"Azərbaycan bütün lazımi addımları atmağa hazırdır” - POLİTOLOQ AÇIQLADI

"Azərbaycan bütün lazımi addımları atmağa hazırdır” - POLİTOLOQ AÇIQLADI

“92 min minanın xəritəsinin verilməsi Füzuli və Zəngilan rayonlarında minanın təmizlənmə işlərini sürətlə həyata keçirməyə imkan verir. Bu minalar nə qədər tez təmizlənərsə, həmin ərazilərdə o qədər tez quruculuq işləri başlaya bilər, xarici investisiya cəlb oluna bilər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Nadir Şəfiyev deyib.

Onun sözlərinə görə, bu rayonların inkişafına nail olmaq, tikinti işlərini həyata keçirmək imkanı əldə etmək olar: “Məhz bu ərazilərdə 92 min mina basdırılıb. Aydındır ki, illər boyu aparılan danışıqlara rəğmən ermənilər bu əraziləri bizə qaytarmaq istəmirdilər. Əgər qaytarmaq istəsəydilər, onlar orada istehkamlar qurmazdılar, mina basdırmazdılar. Bütün bu işlər yəni minaların basdırılması, istehkamların qurulması ona yönəlib ki, Azərbaycan bu ərazilərə qayıda bilməsin, Azərbaycan Ordusu bu ərazilərdə əməliyyat apara bilməsin. Azərbaycan Ordusu, Ermənistan ordusunu həmin ərazilərdən çıxara bilməsin".

Politoloq həmçinin qeyd edib ki, bütün dünyaya göstərdik ki, biz eyni zamanda kifayət qədər tolerant dövlətik: “Biz ermənilərlə ədavət aparmırıq. Biz sadəcə olaraq öz ərazi bütövlüyümüzü bərpa etmək istəyirdik. Gördüyümüz kimi, ermənilər mina xəritələrini verdikdən sonra biz onların terrorçularını qaytardıq. Bir məsələni yaddan çıxartmaq olmaz ki, uzun müddətli araşdırmalar aparılıb. Terrorçuların arasında öz xoşu ilə gələnlər də var idi. Onların arasında aldalıb gətirilənləri də var idi. Azərbaycan tərəfinin hal-hazırda Ermənistana qaytardığı diversantlar aldadılıb gətirilənlərdir ki, onlar bir döyüşçü olaraq, əmri yerinə yetirirərək oraya gətirilib. Azərbaycan ərazisinə təxribat törətməyə, terror hadisələri törətməyə, azərbaycanlılara qarşı hədə-qorxu gəlib silah işlətməyə hazır olanları Azərbaycan Ermənistana qaytarmır. Bütövlükdə bu prosesin bərpa olması və bu cür həyata keçirməsi onu göstərir ki, Azərbaycanla Ermənistan arasında dialoqu qurmaq, sülh prosesini sürətləndirmək mümkündür və bu istiqamətdə Azərbaycan bütün lazımi addımları atmağa hazırdır”.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə