Zohrabyanın Avropaya verdiyi sifarişlər nəyə hesablanıb?

AŞPA sessiyasında Ermənistan parlamentinin deputatı, bu ölkənin Avropa Şurası Parlament Assambleyasındakı erməni nümayəndə heyətinin üzvü Naira Zohrabyan çıxış edib və yenidən erməni əsirləri məsələsinə toxunub. Halbuki Zohrabyan bundan əvvəl də Avropa Şurasında oxşar bəyanatla çıxış etmişdi. Həmin çıxışında da erməni deputat avropalı parlamentariləri qınayaraq, onları Ermənistanda baş verən hadisələrə biganə qalmaqda ittiham etmişdi. Düzdür, həmin çıxışdan sonra həm iclasın gedişində, həm də foyedə N.Zohrabyana həddini bildirmişdilər və ona ölkəsində baş verənlərə görə yalnız Ermənistan hakimiyyətinin günahkar olduğunu başa salmışdılar. Görünür Zohrabyana bu, dərs olmayıb.

Çıxışında Zohrabyan Avropanın nüfuzlu qurumunda təmsil olunan deputatları sözün əsl mənasında ittiham edərək ölkəsinin sifarişlərini onlara çatdırıb, üstəlik də bəyanatlardan konkret addımlara keçməyin zamanı gəldiyini bildirib. Bəs erməni deputatın sifarişlərində hansı "maddələr" var. Naira Zohrabyanın "sifarişlər" toplusunun ilk sətirində Avropa Şurasından Azərbaycan nümayəndə heyətinin fəaliyyətini dayandırmaq tələb edilib. Və bunu belə əsaslandırıb ki, yalnız zor dili ilə danışmaqla erməni əsirlərini Azərbaycanın əlindən almaq olar.

N.Zohrabyanın AŞPA-dakı çıxışı bütövlükdə şər-böhtan, qarayaxma üzərində qurulub, bu danılmazdır. Onun çıxışında həqiqətdən, obyektivlikdən uzaq, Ermənistanın Azərbaycana qarşı yürütdüyü 30 illik işğalçılıq siyasətini görməzdən gəlməyə, unutdurmağa hesablanmış nüanslar var. Onun ilk cümləsi belədir: "Bu gün Avropa siyasətçiləri nifrətin və dözümsüzlüyün ciddi bir problemə çevrildiyi zaman populizmdən, yalanlardan, manipulyasiyalardan uzaq durmalı və siyasi rəqiblərə qarşı mübarizədə qəbuledilməz vasitələrdən istifadə etməməlidirlər".

Belə yerdə deyərlər, nə oldu, Zohrabyan, ədalət, obyektivlik indimi yadına düşdü? 30 il Azərbaycan torpaqlarında at oynatdınız, 4 minə yaxın soydaşımızdan, qarabağlılardan, azərbaycanlılardan hələ də xəbər yoxdur. Azərbaycan 30 il itkin düşənlərlə bağlı Ermənistana və beynəlxalq təşkilatlara sorğular göndərdi, Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) xətti ilə axtarış apardı. Amma azərbaycanlı girovlardan, hərbi əsirlərdən xəbər çıxmadı. Halbuki, həmin şəxslər öz torpaqlarını, ata-baba yurdlarını qoruyaraq əsir düşmüşdülər. Erməni terrorçuları isə Ermənistanın ayrı-ayrı bölgələrindən, Fransa, Rusiya, ABŞ, Livan, Suriya, Gürcüstan kimi ölkələrdən muzdlu kimi gəlmişdilər. Terrorçular öldürməyə, qan tökməyə gəlmişdilərsə, Azərbaycan vətəndaşları torpaq, yurd namusunu qorumaq üçün silaha sarılmışdılar.

Əslində Naira Zöhrabyan nə dediyinin fərqindədir. Deputat qadın soydaşlarının keçmişdə törətdiklərini görməzdən gəlir, hamının gözlərinə baxa-baxa siyasi ərköyünlük edir, yalanın, iftiranın hesabı sorulmayacaq kimi davranır. Amma, hesab etsək ki, nairakimilər 30 il belə öyrəniblər, kimsə onlara "gözünün üstündə qaşın var" deməyib, Zohrabyanın AŞPA təmsilçilərinə şərt qoyması və onlara Azərbaycana cəza verilməsini tələb etməsini başa düşmək olar. Çünki, 30 il başına çomaq dəyməyən it çomağın da nə olduğunu bilməz. Amma erməni işğalçılarının başına "dəmir yumruq" dəyəndə ölənin kim olduğunu anladılar və ona görə də yalan, iftira söyləməkdən zərrə qədər də çəkinmirlər.

Müharibədə BQXK-nin "xidmətləti"ni də unutmaq olmaz. Amma baxır tərəflərdən hansına necə davranıb. Əsirlərin dediyinə inansaq ermənilər BQXK-nin nümayəndələrinin gözü qarşısında və kimsədən çəkinmədən azərbaycanlı əsirlərə işgəncə veriblər. Həmin nümayəndə isə baş verənlərə ən uzağı loyal reaksiya verib. Bir faktı da deyək, günahı valideynlərinin qəbirlərini ziyarət etmək, doğma yurduna baş çəkmək olan Dilqəm Əsgərov tutulanda hansı görkəmdə idi, qondarma "məhkəmə"si olanda nə halda idi? Halbuki Azərbaycanda olan erməni diversantlar bu müddət ərzində həbsxanada yox, sanki pansionatda imişlər. Çünki BQXK-nin əməkdaşları hər həftə onlara baş çəkir və hətta çəkilərini də yoxlayırmışlar. Bu təşkilatın öz işini nə qədər səmərəli apardığını demək bu qədər.

Bir reallığı da xüsusi olaraq qeyd edək ki, BQXK-nin əməkdaşları I Qarabağ müharibəsində itkin düşən azərbaycanlıların axtarışlarına çox həvəssiz qoşulurdular. Bunu da şahidlər deyir. Qarabağda əsir götürülən Azərbaycan vətəndaşları Ermənistanda (?!) olan zaman onlarla birgə digər soydaşlarımızın da olduğu xəbərini versələr də rəsmi İrəvan bu faktları qəti şəkildə inkar edirdi. 4 minə yaxın soydaşımızın taleyindən bu günə qədər xəbər yoxdur. Onların da ata-anası, oğul-uşagı, bacı və qardaşı, yolunu gözləyəni var. Necə olur, Azərbaycan vətəndaşları əsir, yaxud girov götürülür, onlara işgəncə verilir, hətta öldürülür və bundan Avropa institutlarının birinin də tükü tərpənmir. Amma müharibə bitdikdən sonra Azərbaycan ərazilərində terror aktları, diversiyalar törətmək üçün məhz Ermənistandan 300-dən artıq xüsusi təlim keçmiş əsgər göndərilir və onlar ələ keçirilir, bundan sonra aləm dəyir bir-birinə. Guya həmin terrorçi-diversantlar Azərbaycan ərazilərinə ekskursiyaya gəlibmişlər. Utanmasalar, siyasi abır-həyaları tükənsə bu fikri də səsləndirərlər.

Naira Zohrabyan ölkəsinin Azərbaycan torpaqlarını 30 illik işğal etməsinə, 4 minə yaxın Azərbaycan vətəndaşını barbarcasına girovluqda saxlamasına, kənd və şəhərlərimizi yer üzündən silmələrinə, milli-mədəni, tarixi abidələrimizi talan etmələrinə rəğmən avropalı parlamentarilərindən Azərbaycan nümayəndə heyətinin səsvermə hüquqlarının dayandırmırsını tələb etməsi bu qadın siyasətçinin psixologiyasında problemlərin olduğuna dəlalət edir. Təkcə bu qadının yox, bütün erməni siyasətçilərinin zaman-zaman Azərbaycanı ittiham etmələri, beynəlxalq təşkilatlarda məsuliyyət hissi duymadan yalan, iftira söyləmələrinin bundan sonra da davam edəcəyi gözləniləndir. Buna hər zaman hazır olmalıyıq.

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə