Milli qürur mənbəyimiz olan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasından 103 il ötür. Qədim tarixi keçmişə malik olan Azərbaycan xalqı hərb sənətinə həmişə böyük önəm vermişdir. Yadellilərin hücumlarına qarşı vətən torpaqları uğrunda müzəffər döyüşmüşdürlər. Tarixi keçmişimiz bizə güclü xalq, güclü dövlət və güclü ordulara malik olduğumuzu göstərir. Hərb sənəti xalqımızda ən-ənənəyə çevrilmişdir. Tarix səhnəsində güclü Azərbaycan dövlətləri və imperiyaları mövcud olmuşdur. Tarixdən bizə məlumdur ki, Əfşarlar imperiyasının süqutundan sonra Azərbaycan məmləkəti kiçik dövlətlərə parçalanmış və iki hissəyə bölünmüşdür. Şimali Azərbaycan Rusiya tərəfindən işğala məruz qaldı. 90 illik əsarətdən sonra 28 May 1918-ci ildə öz yeni dövlətini yaradan Azərbaycan Xalqı ordu quruculuğunda da tarixi tövfəsini vermiş oldu. Güclü ordu və donanma yaratmadan dövlət müstəqilliyini qorumaq mümkünsüz idi. Cumhuriyyətin ilk günlərində Azərbaycan ordusunun yalnız 600 nəfərlik şəxsi heyəti mövcud idi. Bugün qardaş Türkiyənin həm siyasi həmdə hərbi dəstəyini hiss etdiyimiz kimi, 103 il bundan öncə də Azərbaycan Demokratik Respublikası Osmanlı imperiyasının qardaş yardımına inanaraq öz ordusunu yarada bildi. Hökümətin ordu quruculuğunda ilk addımı isə 26 iyun 1918-ci il qərarı oldu. Ümumi səfərbərlik elan olundu. Belə ki, Müsəlman Korpusu “Azərbaycan Korpusu” adlandırıldı. 1 noyabr 1918-ci il tarixində Hərbi Nazirlik yaradıldı. Dünyanın məhşur artileriyaçılarından olan Səməd bəy Mehmandarov nazir və Əliağa Şıxlınski isə onun müavini təyin edildi. Təcrübəli generalların səyləri nəticəsində tez bir zamanda 40 minlik nizami ordunun yaradılmasına nail olundu. Xalq Cumhuriyyətinin süqutu ilə ordu quruculuğu da dayanmış oldu. Azərbaycan xalqı bu sükunətdən ancaq XX əsrin 60-cı illərində çıxa bildi. Ulu öndər Heydər Əliyevin Azərbaycan SSR rəhbərliyinə gətirilməsilə milli kadr hazırlığına başlanıldı. 1971-cildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılmasına SSRİ rəhbərliyi laqeyd qala bilməzdi. Həmin dövrdə bir-birinin ardınca Moskvadan Bakıya göndərilən komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını əsaslandırmağa çalışsalar da, Heydər Əliyevin mahir diplomatiyası və uzaqgörən siyasəti bu cəhdlərin qarşısını almışdı. Bu məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdı.
Birinci Qarabağ müharibəsində Azərbaycanın qəhrəman övladları vətən uğrunda silaha sarılsa da milli birliyin vahid komandanlığın olmaması torpaqlarımızın işğalı ilə nəticələndi. Məğlub olan ordumuz dağıldı. Vətəndaş müharibəsinin başlanmasına səbəb olacaq hadisələrin başlanması iqtisadi və siyasi tənəzzül keçirən Azərbaycana ulu öndərin yenidən hakimiyyətə qayitması ilə yeni nəfəs gəldi. 1993-cü ildən sonra xalqımız üçün çox ağır illərə son qoyuldu. Umummilli liderin Azərbaycan ordusunu yenidən qurmağa başlaması ilə hərbi əməliyyatlarda da üstünlük əldə olundu və atəşkəs bağlandı. Milli ordu sürətli inkişaf yoluna keçdi. Hərbi əməkdaşlıqlar genişləndirildi. Azərbaycanın NATO ilə sıx və səmərəli əməkdaşlığı ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına səbəb oldu. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu. İl ərzində 2 mindən çox Azərbaycan hərbçisi NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsədilər. Beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda zəngin təcrübə qazanan və öz standartlarını NATO standartlarına uyğunlaşdıran Azərbaycan Silahlı Qüvvələri modern orduya çevrildi. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Ulu Öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının yaradılması haqqında fərman imzalamışdır. Ulu öndərin yaratmış olduğu dövlət və ordu bugün dünyanın ən güclüləri sırasındadır. Müzəffər Ali Baş Komandan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hakimiyyətə gəlməsi ilə ordu quruculuğunda yeni era açıldı. Muasir silahlarla təhcizat əsas məqsəd idi. Hərbi kadrların yetişdirilməsi vacib amillərdən olaraq qalırdı. Son 17 il ərzində həm silahlanma həmdə kadr hazırlığı bizə qələbə sevinci yaşatdı. Məlum olduğu kimi 27 sentyabr 2020-ci ildə Müzəffər Azərbaycan ordusu işğala məruz qalmış torpaqlarımızın azad olunması üçün “Dəmir Yumruq” əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Ordusunun tam qələbəsi ilə yekunlaşdı. Cənab Ali Baş Komandanın sözləri ilə desək daha doğru olar; “Bu Qələbənin səbəbkarı Azərbaycan xalqıdır. Biz birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyamızı yerinə yetirdik”. Həqiqətən də başda Ali Baş Komandan olmaqla Azərbaycan Xalqı yetişmiş olan tarixi missiyanı yerinə yetirdi. Əlbəttdə ki, bu ancaq Müzəffər Azərbaycan ordusunun sayəsində mümkün ola bilərdi.
Yaşasın Azərbaycan Ordusu! Yaşasın Ali Baş Komandan!
Elzamin Həsənov
Xəzər rayonu 230 nömrəli tam orta məktəbin Tərbiyə İşləri üzrə direktor muavini
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB