YAP Tərtər rayon təşkilatı “Şəhid ailələrinə qayğı” aksiyasını davam etdirir FOTOLAR

“Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində YAP Tərtər rayon təşkilatının nümayəndələri şəhid ailələrini və qazilərimizi ziyarət ediblər. Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, sağlamlığını itirmiş qazilərimizə xüsusi diqqət və qayğı göstərilir. Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq Ucarda da şəhid və qazi ailələrinin mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir.

YAP Tərtər rayon təşkilatı da Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edir, qayğı və ehtiyacları ilə maraqlanır, kömək və yardımlarını edirlər. Rayon təşkilatının sədri Ramiz Şabanov, rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov və aparat əməkdaşları görüşdə şəhidlərimizin qəhrəmanlıq dastanına çevrilən döyüş yoluna nəzər saldılar, möhtərəm Prezidentimiz, Azərbaycan Silahlı Qüvvələrinin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında igid əsgər və zabitlərimizin döyüş meydanında qazandığı möhtəşəm Qarabağ Zəfərinin xalqımız üçün tarixi əhəmiyyətini xüsusi vurğulayıb. Diqqətə çatdırılıb ki, Vətən müharibəsi Şəhidlərinin ailə üzvləri, qazilər, Müzəffər Ordunun qalib əsgərləri daima Yeni Azərbaycan Partiyasının xüsusi diqqət və qayğısı mərkəzindədir.

YAP Tərtər rayon təşkilatının üzvləri rayonun Köçərli kəndindən Vətən müharibəsində şəhid olanların məzarlarını ziyarət edərək qəbirləri üzərinə gül-çiçək dəstələri qoyub xatirələrini ehtiramla anıblar. Həmçinin, İkinci Vətən Müharibəsinin qazisi Ruslan Hacıyev Rafiq oğlunu ailəsini ziyarət edib, ailəsinə maddi yardım göstərilib. Şəhid ailələrinin üzvləri və qazilərimiz onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına, bütün yerli strukturlara təşəkkürlərini bildiriblər. Torpaq, uğrunda ölən varsa, Vətəndir! Allah bütün Şəhidlərimizə rəhmət eləsin!

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə