu daha da ağırlaşdıracaq. Onsuz da Ermənistandan əhali axını güclənməkdədir. Ermənistanın sosial-iqtisadi durumu da ağır vəziyyətdədir. Hətta Ermənistana kredit vermək istəyən dövlətlərin sayı belə kifayət qədər məhduddur. Bu baxımdan Azərbaycanla normal münasibətlərə getməsi Ermənistanın mövcud durumuna müsbət mənada təsir göstərə biləcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB