"Hərbi təlimlər iki dövlətin maraqlarına xidmət edir" - HƏRBİ EKSPERT ŞƏRH ETDİ

"Hərbi təlimlər iki dövlətin maraqlarına xidmət edir" - HƏRBİ EKSPERT ŞƏRH ETDİ

““Mustafa Kamal Atatürk-2021” birgə təlimi planlaşdırılmış və Azərbaycan-Türkiyə hərbi əməkdaşlıq çərçivəsində keçirilib. Təlimin məqsədləri də məlumdur. İlk növbədə hərbiçilərin birgə fəaliyyətinin təkmilləşdirilməsi və komandir heyyətinin qarşıda qoyulan tapşırıqları yerinə yetirməsi, qərar qəbul edilməsidir. Hər bir təlim əhəmiyyətli olduğu kimi bu da vacib təlimdir. Təlimdən o yana döyüşdür”. Bunu SİA-ya açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

Onun sözlərinə görə, Azərbaycanla Türkiyənin birgə təlim keçirməsi ilk növbədə Azərbaycan ordusunun peşəkar hərbiçilərinin nəyə qadir olduğunu göstərir: “Türkiyə ordusunun da imkanları genişdir və Türkiyə NATO-nun ən güclü ordularından biridir. Biz Azərbaycanın nəyə qadir olduğunu 44 günlük müharibədə də gördük. Əlbəttə, Azərbaycan-Türkiyə bölmələrinin birgə təlim keçirməsi Azərbaycanın müharibədən çıxmış peşəkar heyyətin təcrübəsinin tətbiqi kimi olacaq. Mən düşünürəm ki, bu təlim türk hərbiçi qardaşlarımıza da maraqlı olacaq”.

Şair Ramaldanov sözlərinə belə davam edib: “İki dövlətin birgə fəaliyyəti həmişə maraqlı olub. Təbii ki, bu bizim qardaşlığımızı, dostluğumuzu daha da möhkəmləndirəcək. Digər tərəfdən təlimlərin keçirilməsi onu göstərir ki, dostlar buna sevinir. Təlim düşmənlərə də bir ismarıcdır ki, Azərbaycan-Türkiyə hərbi əməkdaşlıq və Şuşa bəyannaməsindən sonra da biz sırf praktiki şəkildə bu təlimləri keçiririk. Azərbaycanla Türkiyənin hərbi təlimləri və əməkdaşlığı birinci növbədə iki dövlətin maraqlarına xidmət edir. Digər göstərici də odur ki, Azərbaycanla Türkiyənin iş birliyi regionda stabilliyi qorumaq və hər hansı xarici müdaxiləyə qarşı durmağa xidmət edəcəkdir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə