Berlində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılışı olub - FOTO

Berlində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılışı olub - FOTO

Almaniyanın paytaxtı Berlində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılışı olub. SİA-nın Almaniyadakı xüsusi müxbirinin xəbərinə görə, tədbirdə Berlinin Şteqlits-Selendorf inzibati dairəsinin rəhbərliyi, bu ölkədəki Azərbaycan diasporunun üzvləri, alman ictimaiyyətinin nümayəndələri, Azərbaycan və Almaniyanın tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.

Qeyd edək ki, Xocalı abidəsinin yaradılmasının təşəbbüskarı və müəllifi uzun illər Almaniyada yaşayan azərbaycanlı rəssam, heykəltəraş İbrahim Əhraridir.

Tədbirdə iştirak edən qonaqlara minnətdarlığını bildirən heykəltəraş abidənin yaranma tarixi və onu hazırlayarkən keçirdiyi hisslərdən danışıb.

Xatırladaq ki, İbrahim Əhrari 1966-cı ildə Qərbi Berlinə təhsil almaq üçün gəlib və elə vaxtdan da burada yaşayır. Lakin burada olduğu müddətdə bir an belə vətənini unutmadığını deyən İbrahim Əhrari gələcəkdə Berlində olan və bura səfər edən azərbaycanlıların Xocalı abidəsini ziyarət etmələri xalqımızın daha bir birlik rəmzi olacağını deyib.

İbrahim Əhrariyə abidənin yaradılması təşəbbüsünə görə minnətdarlığını bildirən Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov qeyd edib ki, bu abidə həm də 2 xalq arasındakı əlaqələri dərinləşdirir. "Öz tarixini və mədəniyyətini bilən, həmçinin digər xalqların mədəniyyətini öyrənən xalqlar bir-birilərini daha yaxşı başa düşür",- deyən səfir "Xocalı" sözünün hər bir azərbaycanlı üçün xüsusi məna kəsb etdiyini vurğulayıb. "Xocalı inkişaf edən, çiçəklənən şəhər idi. Bir gün ərzində bu şəhər yer üzündən tamamilə silindi", Pərviz Şahbazov deyib.

Tədbirin əhəmiyyətindən bəhs edən Şteqlits-Selendorf bələdiyyəsinin təhsil, mədəniyyət və vətəndaşlara xidmət sahələri məsələləri üzrə müşaviri Kerstin-Ulrix Rixter-Kotovski bu cür tədbirlərin 2 ölkə arasındakı mədəni əlaqələrin daha da genişləndirilməsi üçün mühüm rol oynadığını deyib.

Sonra abidənin açılışı olub.

Xocalı abidəsinin açılış mərasimində iştirak edən Potsdam universitetinin professoru Vilfred Furman bildirib ki, bu tədbir iştirakçıları Xocalı faciəsi, o cümlədən Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat aldılar: "Mənim Xocalı haqqında çoxlu məlumatım var. Xocalını soyqırım kimi qəbul edirəm. İstənilən soyqırım isə insanlığa qarşı törədilən cinayətdir. Mən Xocalı faciəsi, o cümlədən Azərbaycan haqqında dəfələrlə məqalələr yazmışam. Mən həmçinin Azərbaycan haqqında tez-tez təhlillərlə çıxış edirəm".

Şteqlits-selendorf inzibati dairəsinin bələdiyyə sədri Norbert Kopp bu abidənin yaradılması təşəbbüsünün çox gözəl olduğunu dilə gətirib: "Düşünürəm ki, bu qədim kitabxanın həyəti abidə üçün ən mühüm yerdir. Çünki bura gələnlər buradakı Xocalı abidəsini görə biləcəklər. Sonda Azərbaycana ötən ilin noyabrında etdiyim səfər haqqında təəssüratlarımı bölüşmək istəyirəm. Azərbaycan çox güclü inkişaf edir. Mən səfərim zamanı bunun şahidi oldum".

Şteqlits-Selendorf - bələdiyyəsinin təhsil, mədəniyyət və vətəndaşlara xidmət sahələri məsələləri üzrə müşaviri Kerstin-Ulrix Rixter-Kotovski deyib ki, azərbaycanlı rəssam, heykəltəraş İbrahim Əhrari bizə müraciət etdi ki, Xocalı abidəsini bizim bələdiyyəyə hədiyyə etmək istəyir. Biz dərhal buna razılıq verdik. Bizim indi burada, abidənin açılışında iştirak etməyimiz tədbirə verdiyimiz önəmi göstərir. Bu abidənin mənəvi dəyəri çox yüksəkdir.


Şahin Abasov

Bütün xəbərlər Facebook səhifəmizdə