Belə seçki pozuntusu hələ olmamışdı ERMƏNİSTAN TARİXİNDƏ

Ermənistan Mərkəzi Seçki Komissiyası "Mülki Müqavilə" tərəfinə və Nikol Paşinyana “Sükut Günü” qaydalarını pozduğu üçün xəbərdarlıq edib. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə "Ermənistan" blokunun bəyanatında deyilir.

Qeyd olunur ki, dünəndən bəri “Ermənistan” bloku liderlərinə ünvanlanan təhqiramiz və nifrət dolu materiallar müxtəlif yerlərdə yayılır. Əldə edilən məlumata görə, bu biabırçı prosesi mövcud hökumətin icazəsi ilə Soros təşkilatları təşkil edib. Üstəlik, eyni zamanda hakim partiyanın afişaları da açıq şəkildə yerləşdirilib ki, bu, qanun pozuntularıdır.

Dünəndən bu günə qədər “Ermənistan” blokunun ərazi qərargahının üzvlərinin qəsdən əsassız olaraq, yalançı ittihamlarla gətirildiyi barədə də məlumat var. Bu ittihamların məhz Soros təşkilatları tərəfindən təşkil olunduğunu düşünməyə əsas mövcuddur.

"Ermənistan" blokunun bəyanatında deyilir ki, Ermənistan tarixində belə bir seçki prosesi pozuntusu olmayıb və bütün beynəlxalq müşahidə missiyalarının diqqəti bu davam edən pozuntulara yönəldilməlidir. Blok öz bəyanatında tələb edir ki, bir neçə saat ərzində “Ermənistan” blokunun liderlərinə ünvanlanan təhqiramiz və nifrət dolu materialları yayanlar, distribyutorlar və istehsalçılar müəyyənləşdirilməli və polis ən qısa müddətdə onları həbs etməlidir.

Hazırda elə bir qənaətə gəlinib ki, bu proses səlahiyyətlilər tərəfindən təşkil edilib və istiqamətləndirilib.

Xatırladaq ki, bu gün, 20 iyun tarixində Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilir. Ermənistan mətbuatının yayımladığı məlumatlara görə, artıq bir neçə qanun pozuntusu hallarına rast gəlinib. Seçki prosesi ilə əlaqədar rüşvət vermə, insident yaratma və sair əməllər qeydə alınıb. Görünür elə buna görə də sözügedən blok Ermənistan tarixində hələ belə bir qanunsuz seçki keçirilmədiyi qənaətindədir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə