BMT Baş Məclisi Antonio Quterreşi ikinci dəfə təşkilatın baş katibi təyin edib. SİA xəbər verir ki, bunu BMT Baş Məclisi sədri Volkan Bozkır bəyan edib.
Onun sözlərinə görə, Quterreşin bu vəzifədəki növbəti fəaliyyət müddəti 1 yanvar 2022 - 31 dekabr 2026 tarixləri arasında olacaq.
"Qərar verildi. Zati-aliləri Antonio Quterreşin BMT baş katibi kimi növbəti fəaliyyət müddəti 1 yanvar 2022 - 31 dekabr 2026 tarixlərini əhatə edəcək", deyə Volkan Bozkır bildirib.
Qeyd edək ki, cümə günü qəbul edilmiş qətnamədə, BMT Baş Məclisinin Quterreşi 1 yanvar 2022 - 31 dekabr 2026 tarixləri arasında Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə təyin etdiyi bildirilir. Quterreş baş katib vəzifəsinə yeganə namizəd idi və bu vəzifəni üzərinə ilk dəfə 1 yanvar 2017-ci ildə götürüb.
Xatırladaq ki, təşkilatın baş katibi beş illik müddətə seçilir. Quterreş BMT-nin doqquzuncu baş katibidir. Tryuqve Li (Norveç) təşkilatın ilk baş katibi olub. Bundan əlavə, bu vəzifəni Daq Hammerşeld (İsveç), U Tan (Myanma), Kurt Valdhaym (Avstriya), Xavier Peres de Kuelyar (Peru), Butros Butros-Qali (Misir), Kofi Annan (Hana), Pan Qi- Mun (Cənubi Koreya) icra edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB