“Azərbaycanla Pakistan arasındakı strateji müttəfiqlik daha da möhkəmləndiriləcək” ELDAR İBRAHİMOV

Azərbaycan-Pakistan əlaqələri tarixi köklərə malik olduğu qədər həm də müasir dünyamızda cərəyan edən siyasi-ictimai hadisələr, eləcə də qarşılıqlı münasibətlər fonunda inkişaf yolunu tutmaqdadır. Bu reallıq həm də onu sübut edir ki, son vaxtlar ölkələrimiz arasındakı müxtəlif və çoxşaxəli əməkdaşlıq, qardaşlıq mühitinin dinamik xarakter alması bu münasibətlərin daha sıx şəkildə davam etdirilməsinə kifayət qədər münbit zəminlər yaradır.

Qeyd edək ki, bugünlərdə Azərbaycan Respublikasının Milli Məclisinin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə ölkə parlamentinin nümayəndə heyətinin Pakistan İslam Respublikasına səfəri və səfər çərçivəsində çoxsaylı görüşlər keçirməsi də qeyd edilən faktorları ehtiva etməkdədir. İki qardaş ölkə arasındakı münasibətlərin inkişafı ilə bağlı SİA-ya açıqlama verən Milli Məclisin İntizam komissiyasının sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov da qeyd edib ki, iki ölkə arasındakı əlaqələr dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. “Pakistan İslam Respublikasının Quru Qoşunları komandanı ordu generalı Qamar Caved Bacvanın ölkəmizə səfəri və səfər zamanı keçirilən görüşlər, müzakirələr bunu bir daha təsdiqləyir”, deyə qeyd edən parlamentin komissiya sədri xatırladıb ki, Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan dövlətlərdən biri məhz Pakistan İslam Respublikası olub: “1995-ci ildə Pakistan İslam Respublikasının Prezidenti Sərdar Taruq Əhməd Xan Leqarinin Azərbaycana səfəri olub. 1996-cı ildə isə Ümummilli Liderimiz Heydər Əliyevin Pakistana səfərində nümayəndə heyətinin tərkibində mən də iştirak etmişəm və bütün bu görüşlər artıq tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında öz müsbət həllini tapması üçün iki ölkə arasında müdafiə və hərbi-texniki sahədə əməkdaşlığın uğurla inkişaf etməsinə zəmin yaratdı”.

Millət vəkilinin sözlərinə görə, qarşılıqlı əlaqələrin inkişafında Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr də ciddi rol oynayır. Belə ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu Pakistanda bir sıra mühüm layihələr həyata keçirib, zəlzələdən zərər çəkmiş məktəblər təmir olunub, tibb müəssisələri müvafiq avadanlıqlarla təchiz edilib. Azərbaycan və Pakistan çətin günlərdə hər zaman bir-birinin yanında olublar. Bu ənənə bu gün də davam etdirilir. Hər iki ölkə tərəfindən tez-tez qarşılıqlı səfərlər həyata keçirilir. Bunun nəticəsidir ki, Pakistan indiyədək Ermənistanla heç bir diplomatik əlaqə qurmayıb, Ermənistanın suverenliyini tanımayıb. Pakistan ilə Azərbaycan arasındakı bu isti münasibətlər parlamentlərarası əlaqələr səviyyəsində, iqtisadi, humanitar, hərbi və digər sahələrdə uğurla davam etdirilir və bu da öz bəhrəsini verməkdədir.

Eldar İbrahimov qeyd edib ki, 44 günlük Vətən müharibəsi zamanı Türkiyə kimi Pakistan da Azərbaycanın haqq işini dəstəkləyib, Ermənistanın işğalçılıq siyasətinə son qoyulmasında ölkəmizin ədalətli mövqeyinin müdafiəsində prinsipiallıq nümayiş etdirib. Həmçinin Azərbaycan da Kəşmir məsələsində Pakistanın mövqeyini dəstəkləyib və bununla əlaqədar bəyanatlar verib.

“Azərbaycan Prezidenti cənab İlham Əliyev iyunun 21-də Pakistanın Quru Qoşunlarının komandanı Qamar Cavad Bacvanı qəbul edərkən bu məqamları vurğulayıb, Pakistanın ölkəmizin haqq işinə dəstəyini yüksək qiymətləndirib. Ümumiyyətlə, hesab edirəm ki, bu səfər Pakistanla Azərbaycan arasında müdafiə və hərbi-texniki sahədə əməkdaşlığın davam etməsinin bariz nümunəsidir. Fikrimcə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında məhz xalqımız üçün əziz və müqəddəs olan 15 İyun - Milli Qurtuluş Günündə Şuşa Bəyannaməsinin imzalanması Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu, bərabərliyi, həmrəyliyi və müttəfiqliyini ən üst səviyəyə, dünya üçün nümunə, örnək ola biləcək bir məqama qaldırmaqla gələcəkdə Azərbaycanla Pakistan arasında da strateji müttəfiqlik və hərbi-siyasi əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün belə bir Bəyannamənin imzalanmasına gətirib çıxaracaq və Azərbaycan-Türkiyə-Pakistan dostluğunu, qardaşlığını daha da möhkəmləndirəcək”, - deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.

Millət vəkili Pakistana səfər zamanı keçirilən görüşlər barədə də münasibətii açıqlayaraq qeyd edib ki, Azərbaycanın parlament heyəti səfər çərçivəsində bu ölkənin prezidenti cənab Arif Alvi, Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysər, Pakistan senatının sədri Məhəmməd Sadiq Sancrani, eləcə də hər iki qurumun dostluq qrupları ilə səmərəli görüşlər keçiriblər. Görüşlər zamanı vurğulanıb ki, dost və qardaş ölkələr olan Pakistanla Azərbaycanın münasibətləri strateji müttəfiqlik səviyyəsindədir. O cümlədən, Prezident İlham Əliyev cənablarının iki ölkə arasındakı münasibətləri barədə vurğuladığı “Azərbaycanla Pakistanın bir-birinə qarşılıqlı dəstəyi bizim əməkdaşlığımızın qardaşlıq xüsusiyyətini əks etdirir” fikri görüşlər əsnasında xatırlanıb.

Eldar İbrahimov keçirilən görüşlər zamanı parlamentin sədri Sahibə Qafarovanın torpaqlarımızın 30 illik işğalı dövründə dost və qardaş Pakistan dövlətinin verdiyi dəstəyinə də toxunduğunu bildirib. “Sahibə Qafarova Pakistan dövlətinə və parlamentinə Azərbaycan tərəfinin dərin minnətdarlığını bildirib. Qeyd edib ki, Xocalı faciəsi ilə əlaqədar Pakistanın parlamenti və müxtəlif qurumları tərəfindən qəbul olunmuş sənədlər böyük əhəmiyyət daşıyır”, deyə o qeyd edib və onu da bildirib ki, görüşlərdə həm Pakistan dövlətinin başçısı, həm də parlamentin hər iki palatasının rəhbərləri Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsindən böyük sevinc və qürur hissləri duyduqlarını bildiriblər və Pakistanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini dəstəklədiyini vurğulayıblar.

“Səfər çərçivəsində keçirilən görüşlərdə parlamentlərarası əlaqələrimizin inkişaf perspektivləri ətraflı müzakirə olunub, beynəlxalq parlament qurumları çərçivəsində əməkdaşlığın, eləcə də ikitərəfli siyasi, iqtisadi, ticarət, mədəni əməkdaşlığın genişləndirilməsi vacibliyi vurğulanıb”, deyə Eldar İbrahimov qeyd edib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə