“Paşinyanın uğuru Azərbaycan və Türkiyə ilə quracağı münasibətlərdən asılıdır” POLİTOLOQDAN MARAQLI ŞƏRH

“Nikol Paşinyan seçkilərdə qələbə qazandı, uğurlu nəticə əldə etdi və Qarabağ klanını bir qədər kənara atdı. Düzdür, Qarabağ klanı uzun fasilədən sonra yenə də parlamentə qayıtmaq imkanı qazanıb. Bu da onlar üçün müəyyən qədər uğur sayıla bilər. Amma indi Paşinyan təkbaşına hökumət də formalaşdıra bilər, istədikləri nazirləri təyin edə bilər, çünki parlamentdəki səs çoxluğu buna imkan verir.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Mərkəzin rəhbərinin sözlərinə görə, Paşinyanın gələcək uğuru Azərbaycan və Türkiyə ilə quracağı münasibətlərdən asılıdır.

"Əgər bir neçə şərti yerinə yetirərsə, Paşinyan üçün uğurlu nəticələr ola bilər. Bu, nədən ibarətdir? Birinci növbədə, Azərbaycanın ərazi bütövlüyünü, Türkiyənin ərazi bütövlüyünü tanımalıdır. İkincisi, Zəngəzur dəhlizinin işə düşməsinə mane olmamalıdır. Üçüncü və ən əsası, bəlkə də bunu birinci etməlidir, Azərbaycanın bütün minalanmış ərazilərinin xəritələrini verməlidir. Bütün bu addımları atandan sonra Azərbaycan və Türkiyə də qarşılıqlı addımlar atacaq, sərhədlər müəyyənləşəcək, Türkiyə özü də sərhədləri aça bilər, regional layihələrə Ermənistan qoşula bilər. Hətta gələcəkdə Ermənistan Azərbaycan və Türkiyə ilə diplomatik münasibətlər qura bilər və bu, Paşinyan üçün yararlı olacaq. Çünki ölkəsinə sülh, barış və sabitlik istəyirsə, iki böyük qonşusu ilə münasibətləri normallaşdırmalıdır. Düzdür, Koçaryan və Sarkisyan kimi qatillər ona mane olmağa, suyu bulandırmağa çalışacaqlar. Amma əgər Paşinyan heç nəyə baxmadan Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağa başlayarsa, mövqeləri güclənəcək və Koçaryanla Sarkisyan da onu devirə bilməyəcəklər. Paşinyana erməni cəmiyyəti ona görə səs verdi ki, bu cəmiyyət artıq müharibə istəmir və Paşinyana da bu cür mandat verirlər ki, qonşularla münasibətləri normallaşdırsın. İndi hər şey Paşinyanın özündən asılı ola bilər və baxarıq görək hadisələr gələcəkdə necə inkişaf edəcək”, deyə Elxan Şahinoğlu bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə