“Şuşa bəyannaməsinin mahiyyəti ondan ibarətdir ki,...” - DEPUTAT İZAH ETDİ

“Şuşa bəyannaməsinin mahiyyəti ondan ibarətdir ki,...” - DEPUTAT İZAH ETDİ

“15 iyun 2021-ci tarixli müttəfiqlik haqqında imzalanan Şuşa Bəyannaməsi əlbəttə ki, tarixi bir nailiyyətdir və Azərbaycanla Türkiyənin bundan sonra da birgə daha güclü olmasına təkan verəcək. Birincisi 15 iyun tarixində imzalanması ilk növbədə ölkəmizdə Milli Qurtuluş günü kimi qeyd olunan bir tarixdir və 28 il ərzində parçalanmaqdan, xalqımızın məhv olunmasından qurtulduğumuz gündür. Bu günü məhz Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının məhv olunmasının qarşısının alınması günü kimi qeyd edirik. Bu, 28 il ərzində Azərbaycanın haradan haraya gəlməsini göstərir. Bu illər ərzində Azərbaycan doğrudan da böyük bir yol keçib. Bu da onun qüdrətli bir dövlətə çevrilməyindən xəbər verir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Cavid Osmanov deyib.

Onun sözlərinə görə, ikincisi bu bəyannamənin adı, yəni, müttəfiqlik haqqında “Şuşa bəyannaməsi” bir çox şeydən xəbər verir: “Burada Azərbaycan məhz işğal altında olan torpaqlarımızı və Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada imzalanması əlbəttə ki, əlamətdar bir hadisədir. Şuşa bəyannaməsi bölgədə uzun müddət sülhün, əmin-amanlığın qorunmasına, ölkələrin qarşılıqlı əməkdaşlığına, inkişafına və xalqların firavan yaşamasına böyük töhvə verəcək. İki ölkə arasında imzalanan bu bəyannamə iki qardaş ölkəni daha da yaxınlaşdırır. Biz bundan sonra da böyük bir inkişaf yolu görəcəyik. Bu həm də bütün sahələrdə hüquqi bazanın yaranmasına da böyük töhvə verib. Burada isə ilk növbədə hərbi əməkdaşlıqdan danışa bilərik. Ölkəmizə qarşı hər hansı bir təcavüz olarsa, iki qardaş ölkənin birgə məsləhətləşməsi və hərbi dəstək göstərməsi, hərbi sənayenin inkişafı, Zəngəzur dəhlizinin açılması çox vacib rol oynayır. Bu dəhliz eyni zamanda qardaş Türkiyə ilə Azərbaycanı birləşdirən nəqiliyyat və dəmir yolu xəttidir”.

Deputat sözlərinə belə davam edib: “Digər bir tərəfdən Türkiyə və Azərbaycan enerji daşıyıcıları qurumlarının birgə fəaliyyəti nəticəsində Avropanın enerji şaxələndirməsinə növbəti bir töhvə verməsi iki ölkə arasında Avropa ölkələri ilə daha sıx əməkdaşlıq etməsinə böyük təkan verəcək. Eyni zamanda iqtisadi imkanlarımızı da daha da gücləndirəcək. Digər bir tərəfdən diaspora, media, mədəniyyət, gənclər siyasəti, idman təhsil və digər sahələrdə əməkdaşlıq edilməsi iki qardaş ölkəni biri-birinə daha çox bağlayır”.

“Əlbəttə ki, ölkəmizdə 48 siyasi partiyanın bu bəyannaməyə dəstək verməsi, birmənalı olaraq yüksək qiymətləndirilməsi, Azərbaycan dövlətinin yanında olduqlarını bildirməsi ölkəmizdə milli birliyə verilən növbəti bir töhvədir. Çünki son illər ərzində bu sahədə böyük işlər görülüb. İstər Vətən müharibəsində, istərsə də indiki dövrdə də biz gördük ki, milli birlik olduğu yerdə bütün qarşıda olan problemləri həll edə bilərik. Çox təəssüf ki, Şuşa bəyannaməsinin imzalanmasında iki siyası partiya, yəni, əgər bunları siyasi partiya adlandırmaq olarsa, AXC və Müsavat növbəti dəfə milli birliyimizə töhvə verməyərək ümumi bəyanata imza atmadılar. Bu da onların bir daha erməni lobbisinə xidmət etmələrindən xəbər verir. Çünki, Şuşa bəyannaməsinin imzalanmasını Azərbaycanla Türkiyənin daha sıx birləşməsi, daha qüdrətli olmasıdır. Bir sözlə, Şuşa bəyannaməsi bölgədə inkişafa, tərqqiyə xidmət edir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə