Komitə sədri çağırış etdi

Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının üzvü, Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin sədri Sadiq Qurbanov çağırış edib. SİA-nın verdiyi məlumata görə, Komitə sədri çıxışında bunları bildirib.

Dəyərli dostlar və vətənsevərlər!

“Ətraf mühitin mühafizəsi haqqında” qanun birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların istifadəsinə münasibətdə 2021-ci il iyulun 1-dən qüvvəyə mindi.

İnzibati Xətalar Məcəlləsinə əlavə edilmiş yeni (275.4 və 275.5-ci maddələr) maddəyə əsasən, birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər isə 3000 manatdan 4000 manatadək cərimə ediləcək.

Eyni zamanda yuxarıda nəzərdə tutulmuş xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər isə 4000 manatdan 5000 manatadək cərimə ediləcək.

Hörmətli həmvətənlər!

Məlumat üçün qeyd edim ki, plastik qablaşdırma tullantıları ətraf mühitə mənfi təsir edən əsas çirkləndiricidir. Aparılmış təhlillər göstərir ki, son 60 il ərzində bərk məişət tullantılarının tərkibində plastik tullantılarının həcmi 1 faiz göstəricidən 12 faizə qalxmışdır. Məsələnin ciddiliyi bir də ordadır ki, plastik tullantılar təbiətdə 100 illər ərzində parçalanmır, həcmi isə il bə il artır. Dünya üzrə 1950-ci ildə 1,5 milyon ton həcmində plastik məhsul istehsal olunmuşdursa, 2019-ci ildə bu göstərici 500 milyon tonu keçmişdir.

Rəsmi statistik məlumatlara əsasən, 2017-ci ildə Azərbaycan ərazisində istehsal olunan plastik qablaşdırma məhsullarının həcmi 2010-il ilə müqayisədə 2,5 dəfə artmışdır. Bununla yanaşı 2009-cu il ilə müqayisədə 2017-ci ildə ölkəyə 5 dəfə çox plastik qablaşdırıcı məhsul idxal edilmişdir. İcra olunan müxtəlif layihələr çərçivəsində aparılan qiymətləndirmələrə görə, ölkədə hər il adambaşına təqribən 24 kq plastik tullantı yaranır.

Xüsusi ilə qeyd etmək istəyirəm ki, adı çəkilən qanunla qalınlığı 15 mikrona qədər olan polietilen torbaların da istifadəsi 1 yanvar 2021-ci il tarixindən qadağan olunub. Lakin demək olar ki, aidiyyəti orqanlar tərəfindən bu qanuna zəif nəzarət olunur, ona görə də hələlik səmərəli nəticə yoxdur. Ümid edirəm ki, ətraf mühitə, ekologiyamıza, ən əsası insan sağlamlığına birbaşa təsir edəcək bu qanun insanlarımızın maarifləndirilməsi və əməli fəaliyyəti, eyni zamanda aidiyyiti orqanların müdaxiləsi nəticəsində çox mühüm nəticələrin əldə olunmasına yardımşçı olacaq.

Hər kəsi özünün və sevdiklərinin sağlamlığı xatirinə bu qanuna əməl etməyə çağırıram".

Bütün xəbərlər Facebook səhifəmizdə