Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə xidmət edən DİN Daxili Qoşunlarının hərbi qulluqçularının aylıq vəzifə maaşları ilə bağlı SƏRƏNCAM imzalayıb
103 ildir ki, şərəfli yol keçən Azərbaycan polisi iyulun 2-də peşə bayramlarını qeyd edir. 1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra yaranmış mürəkkəb vəziyyət, ölkə həyatının bütün sahələrini bürümüş hərc-mərclik və özbaşınalıq hüquq mühafizə strukturlarından da yan keçməmişdi. Belə ağır vəziyyətdə xalqımızın təkidi ilə 1993-cü ilin iyununda Azərbaycanın siyasi rəhbərliyinə qayıdan Ümummilli Liderimiz Heydər Əliyev ölkəni vətəndaş müharibəsi və parçalanmaq təhlükəsindən xilas etdi, müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalət, demokratiya, hüquqi dövlət quruculuğu ideologiyasının, habelə milli inkişaf modelinin əsasını qoydu. Demokratik prinsiplərin və ənənələrin varisliyinə əsaslanan Ümummilli Liderimiz Heydər Əliyev 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-ni Azərbaycan Polisi Günü elan olundu.
Vətən müharibəsi bitdikdən sonra Azərbaycanda güc strukturlarının peşə bayramı xüsusi şəraitdə qeyd olunur
Vətən müharibəsi bitdikdən sonra Azərbaycanda güc strukturlarının peşə bayramı xüsusi şəraitdə qeyd olunur. Birinci Qarabağ müharibəsində olduğu kimi, İkinci Qarabağ müharibəsində də polis əməkdaşları fədakarlıq göstərib, Vətəni müdafiə edib. 1993-cü ildə Ulu Öndər hakimiyyətə qayıdandan sonra da Azərbaycan polisi ictimai-siyasi sabitliyi qorumağa nail olub və bundan sonra Prezidentin siyasətinə, xalqımıza, dövlətimizə sədaqətlə xidmət edəcək. Qeyd edək ki, Azərbaycan polisi dövlət başçımız İlham Əliyev tərəfindən daima yüksək dəyərləndirilir. Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, 44 gün davam edən Vətən müharibəsində döyüş meydanında tarix yazan Azərbaycan Ordusunun döyüş qabiliyyəti və maddi-texniki təminat baxımından beynəlxalq standartlara tam cavab verməsi, təkmilləşməsi istiqamətində uğurlu siyasət yürüdən dövlətimizin başçısının həyata keçirdiyi islahatlar sayəsində təhlükəsizlik orqanlarının fəaliyyəti də yeni müstəviyə yüksəlib. Azərbaycan polisinin peşə bayramı münasibəti ilə bağlı işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edilməsi haqqında sərəncam dövlət başçımızın qayğısının reallığıdır.
Dövlət başçımızın polis günün ilə bağlı imzaladığı Sərəncama əsasən, işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının həqiqi hərbi xidmət edən hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq vəzifə maaşlarına 2021-ci il iyulun 1-dən Azərbaycan Respublikası Prezidentinin əlavəsi müəyyən edilib.
Qeyd olunub ki, sərəncamın 1-ci hissəsində nəzərdə tutulan hərbi qulluqçulara (bundan sonra – hərbi qulluqçular): Azərbaycan Respublikası Prezidentinin əlavəsi hərbi qulluqçuların aylıq vəzifə maaşlarının 50 faizi həcmində 5 (beş) il müddətində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən ödənilir; 2021-ci ildə Azərbaycan Respublikası Prezidentinin əlavəsinin ödənilməsi "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1241 nömrəli Fərmanının 1.3.5.2-ci "Məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq orqanları üzrə əməyin ödənişi xərclərinin tənzimlənməsi və digər sosial tədbirlər” yarımbəndində nəzərdə tutulmuş vəsaitin, növbəti illərdə isə dövlət büdcəsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin saxlanılması xərclərində nəzərə alınması hesabına təmin ediləcək.
Azərbaycan Respublikası Prezidentinin əlavəsi hərbi qulluqçulara onların Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış sayına və tərkibinə uyğun olaraq ödəniləcək.
Azərbaycan polisi bu gün təhlükəsiz yaşamağımızın zəmanətidir
Onu da qeyd edək ki, 2020-ci il tarixə Azərbaycanın şanlı Qələbəsi ili kimi yazılmaqla yanaşı, COVID-19-la mübarizənin dərinləşdiyi, bu öldürücü virusun insanların sağlamlığını təhdid dövrü kimi də xarakterizə olunacaq. Hər iki cəbhədə mübarizə birliyimizi, həmrəyliyimizi vacib amil kimi önə çəkərək «Biz birlikdə güclüyük!» çağrışının real həyatda öz əksini tapması ilə diqqət çəkir. Hər iki mübarizədə, ümumiyyətlə, ölkəmizdə sabitliyin, təhlükəsizliyin təminatında asayiş keşikçilərinin, təhlükəsizlik orqanları əməkdaşlarının rolu danılmazdır. Onlar hər zaman dövlətimizi, dövlətçiliyimizi, təhlükəsizliyimizi qoruyur, Vətənə, xalqa xidmət missiyasını şərəflə yerinə yetirirlər.
Onların əməyi hər zaman dövlətimizin başçısı İlham Əliyev tərəfindən yüksək dəyərləndirilir. Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, 44 gün davam edən Vətən müharibəsində döyüş meydanında tarix yazan Azərbaycan Ordusunun döyüş qabiliyyəti və maddi-texniki təminat baxımından beynəlxalq standartlara tam cavab verməsi, təkmilləşməsi istiqamətində uğurlu siyasət yürüdən dövlətimizin başçısının həyata keçirdiyi islahatlar sayəsində təhlükəsizlik orqanlarının fəaliyyəti də yeni müstəviyə yüksəlib. Bu təkmilləşmənin, yeniləşmənin nəticələri istər COVID-19-la mübarizə, istərsə də İkinci Qarabağ müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyünün, təhlükəsizliyinin, sabitliyinin yüksək səviyyədə təmin olunmasında özünü qabarıq şəkildə göstərir. Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində Daxili Qoşunların şəxsi heyətindən 66 nəfər şəhid olub, 346 hərbi qulluqçu isə yaralanıb. Doğma yurdumuzun işğaldan azad olunması uğrunda qəhrəmancasına döyüşmüş Daxili Qoşunların əməkdaşlarından 1690 nəfər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallara, o cümlədən 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.
Azərbaycan polisinin fədakarlıq nümunəsi
Bu gün hüquqi, demokratik dövlət olan Azərbaycanda bütün məsələlər məhz qanunlar əsasında tənzimlənir. Ölkə Prezidenti çıxışlarında Azərbaycan dövlətinin, xalqının keşiyində fədakarlıqla dayanan seçilmiş polis əməkdaşlarını daima müdafiə edəyəcəyini dəfələrlə vurğulamışdır: "Polisə olan hörmət dövlətə olan hörmətdir. Polis əməkdaşları qanunun keşiyində dayanırlar. Polis əməkdaşları cinayətkarlığa qarşı mübarizə aparırlar. Onlar öz həyatlarını risk altına qoyurlar və vətəndaşlar bunu unutmamalıdırlar. Yəni cəmiyyətin, ölkəmizin rahat, təhlükəsizlik şəraitində yaşamasını polis orqanları təmin edir. Mən görülmüş bu işləri yüksək qiymətləndirirəm və bilirsiniz ki, polis orqanlarını daim müdafiə edirəm və müdafiə edəcəyəm".
Məhz Azərbaycan polisi də ictimai sabitliyin təmin olunması naminə aparılan hər hansı əməliyyatlarda itki versə də, üzərinə düşən vəzifənin öhdəsindən qətiyyətlə gəlir. Çünki Azərbaycan polisinin əsas amalı vətəninə, dövlətinə sədaqətli xidmət etməkdir. Məhz bu göstəricilər vətəndaşların polisə inam və etimadını daha da artırır, insanlar özlərini daha təhlükəsiz, daha güvənli bir cəmiyyətdə hiss edirlər. Polis ölkədə ictimai-siyasi sabitliyi, qanunçuluğu və hüquq qaydalarını təmin etmək kimi mühüm vəzifələrin öhdəsindən layiqincə gəlir.
Göründüyü kimi, bu gün hər bir vətəndaş əmindir ki, fəaliyyətinin 103-ci ildönümünü qeyd edən Azərbaycan polisi onun həyat və sağlamlığının, hüquq və azadlıqlarının, qanuni mənafelərinin, ictimai asayişinin keşiyində, dövlətin etibarlı mühafizəsindədir.
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB