Qarabağda yenidənqurma işlərində iştirak etməyə hazırıq - SƏFİR

"Mən Azərbaycanda özümü çox rahat hiss edirəm. Çünki Azərbaycan xalqının, həmçinin cənab Prezident İlham Əliyevin səmimiyyətini hiss etmişəm və buna görə də təşəkkür edirəm". Bu fikirləri SİA-ya açıqlamasında İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi deyib.

Səfirin sözlərinə görə, Qarabağ Azərbaycan xalqı üçün nə qədər mühümdürsə, İran xalqı üçün də bir o qədər əhəmiyyətlidir: "İranın Ali rəhbərliyi də Qarabağı İslam torpağı elan edib və bildirib ki, bu torpağın uğrunda canını verənlər şəhid hesab olunurlar. Birinci Qarabağ müharibəsində də Azərbaycanın yanında olmuşuq. Biz bu müharibədə həm hərbi yardım göstərmişik, həm də 11 nəfər iranlı da şəhidimiz olub. Bir sıra yalan iddialara baxmayaraq, İran İkinci Qarabağ müharibəsində də Azərbaycanın yanında olub. Buna görə Qarabağın işğaldan azad olunması bizi də çox sevindirib və istərdik ki, həmin yerlər modern şəraitlərlə təmin olunmuş bir məkana, xüsusilə turizm məkanına çevrilsin. Biz həm qəlbən, həm də coğrafi nöqteyi nəzərdən həmin ərazilərin tez bir zamanda bərpasında maraqlıyıq".

S.A.Musəvi vurğulayıb ki, İran şirkətləri də həmin ərazilərdə yenidənqurma işlərində iştirak etməyə hazırdır: "İranda böyük holdinqlər Qarabağda bərpa işlərinə milyonlarla dollar sərmayə qoymağa hazırdır. İşğaldan azad olunmuş torpaqlarda ən mühüm məsələlərdən biri də ərazilərin minalardan təmizlənməsidir. Yaxın gələcəkdə İran da bu prosesdə yaxından iştirak edəcək. 8 illik müharibə etmiş bir ölkə kimi ərazilərin mina və partlamamış sursatlardan təmizlənməsi işində böyük təcrübəyə malikik. Biz Qarabağın yenidən qurulması işində iştirak etməyə tam şəkildə hazırıq".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə