“Mina xəritələrinin əldə edilməsi olduqca əhəmiyyətlidir” MEDİA EKSPERTİNİN MARAQLI ŞƏRHİ

“Mina xəritələrinin əldə edilməsi olduqca əhəmiyyətlidir” MEDİA EKSPERTİNİN MARAQLI ŞƏRHİ

Əlbəttə ki, mina xəritələrinin alınması doğrudan da böyük uğurdur. Bu sözləri SİA-ya verdiyi açıqlamasında media eksperti Azər Həsrət deyib.

Ekspertin sözlərinə görə, Azərbaycan dövləti onsuz da o əraziləri xəritə olsa da, olmasa da təmizləyəcək, amma xəritə olunca o ərazilərin təmizlənməsi daha sürətli gedəcək.

“Bilirik ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasını çox sürətlə həyata keçirmək niyyətindədir. Bunun üçün xəritələrin əldə olması bizə həm də əlavə vaxt qazandırır.

Doğrudan da Azərbaycan Prezidenti elə bir siyasət yürüdür, həqiqətən elə addımlar atır ki, bəzən bizim özümüz də onu şərh etməkdə çətinlik çəkirik. Çünki, gözlənilməyən məsələlər baş verir. Elə şeylər baş verir ki, dünya belə bəzən çaşıb qalır. Yəni, Azərbaycan Prezidenti çox sakit, təmkinlə, hay-küysüz hərəkət edir və göründüyü kimi uğurlu nəticələri də var. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyənatın özü belə o zaman heç kimin gözləmədiyi, proqnozlaşdırmadığı bir şey idi və nəticə etibarı ilə hamımız yaxşı xatırlayırıq ki, çox böyük itgilərlə geri alacağımız, yəni, savaş gedəcəyi təqdirdə itgilərlə geri alacağımız Ağdam, Kəlbəcər, Laçın rayonlarını bir güllə belə atmadan geri aldıq. Sonrakı mərhələdə də gördük ki, məsələn Ağdamın mina xəritələri verildi və bəlli oldu ki, 100 minə qədər mina basdırılıb. Mən özüm də Ağdamda olmuşam və həqiqətən də orada müharibə davam etsəydi, təbii ki, qarşılıqlı şəkildə, həm Ermənistan, həm Azərbaycan tərəfdən çox böyük itgilər olacaqdı. Amma Azərbaycan Prezidentinin bir Ali Baş Komandan olaraq strateji düşüncəsi ona səbəb oldu ki, biz bir güllə atmadan o torpaqları azad etdik.

İndiki halda da, bilirik ki, Fizuli Azərbaycan üçün həqiqətən də strateji əhəmiyyət daşıyır, orada hava limanı tikilir. Şuşaya gedən zəfər yolu Fizulidən keçir. Yəni, dünya bundan sonra Qarabağa, özəlliklə də Şuşaya Fizulidən keçərək gedəcək. Əlbəttə ki, Fizulinin mina xəritələrinin əldə edilməsi bu baxımdan olduqca əhəmiyyətlidir. Digər tərəfdən Azərbaycan bu prosesdə həm də özünün humanistliyini nümayiş etdirir. Bilirik ki, Azərbaycana qarşı terror diversiyası həyata keçirməkdə şübhəli bilinən 15 erməninin də Gürcüstan sərhəddində geri verilməsi həyata keçirilib. Yəni bütün bunlar ondan xəbər verir ki, Azərbaycan dövləti bir tərəfdə özünün problemlərini həll etməklə məşğuldur, digər tərəfdə də Ermənistana hələ də xoş məram nümayiş etdirmək niyyətində olduğunu göstərir.

İndi növbə Ermənistandadır. Yəni onlar bunu anlasınlar ki, Qarabağ torpaqlarında tikinti-quruculuq işləri nə qədər tez başa çatarsa, bundan Ermənistanın özü də çox faydalana biləcək. Ona görə ki, Azərbaycan, cənab Prezident şəxsən özü dəfələrlə bəyan edib ki, biz sülh müqaviləsi imzalamaq, dinc, yanaşı yaşamaq istəyirik. Ermənistan da məhz o sülh müqaviləsinin tezləşdirilməsi üçün bu gün xoşməramlı addımları çoxaltmalıdır. Yəni, sərhəd münaqişəsindən imtina etməlidir, bilirik ki, Azərbaycanla Ermənistan sərhəddində bəzən ermənilər təxribat törədirlər, digər tərəfdən də Qarabağın azad edilmiş torpaqlarının minalardan təmizlənməsinə öz tövhəsini verməlidir. Üçüncü bir tərəfdən isə, cənab Prezidentin sözü ilə desək, Qarabağ söhbətini ümumiyyətlə unutmalıdır. Yəni, Ermənistan bunu edəcəyi təqdirdə çox tezliklə həm də ermənilərin rifah halı yüksəlməyə başlayacaq”, deyə Azər Həsrət bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə