Ermənilərin törətdiyi ekoloji terror böyük fəsadlar yaradır

Ermənilərin törətdiyi ekoloji terror böyük fəsadlar yaradır

44 günlük Vətən müharibəsində Azərbaycan işğal altında olan ərazilərini düşmən tapdağından azad edərək, Zəfər qazandı. Bu gün Azərbaycan bütün dünyaya ermənilərin ərazilərimizdə törətdikləri vandallığı nümayiş etdirir. Ötən əsrin son illiyində baş verən ictimai-siyasi proseslər nəticəsində xalqın milli varlığını, onun tarixini əks etdirən abidələr Ermənistan təcavüzkarları tərəfindən dağıdılıb, məhv edilib. Maddi abidələrə qarşı talançılıq siyasətininin yeridilməsi beynəlxalq hüquq normalarının kobudcasına pozulması deməkdir. İşğaldan azad olunan ərazilərimizdə hərbi təcavüz nəticəsində ilk insan məskənlərindən olmuş məşhur Azıx, Tağlar mağaraları və s. Ermənistan tərəfindən qəsdən dağıdılıb. Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məzarüstü abidələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz məhv edilib. Bu sırada Azərbaycanın tanınmış ədiblərinin, eləcə də musiqiçilərinin ev-muzeyləri, abidə və büstləri də var. Bütün bunlarla yanaşı, Azərbaycan təbiəti də erməni terroru ilə üz-üzə qalıb. Təbiətə qarşı olan ermənilərin amansızsızlıq aksiyası onların Azərbaycan ərazilərinə qarşı qısqanclığını bir daha ortaya qoymuş oldu. Əlbəttə ki, belə mövqe ermənilərin Qarabağ ərazisində müvəqqəti olduğunu təsdiqləyirdi.

Dünya mətbuatı həmişə olduğu kimi, bu gün də erməni terroruna biganə qala bilməmiş və Azərbaycan həqiqətlərini diqqətə çəkərək, məzmunlu məqalələr dərc edirlər. Bu günlərdə Almaniyanın nüfuzlu "TRT Deutsch" xəbər portalında "Azərbaycan Ermənistan şirkətləri tərəfindən ətraf mühitin çirkləndirilməsini tənqid edir" sərlövhəli məqalə dərc edilib. Məqalədə Ermənistan şirkətləri tərəfindən istehsal tullantıları ilə bağlı həyəcan təbili çalınır. Bu tullantıların Azərbaycanın su ehtiyatlarının, xüsusən də Oxçuçayın çirkləndirilməsi ilə nəticələndiyi qeyd olunur. Bu ərazidəki indiki vəziyyət ekoloji fəlakət kimi dəyərləndirilir. Qeyd edək ki, Oxçuçay Arazın sol qoludur. Ermənistan Qafan rayonu və Azərbaycanın Zəngilan rayonu ərazisindən keçir. Uzunluğu 85 km, hövzəsinin sahəsi 1140 km.-dir. Başlanğıcını Zəngəzur silsiləsinin Qapıcıq dağından götürür.

Qafan və Qacaran dağ – mədən sənayesinin tullantıları ilə hədsiz dərəcədə çirkləndirilən Oxçuçay əslində sənaye tullantılarını Ermənistanın bu bölgəsindən uzaqlaşdıran kollektor rolunu oynayır. Çayın suyu o dərəcədə zəhərlənib ki, burada heç bir canlı yaşamır. Onun suyundan suvarmada istifadə edildiyi Zəngilan rayonu ərazisində torpaqlar da zəhərlənib. Məqalədə qeyd olunur ki, alman şirkətləri bu çirkləndirilməyə görə daha böyük məsuliyyət daşıyır. Karlsruedə (Almaniya) yerləşən "Cronimet" şirkətlər qrupu Ermənistanda ən iri vergiödəyicisi olan Zəngəzur mis-molibden kombinatının əsas səhmdarıdır. O, kombinatın səhmlərinin 60 faizinin sahibidir. Britaniya şirkəti tərəfindən alınandan sonra "Chaarat Kapan CJSC" qapalı səhmdar cəmiyyəti adlandırılan Qafan dağ-zənginləşdirmə kombinatı da tənqid olunan obyektlər sırasındadır.

Məqalədə Azərbaycan ekspertlərinə istinadla bildirilir ki, Oxçuçaydan götürülmüş su nümunələrində nikel yeddi, dəmir dörd və mis-molibden birləşməsi iki dəfə normadan çoxdur. Forel və digər balıqlar çayda kritik həddə çirklənmə nəticəsində artıq məhv olublar, ağır metalların səviyyəsinin yüksək olması insan sağlamlığı üçün də təhlükəlidir.

Ermənilərin ekoloji terroru Azərbaycanın flora və faunasına zərər yetirmiş, təbii sərvətlərini məhv etmişdir. Bu, ermənilərin bilərəkdən Azərbaycana vurduğu ziyandır və illərdir ki, ölkəmiz ermənilərin törətdiyi ekoloji terrordan əziyyət çəkir.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə