“Paşinyanın seçki zəfərinin Pirr qələbəsindən fərqi olmaya bilər” DEPUTATDAN MARAQLI YANAŞMA
Ermənistanda Parlament seçkilərinin baş tutması və ilkin nəticələrin elan olunması hələ bu ölkədə ictimai-siyasi sabitliyin bərqərar olunacağına zəmanət vermir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
Millət vəkilinin sözlərinə görə, Paşinyanın qələbəsi Ermənistanın faktiki sahibi Rusiya üçün arzuolunan deyil, çünki, Paşinyan hakimiyyətinin ilk dönəmində antirus təbliğat və siyasət kursu seçərək daha çox qərbə üz tutmuşdu və bu mənada indiki halda Rusiya özü olmasa da ən azından Rusiyanın sadiq tərəfdarları Paşinyanın qələbəsini sakit həzm etməyəcək.
“Bir tərəfdən Ermənistanda heç bir real perspekivə əsaslanmayan revanş ideyaları hələ də güclüdür və bu düşüncədə olan adamların gözündə Paşinyan “güclü Ermənistanı” satmış xaindir və bu “xainin” yenidən hakimiyyətə gəlməsi həmin qüvvələr tərəfindən sakit qarşılana bilməz. Üstəlik, Ordu komandanlığında təmsil olunan və hətta, aralarında Baş Qərərgah rəisi də daxil olmaqla ayrı-ayrı nüfuzlu generallarla Nikol Paşinyan arasında kifayət qədər gərgin münasibətlər var. Habelə, Ermənistanı xaricdə təmsil edən diplomatlar da daxil, Xarici siyasət sistemi Paşinyana o qədər də etmiad göstərmir və seçkilərdə bu məqam bir daha üzə çıxdı.
Lakin, onu da unutmaq olmaz ki, Paşinyan tərəfdarları hazırda ən azı 50% üzərində bir güc olmaqla nə bu hücumlar, nə də tabesizlik göstərən generalitet və diplomatlar qarşısında gözləmə mövqeyi tutmayacaq. Yəni əsas mübarizə hələ qarşıdadır və bu mübarizənin vətəndaş müharibəsi fazasında keçməsi ehtimalı belə mümkündür. Əlbəttə, biz qonşularımızla dinc əməkdaşlıq şəraitində yaşamağı arzu edən tərəf olaraq erməni xalqının saxtakar siyasətçilərdən, hərbi canilərdən və zərərli ideologiyadan ən qısa zamanda qurtulub, öz bədbəxliyinin fərqinə varıb Azərbaycanın onlara tanıdığı bu tarixi şansdan yararlanaraq dalandan çıxıb inkişaf yoluna qədəm qoymasını arzu edirik. Amma, eyni zamanda hər kəs də bilməlidir ki, Ermənistanda nə baş verməsindən asılı olmayaraq reallaşa biləcək bütün ssenarilər Ermənistanın daxilini məsələləridir və ümumilikdə bölgədə sülh və stabitliyə təhdid deyil. Çünki, bölgənin yeni konfiqurasiyasını Azərbaycan 44 günlük müharibədən sonra əvvəlcə hərbi, daha sonra siyasi-məcburetmə yolu ilə müəyyən edib. Dəmir yumruq istənilən anda bizim diqtəedici rolumuzu şübhə altına alacaq bütün cəhdləri aradan qaldırmağa qadirdir və ordumuzun gücü bu məsələdə bizim əsas zəmanətimizidir. Digər tərəfdən, ortada 10 noyabr Bəyanatı ilə Rusiyanın, Şuşa Bəyanatı ilə isə Türkiyənin qarantorluğu təsbit edilib və Ermənistan hətta möcüzə nəticəsində güc toplasa belə, həm gücümüz, həm də bu Bəyanatlar qarşısında əli-qolu bağlıdır. İndi Paşinyanın vəziyyətdən çıxmaq üçün yalnız bir yolu var, ən qısa zamanda bütün şərtlərimizi qəbul edib Azərbaycan və Türkiyə ilə münasibətləri bərpa edərək, kommunikasiya xətlərini açaraq, təcavüzkar ideyalardan rəsmən imtina edərək ölkəsində iqtisadiyyatı canlandırıb erməniləri dalandan qurtarmaqla xalqının dəstəyini qazanmaq, bu yolla da rəqiblərindən qurtulmaq. Əks halda Paşinyanın seçki zəfərinin Pirr qələbəsindən fərqi olmayacaq”, deyə Bəhruz Məmmədov bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB