Azərbaycan həm diplomatik, həm də hərbi sahədə güclü dövlətdir

Prezident İlham Əliyev: “Heç kim bizi bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Bəli, artıq 30 illik həsrətdən, nisgildən sonra Qarabağın tutqun üzü açıldı, başındakı duman, çən dağıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz, qəhrəman əsgərlərimiz müqəddəs torpaqlarımızdan düşmənin murdar ayağını kəsdi. Bütün elimizə, obamıza qələbə ərməğan etdi, yurdundan didərgin düşən yüz minlərlə vətəndaşımızın Vətən yarasına məlhəm çəkdi, yurda qayıdış ümidlərini dirçəltdi. Qalib Sərkərdəmiz işğaldan azad edilən Vətən torpaqlarına başı dik, üzü ağ, qürurlu bir qəhrəman kimi qədəm qoydu...

Bu torpaqları düşməndən azad edən Müzəffər Ordunun Ali Baş Komandanı kimi Azərbaycan bayrağını qaldırdığını bildirən Qalib Liderimiz deyib: "Bizim Qələbəmiz tarixi Qələbədir. Biz tarixi ədaləti bərpa etdik. Biz öz haqlarımızı bərpa etdik, biz şəhidlərimizin qanını aldıq, biz düşməndən qisas aldıq və qayıtmışıq. İndi isə bərpa işləri gedir və gedəcək. Mən demişəm, biz bu bölgəni - Qarabağı cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib. Bütün işlər görülür, planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.

Şərtləri qaliblər diktə edir

Güclü ideyanı müdafiə edən xalq güclü olduğu kimi, güclü ölkənin güclü, qətiyyətli lideri də güclü olur. Məhz elə buna görədir ki, 18 il əvvəl "Mən hər bir Azərbaycan vətəndaşının prezidenti olacağam" məramı ilə Prezident İlham Əliyevin həyatı xalqına və Vətəninə həsr olunmuş əsl lider ömrüdür. Bu gün Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin "Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır" fikirlərini reallığa çevirərək bir daha isbat etdi ki, O, məhz Vətəninin, xalqının rifahı üçün yaşayan Liderdir. Və bu gün qazanılan qələbələr Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin milli maraqlarımıza söykənən müstəqil siyasətinin, beynəlxalq arenada yüksək nüfuzunun, Güclü Ordumuzun, rəşadətli əsgərlərimizin və xalqın birliyinin məntiqi nəticəsidir. Bir sözlə, Böyük Azərbaycan zərrə-zərrə işğal edilsə də, ağır döyüşlərdə büdrəsə də, heç vaxt yıxılmamışdır. Dəfələrlə aramsız müharibələrə, talanlara, işğallara məruz qalan ana yurd Prezident İlham Əliyevin sözləri ilə desək, heç vaxt indiki qədər qüdrətli olmamışdır. Çünki dövlət başçımız haqlı olaraq bəyan edib ki, mövcud durumda situasiyanı Azərbaycan müəyyənləşdirir. İndi şərtləri cənab İlham Əliyev diktə edir! Rusiya Federasiyasının vasitəçiliyi ilə baş tutmuş Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin Moskva görüşü nəticəsində 10 oktyabr 2020-ci il tarixi saat 12.00-dan etibarən humanitar atəşkəsə riayət olunması razılığının əldə olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri bu razılığı kobud şəkildə pozmaqla bir daha riyakarlığını nümayiş etdirdisə, Azərbaycan dövləti də haqq yolunda, Vətən yolunda mübarizə apardığını göstərdi. Və bu gün bütün dünya bir daha erməni hiyləsinin, riyakarlığının şahidi oldu. Bununla bir daha sübut olundu ki, humanitar məqsədə xidmət edən atəşkəslə yanaşı, ehtiyat tədbirləri də paralel aparılmalıdır. Eyni zamanda, atəşkəs danışıqlarında, digər ikitərəfli, çoxtərəfli platformalarda şərtləri məhz Azərbaycan müəyyən edir. Bu, o deməkdir ki, Azərbaycana qarşı hər hansı şərtlərin irəli sürülməsindən söhbət gedə bilməz və atəşkəs istəyən tərəf beynəlxalq hüquq normalarına əməl etməlidir. Bu sadə gerçəkliyi artıq hamı başa düşməlidir.

Azərbaycan Prezidenti haqlı olaraq bəyan etdi ki, mövcud durumda situasiyanı Azərbaycan müəyyənləşdirir. İndi şərtləri cənab İlham Əliyev diktə edir. Dövlət başçımız şərtlərini bir daha qətiyyətlə bildirdi: Ermənistan silahlı birləşmələri Azərbaycan torpağından tamamilə çıxarılmalı, N.Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını etiraf etməli, Azərbaycan xalqından üzr istəyərək "Qarabağ Ermənistan deyil" fikrini söyləməli və işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması cədvəlini hazırlayıb Azərbaycana təqdim etməlidir. Əgər Azərbaycan Prezidentinin bu şərtlərinə əməl olunarsa, atəşkəs rejimi bərpa ediləcək. Paşinyan rejiminə güzəşt yoxdur. İllərdir sülh istəyən, humanist siyasət aparan Azərbaycanla artıq kimsə diktə dili ilə danışa bilməz.

Bəli, bu gün Azərbaycan xalqı bir daha gördü ki, Azərbaycan Prezidenti daima xalqı ilə birlikdədir, onların yanındadır, bütün görülən işləri də xalqına aydın şəkildə çatdırır. Dövlət başçımızın dediyi kimi: "Mən bu ardıcıllıq haqqında Azərbaycan xalqına dəfələrlə demişəm ki, biz hansı işləri görəcəyik, insanlar da bilsinlər".

Bir sözlə, bu gün Azərbaycan artıq yeni bir perspektivə köklənib. Dövlətimizin gerçəkləşdirdiyi tədbirlər nəticəsində qısa zamanda işğaldan azad olunmuş ərazilərimizə Böyük Qayıdışımızı həyata keçirə biləcəyik. Həmin gün isə uzaqda deyil. Və uzaqda olmayan illər ərzində bütün əsas infrastruktur layihələri - dəmir yolu, avtomobil yolları, elektrik enerjisi istehsalı və su təchizatı layihələri başa çatdırılacaq və hər kəsin səbrsizliklə gözlədiyi Böyük Qayıdış baş verəcək. Dövlət başçımızın dediyi kimi, «Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik».

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə