SİA politoloq Sahil İsgəndərovun müsahibəsini təqdim edir.
- Son günlər ən aktual məsələ Ağdamdan sonra Füzuli və Zəngilan rayonlarının mina xəritələrinin Azərbaycana təhvil verilməsidir. Bu mövzu ilə bağlı fikirləriniz nədir?
- Mina xəritələrinin verilməsi həm sadə insanların, həm də ekspertlərin narahat olduğu bir mövzu idi. Belə düşüncədə idilər ki, üçtərəfli bəyannamənin imzalanmasından xeyli müddət keçib. Ermənilər cığallıq edirlər. Bu xəritələri almaqla bağlı Azərbaycan cəmiyyətində müəyyən suallar var idi. Son 8 ayda nə qədər dinc sakinlərimiz minaya düşməsi nəticəsində həlak olub. 30 ildir Qarabağ həsrətini çəkən əhalimizdə darhövsələlik yaranmışdı. Siyasi rəhbərlik dəfələrlə xəbərdarlıq etmişdi ki, səbrli olmaq lazımdır. Prezidentimiz müharibə dövründə verdiyi müsahibələrin bir çoxunda ifadə edirdi ki, biz bilirik, nəyi nə vaxt etmək lazımdır. Bu proses çox çətindir. Bəşər tarixindən görürük ki, müharibə bitdikdən sonra düşmən tərəflə bütün problemlər həll olmur. Hətta İkinci Dünya müharibəsindən sonra belə zaman-zaman mina və ya hərbi silahların tapılması mətbuatda dərc olunur. Yəni, müharibənin əzabı, əziyyəti bitdikdən sonra neçə il davam edir. Əmin idim ki, Azərbaycan diplomatiyası bu vəzifənin də öhdəsindən gələcək. Tarix göstərir ki, böyük işlər tələskənliklə başa gəlmir. Bu işlər səbirlə, təmkinlə baş verir. Azərbaycan neçə ildir ki, savaşa başlamırdı. Çünki, qələbədən 101 faiz əmin olmaq lazımdır. Qələbə çalmaq üçün müvafiq beynəlxalq siyasi konyukturanın yetişən məqamını tutmaq lazımdır. Beynəlxalq siyasi konyuktura icazə verməlidir ki, sən müharibəyə başlayasan. Belə olmadığı halda daha çox zərər çəkə bilərsən. Azərbaycan beynəlxalq siyasi konyukturanı yetişdirənlərdən biridir. Azərbaycan Prezidentinin ağıllı siyasəti göz qabağındadır. Ağıllı insan görəcəyi işlərdən yox, gördüyü işlərdən danışır.
- Qarabağ üçün problemlər həllini tapır. Minalanmış ərazilərin xəritələrinin verilməsindən sonra növbədə hansı məsələlərin həllini var?
- Düşünürəm ki, minalanmış ərazilərin xəritələrinin verilməsindən başqa bir problem sərhədlərin delimitasiyası və demakrasiyası məsələsidir. Çıxış yolu bundan ibarətdir ki, Sovet dövründə mövcud olan xəritəyə istinad olunacaq. Texniki baxımdan çox vaxt aparan məqamdır. Sərhədlərin 2 metr Ermənistan tərəfindən və ya Azərbaycan tərifindən keçməsi ilə bağlı Ermənistan tərəfi cığallıq edə bilər. Lakin Azərbaycan tərəfi güclü olacaq. Biz bu məsələlərin çoxunu Ermənistanla yox, onun ağası Rusiya ilə müzakirə və həll edirik.
Delimitasiya və demakrasiya məsələsi Rusiyanın təklifi ilə üçtərəfli komisiya yaradılıb. Rusiya Ermənistanın cığallığına bələddir. Rusiya regionda sabitliyin olmasında maraqlıdır. Geosiyasi sabitliyin pozulması Rusiyanın xeyrinə deyil, ziyanınadır. Xəritələrin verilməsi ilə delimitasiyası və demakrasiyası məsələsi də həllini tapacaq.
Zəngəzur məsələsinə gəldikdə isə müəyyən qədər vaxt lazımdır. Çünki dəmiryolunun çəkilməsi və yenidənqurma işlərinin aparılması zaman tələb edir.
- Bundan öncə Ağdamın xəritələrinin verilməsi zamanı vasitəçi kimi Gürcüstan, təminatçı kimi ABŞ-ın adı çəkilirdi. Sonrakı prosesdə Rusiya aktivləşdi və Rusiyanın adı hallanmağa başladı. Niyə Rusiya əvvəlcə baş verənləri kənardan müşahidə edirdi?
- Bütün gedən proseslərə və hadisələrə geosiyasi mübarizə konsepsiyasından baxmaq lazımdır. Heç bir münaqişə, mübarizə, müharibə səbəbsiz və böyük dövlətlərin iştirakı olmadan baş vermir. Ermənistan böyük güclərin təkidi ilə yaradılan və idarə olunan dövlətdir. Bütün proseslərin getməsində geosiyasi maraqlar dayanır. Cənubi Qafqaz regionu bu baxımdan həmişə böyük güclərin maraq dairəsində olub. Son 30 ildə Qərb Cənubi Qafqazda Rusiyanın geosiyasi nüfuzunu xeyli zəiflətmişdi. Rusiyanın siyasi rəhəbrliyi dərk etdi ki, Türkiyə və Azərbaycanla əməkdaşlıq etmək Rusiyanın maraqlarına cavab verir. Üçbaşlı oyunlar aparan Ermənistanla əməkdaşlıq etmək Rusiyanı zəiflədir.
Rusiyanın özündə ermənidən çox ermənipərəstlik nümayiş etdirən şəxslər kifayət qədərdir. Bu ermənipərəst qüvvələr Azərbaycanın qələbəsini həzm edə bilmirlər. Bunlar verdiyi bəyanatlarla Rusiyanın əleyhinə olduqlarının fərqinə varmırlar. Əslində Ermənistanı dəstəkləməklə Rusiyanın əleyhinə olurlar. Rusiya prezidenti Putin də deyir ki, Dağlıq Qarabağ münaqişəsi yoxdur.
Paşinyan Ermənistanda keçirilən seçkilərdən qabaq xəritələrin bir qismini verdi və müxalif qüvvələr ona qarşı hücum edəndə belə cavablandırmışdı ki, Rusiya vasitəsi ilə xırda xəritələri Azərbaycan tərəfinə vermişik. Lakin, Rusiya bunu açıqlamamışdı. Burada Rusiyanın səhvi ortaya çıxır. Rusiya Türkiyə ilə birlikdə əsas moderator rolunu oynayır. Bilirik ki, Rusiya istədiyini Ermənistana elətdirməyə qadirdir və Ermənistan Rusiyanın vassalıdır. Belə sual ortaya çıxır ki, əgər bu belədirsə, niyə əvvəlcədən vermirdilər?
Azərbaycan yeni bir geosiyasi reallıq yaradıb. Biz ümid edirik ki, ABŞ regionda post-münaqişə dövründə öz gücünü və əməyini sərf edəcək. Bizim əməkdaşlığımız 3-cü bir tərəfə qarşı yönəlməyib.
- Rusiya sülhməramlıların fəaliyyətinin korrektəyə ehtiyacı varmı?
- Sülhməramlılar təhlükəsizlik motivindən başqa siyasi motivin olduğunu düşünmürlər. Sülhməramlılar fəaliyyətlərinin yalnız sakitliyin qorunmasından ibarət olduğunu düşünürlər. Siyasi rəhbərlik onların üstündə durmalıdırlar. Bu ilkin mərhələdə sülhməramlıların fəaliyyətində özünü göstərdi. Hərbiçilər siyasi mahiyyətdən xəbərdar deyillər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB