“Bu proseslər Azərbaycan üçün də çox vacibdir” POLİTOLOQ ŞƏRH ETDİ

“Bu proseslər Azərbaycan üçün də çox vacibdir” POLİTOLOQ ŞƏRH ETDİ

İranda artıq bu dəqiqələrdə seçki davam edir və prezident seçkilərində gələcək yaxın illərdə hansı ideologiyanın, hansı ideoloji dəsti-xəttin hakimiyyətə gələcəyi bəlli olacaq. Bu sözləri SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov deyib.

Politoloqun sözlərinə görə, gözlənilən odur ki, seçkilərdə mühafizəkarlar cəbhəsinin rəisi qalib gələcək və bununla da parlamentdə olduğu kimi, icraedici hakimiyyət də konservatorların, yəni mühafizəkarların əlinə keçəcək.

“Biz bililrik ki, İran idarəetmə sistemində dini lider, ölkənin ali rəhbəri Əli Xomeneyi əsas rol oynayır. Eyni zamanda prezidentin də ölkənin xarici və daxili siyasətlə bağlı kifayət qədər geniş manevr imkanları var ki, 1990-cı illərdən bu yana biz prezidentlərin davranışı və onların xarici siyasətindəki fəaliyyətlərinə nəzər yetirsək, bunu görmüş olarıq. Trampın hakimiyyətə gəlməsi və Amerika-İran münasibətlərində kifayət qədər soyuqlaşma, İranda son 3 ildə konservatorların liberalları kənara atmasına, onların üzərində qələbə çalmasında faktiki olaraq əsas rollardan birini oynadı. Eyni zamanda son bir neçə ildə İranda olan etiraz aksiyaları da onu göstərdi ki, mühafizəkarlar yerlərini daha da möhkəmləndirdi. Ümumiyyətlə, İranda siyasi hakimiyyət uğrunda daxili çəkişmələr də geniş şəkildə vüsət alır və burada biz SEPAH-ın, ya da müxtəlif hərbi güc strukturlarının, eyni zamanda dini xadimlərin də rolunu mütləq şəkildə nəzərə almalıyıq.

Hər halda qarşıda Vaşinqton və Tehran arasında münasibətlərdə buzların əriməsi gözləniləndir və ola bilsin ki, bir çox sanksiyalar artıq İran üzərindən götürülsün. Buna görə də bütün bu proseslər Azərbaycan üçün də təbii ki, çox vacibdir. Cənubi Qafqazda da proseslərə start verilibdir və bizim də istəyimiz təbii ki, İranda hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq Azərbaycanın İran üçün nə dərəcədə vacib ölkə olduğunu başa düşmələri, Azərbaycanın hər zaman İranla sülh və mehriban qonşuluq siyasətinə üstünlük verdiyini başa düşən bir şəxsin hakimiyyətdə olmasıdır. Bu, İran xalqının öz seçimidir, kimi seçəcək və kimi seçməsindən asılı olmayaraq, o dövlətdəki sabitlik, o dövlətdəki iqtisadi və digər sahələrdəki inkişaf ümumi iqlimə təbii ki, müsbət təsir edən hal olacaq”, deyə politoloq Zaur Məmmədov bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə