Paşinyan seçkilərdə qalib gəldiyini ELAN ETDİ

Paşinyan seçkilərdə qalib gəldiyini ELAN ETDİ

Ermənistan baş naziri Nikol Paşinyan Vətəndaş Müqaviləsi Partiyasının təşviqat qərargahında erkən parlament seçkilərindəki səsvermənin nəticələri ilə əlaqədar bir açıqlama verib və qələbə qazandığını elan edib. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Nikol Paşinyan bunu tərəfdarları ilə danışarkən bəyan edib.

“Gəlin etiraf edək ki, Ermənistan cəmiyyəti, erməni xalqı qərarını bildirib və bu, seçkiqabağı təşviqat zamanı da açıq-aşkar görünürdü. Etiraf edək ki, nə gözlənilirdisə, o da baş verdi və Ermənistan vətəndaşı bu seçkilərdə qeyd-şərtsiz qalibdir. Ağır sınaqlardan keçərək özümüzü tək bir bütöv olaraq gördük. Sosial və milli birliyi bərpa etməyin zamanı gəldi”, deyə Nikol Paşinyan bildirib.

Paşinyan, Ermənistan xalqının son üç ildə ikinci bir inqilabı da etdiyini söyləyib.

"Razılaşdığımız hər şey, qaçılmaz olaraq və geri dönmədən növbə ilə həyata keçiriləcək", deyə Nikol Paşinyan əlavə edib.

Paşinyan, seçkilərdə iştirak edən bütün "sağlam" qüvvələrlə siyasi həyatı və ictimai potensialı birləşdirmək yolunda gələcək imkanları haqqında fikirlərini başa düşmək üçün siyasi məsləhətləşmələrə başlayacaqlarını qeyd edib.

Paşinyan sabah yerli vaxtla saat 20:00-da Respublika meydanında "polad mandatın təhvil veriləcəyini" də xatırladıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə