Elmar Məmmədyarov İKT və Ərəb Dövlətləri Liqası ölkələrini Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyini dəstəkləməyə çağırıb

Elmar Məmmədyarov İKT və Ərəb Dövlətləri Liqası ölkələrini Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyini dəstəkləməyə çağırıb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-a işgüzar səfəri çərçivəsində mayın 31-də Nyu-Yorkda BMT Baş Qərargahında İslam Konfransı Təşkilatına üzv dövlətlərin BMT yanında Daimi Nümayəndələrin səviyyəsində keçirilmiş İKT Qrupunun iclasında iştirak edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iclasda sədrliyi həyata keçirən Tacikistanın BMT yanında daimi nümayəndəsi Azərbaycanın İKT-nin fəal dövləti olduğunu qeyd edib, 2006-cı ildə İKT Nazirlər Komitəsinin 33-cü iclasının Azərbaycanda müvəffəqiyyətlə keçirildiyini diqqətinə çatdırıb.

E. Məmmədyarov BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üçün qeyri-daimi üzvlüyünə oktyabrda keçiriləcək seçkilərdə Azərbaycanın namizədliyinin irəli sürüldüyünü, ölkəmizin namizədliyi ilə bağlı nəzərə çarpan üstünlükləri iştirakçıların diqqətinə çatdırıb və cari ilin oktyabrında keçiriləcək seçkilərdə İKT üzv-dövlətlərini ölkəmizin namizədliyini dəstəkləməyə çağırıb.

Azərbaycanda müstəqil siyasətin aparılması, regionda aparıcı dövlət olması, Xəzər-Qafqaz məkanında regional əməkdaşlığın inkişafında, xüsusən regional enerji və nəqliyyat layihələrinin həyata keçirilməsində mühüm rol oynaması, BMT və İKT çərçivəsində bir sıra vacib təşəbbüslərin müəllifi, ölkəmizin İslam dünyasının tərkib hissəsi olması, bu mənada və coğrafi baxımından Avropa və Asiya arasında körpü rolunun oynaması və sivilizasiyalararası dialoqa töhfənin verməsi qeyd edilib. Eyni zamanda, E. Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar prosesi haqqında geniş məlumat verib.

Nazir BMT TŞ-nin 1993-cü ildə Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərini azad etməsi ilə bağlı qəbul etdiyi 4 məlum qətnamənin Ermənistan tərəfindən indiyə qədər yerinə yetirilmədiyini təəssüflə qeyd edərək, BMT Nizamnaməsinə əsasən, TŞ-nin bu cür qətnamələrinin BMT-yə üzv olan dövlətlər tərəfindən yerinə yetirilməsi öhdəliyinin olmasını vurğulayıb.

E. Məmmədyarov həmin gün Ərəb Dövlətləri Liqasının BMT yanında daimi nümayəndələri ilə də görüşüb. Nazir BMT-nin Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üçün qeyri-daimi üzvlüyünə oktyabrda keçiriləcək seçkilərdə Azərbaycanın namizədliyini dəstəkləməyə çağırıb. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, habelə Yaxın Şərq və Afrikada gedən proseslər barəsində fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə