Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə birliyini, qardaşlığını bütün dünyaya bir daha nümayiş etdirdi ŞƏRH
İyunun 15-də Qars müqaviləsindən 100 il sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyev arasında işğaldan azad olunan Şuşada tarixi bəyannamənin imzalanması iki dost və qardaş ölkə arasında birliyin, qardaşlığın bütün dünyaya bir daha nümayişi idi. Həmçinin, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətlərinin bununla yüksək zirvəyə və yeni mərhələyə qədəm qoyduğunu bir daha göstərdi. Bu tarixi sənəd, həmçinin iki qardaş ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinin, eləcə də ortaq maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin məntiqi nəticəsi olaraq ölkələrimizin regional və beynəlxalq rolunu, çəkisini daha da artıracaq.
44 günlük Vətən müharibəsi zamanı qardaş Türkiyə Azərbaycanın yanında oldu, Qarabağ məsələsini öz problemi hesab etdi. 2021-ci il iyunun 15-də Şuşa Bəyannaməsinin imzalanması bir daha sübut etdi ki, Azərbaycan-Türkiyə dostluğu əbədidir, sarsılmazdır. Azərbaycan və Türkiyə tarix boyu həmişə bir-birinin yanında olublar və indi də belədir. Türkiyə Respublikası həm münaqişə, həm də Vətən müharibəsi dövründə Azərbaycanın mövqeyini yüksək səviyyədə dəstəklədi və siyasi və mənəvi köməyini əsirgəmədi. Qars müqaviləsi üzrə Türkiyə üzərinə hansı məsuliyyəti götürübsə, Şuşa Bəyannaməsində hər iki dövlət - Azərbaycan və Türkiyə öz üzərinə məsuliyyət götürdü. Azərbaycan da öz növbəsində hər zaman qardaş Türkiyənin yanında olduğunu bildirib və bundan sonra da olacaq. Şuşa Bəyannaməsinin imzalanması həm də dünyaya bir mesajdır. İki ölkənin başçısı Şuşadan mesaj verdilər ki, Qarabağ Azərbaycanındır və onun təhlükəsizliyi üçün hər hansı maneə olarsa, mütləq cavabı veriləcək. Və iki qardaş ölkənin Prezidentləri çıxışları ilə Şuşadan mesaj verməklə bu bölgənin artıq sülhün, təhlükəsizliyin, qarşılıqlı əlaqələrin, əməkdaşlığın məkanına çevriləcəyini dünyaya nümayiş etdirdilər. Çünki zamanın çoxəsrlik sınağından çıxan Azərbaycan və Türkiyə xalqlarının qardaşlığı, dostluğu hər hansı iqtisadi, siyasi maraqlar üzərində qurulmayıb. Bu, eyni dindən, soykökündən gələn, qardaşlıqdan doğan münasibətdir və bu dostluğa heç bir qüvvə mane ola bilməz və bu gün bu münasibətlər hazırda özünün ən uca zirvəsinə yüksəlib. Qardaş ölkənin prezidenti R.T.Ərdoğanın “Türkiyə hər zaman Azərbaycanın yanındadır!” mesajı ölkəmiz üçün çox böyük və həlledici əhəmiyyəti oldu. “Şanlı Qələbəmizə həsr olunmuş “Zəfər paradı”nda da iki ölkə başçılarının yanaşı dayanması və qələbəni birlikdə qeyd etməsi bu birliyin sarsılmazlığının, gücünün daha bir təzahürü idi. Bu nöqteyi-nəzərdən Ərdoğanın Qələbədən sonra ölkəmizə budəfəki səfəri qardaşlıq, birlik mesajı olmaqla bərabər, həm də geosiyasi, tarixi baxımdan mühüm əhəmiyyət daşıyır.
Həmçinin, bu səfər müharibə dövründə və sonra da iki ölkənin daim bir-birinə dəstək olduğu kimi, Qarabağda quruculuq dövründə də birlikdə olacağını dünyaya nümayiş etdirir. Həmçinin, qısa vaxtda Şuşada Baş konsulluğunu açması isə Türkiyənin bu bölgədə mövqeyinin və gücünün möhkəmlənməsi kimi dəyərləndirilməlidir. Bu, həm də Azərbaycanın güclənməsi deməkdir. Çünki dövlət başçılarının da bəyan etdiyi kimi, Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü isə Azərbaycanın gücüdür.
Həmçinin Bəyannamədə enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi göstərilir. Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapır. Bəyannamədə o cümlədən, Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapmışdır. Vətən müharibəsindən sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsində Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi həm də türk dünyasının birləşməsi, regionun təhlükəsizliyi və sosial-iqtisadi inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Bir sözlə, Türkiyə və Azərbaycan arasında imzalanan Şuşa Bəyannaməsi yalnız Azərbaycanla Türkiyəyə deyil, digər türk dövlətlərinə, eləcə də dünyaya əhəmiyyətli dəstək verəcək, “Bir millət, iki dövlət” - şüarı tarix və dünya var olduqca öz aktuallığını qoruyub saxlayacaq.
RAMİZ ŞABANOV,
YAP Tərtər rayon təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB