“Azərbaycan 103 il ərzində ilk dəfədir ki,...” - HƏRBİ EKSPERT AÇIQLADI

“Azərbaycan 103 il ərzində ilk dəfədir ki,...” - HƏRBİ EKSPERT AÇIQLADI

“26 iyun tarixi 1998-ci ildən sonra Azərbaycan Respublikasının Silahlı Qüvəllər günü kimi qeyd edilir. 103 il əvvəl yaradılan Ordumuzun varisi olan Azərbaycan Silahlı Qüvvələri şanlı bir döyüş tarixinə malikdir. 1991-ci ildə Azərbaycan ordusu çox çətin hərbi-siyasi proseslərin fonunda yaradılmağa başlamışdır. Bir tərəfdən ölkə daxilindəki separatizm meyilləri, digər tərəfdən Ermənistanın işğalçılıq faliyyətləri, üçüncü tərəfdən isə qonşu ölkələrin Azərbaycan ərazilərində maraqlarının mövcudluğu kifayət qədər ciddi problemlər yaradırdı”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, 1993-cü ilə qədər ordumuz daha çox könüllü özünümüdafiə dəstələri və az miqdarda nizami ordu bölmələri ilə təmsil olunurdu: “Həmin dövr hadisələrinin iştirakçısı kimi qeyd edə bilərəm ki, Azərbaycan ordusu həm daxili, həm də xarici düşmənlərlə mübarizə aparmaqla bərabər həm də yenidən yaranma dövrünü keçirdi. Müharibə şəraiti prosesin daha da çətinləşməsinə gətirib çıxarırdı. Çünki bölmələr eyni zamanda həm işğalçılara qarşı fəaliyyət göstərməli, həm formalaşdırılmalı, həm də yeni ştat sturukturuna keçid etməli idi”.

Ekspert sözlərinə belə davam edib: “2010-cu ildən sonra isə Azərbaycan Silahlı Qüvvələri yeni bir formatda inkişaf konsepsiyasını qəbul etdi, hərbi doktrinamız dəyişdi. Azərbaycanın həm Türkiyə, həm NATO, həm də digər tərəfdaş ölkələrlə hərbi texniki və müdafiə sahəsində əməkdaşlıq aparması nəticəsində Silahlı Qüvvələrimizdə köklü dəyişikliklər baş verdi. Demək olar ki, bütün silah-sursat və texnika arsenalı müasir silah sistemləri ilə dəyişdirilməyə başladı. 2016-cı il Aprel müharibəsində Azərbaycan ordusunun real potensialı həm işğalçı ölkə Ermənistana, həm də digər region ölkələrinə aşkar şəkildə nümayiş etdirildi. Azad olunan ərazilər çox böyük olmasa da, aparılan 4 günlük müharibə Azərbaycanın artıq yeni nəsil müharibəyə hazır olduğunu göstərdi”.

“Silahlı Qüvvələrimizin Talış kəndi, Lələ Təpə yüksəkliyi, Günnüt kəndi və Babakər dağı istiqamətində həyata keçirdiyi əməliyyatlar, 2020-ci ilin sentyabrında başlayan 44 günlük müharibənin nə ilə nəticələnəcəyini əvvəlcədən ehtimal etməyə əsas verirdi. Uzun illər boyu döyüş əməliyyatlarına hazırlıqlarını kifayət qədər instensiv şəkildə davam etdirən Azərbaycan Silahlı Qüvvələri Vətən Müharibəsində çox ciddi naliyyətlər əldə edərək 30 il işğal altında olan ərazilərimizi düşməndən azad etdi. Azərbaycan Əsgəri yarandığı 103 il ərzində ilk dəfədir ki, qalib bir ordu kimi özünün il dönümünü qeyd edir. Bu qələbənin əldə edilməsi heç də asan olmayıb. Şəhidlər verdik, yaralılarımız oldu, az sayda itkinlərimiz də qalmaqdadır.

Azərbaycan xalqının əyilmiş qamətinin düzəldilməsində, adımızı qalib xalqlar sırasında yazılmasında başda Ali Baş Komandanımız olmaqla, əməyi keçən hər bir kəsə, Silahlı Qüvvələrimizin hər bir üzvünə öz dərin minnətdarlığımı bildirirəm. Allah şəhidlərimizə rəhmət eləsin, yaralılarımıza şəfa, itkin ailələrinə isə səbr versin.

Bu möhtəşəm gün münasibəti ilə Silahlı Qüvvələrimizin əsgərinə qədər bütün rəhbər heyyətini səmimi qəlbdən təbrik edirəm. Onlara müqəddəs və şərəfli xidmətlərində müvəffəqiyyətlər arzu edirəm. Yaşasın Azərbaycan! Yaşasın Azərbaycanın Silahlı Qüvvələri!”

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə