Şuşa Bəyannaməsi – dövlətlərarası münasibətdə yeni mərhələ ŞƏRH

Şuşa Bəyannaməsi – dövlətlərarası münasibətdə yeni mərhələ ŞƏRH

Prezident İlham Əliyev: "Bu gün biz dünya miqyasında, dünya çapında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstəririk"

Dostluq və qardaşlığa söykənən Azərbaycan Türkiyə münasibətləri bu gün daha yüksək bir mərhələdədir. Ulu Öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətdə qayıdışından sonra dövlətlərarası əlaqələrin artmasına, əməkdaşlığın genişlənməsinə xüsusi diqqət yetirilmişdir. "Bir millət, iki dövlət", deyən Ulu Öndər Heydər Əliyevin dövlətlərarası yaratdığı qardaşlıq münasibətlər bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən çox yüksək səviyyədə davam etdirilir. Vətən müharibəsində qələbəmizdən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə növbəti səfəri qardaşlıq, dostluq mesajı idi."Mən mətbuat konfranslarında, Öz çıxışlarımda dəfələrlə demişəm ki, bu gün Türkiyə və Azərbaycan bir-birinə dünya çapında ən yaxın olan ölkələrdir. Bizi birləşdirən bir çox amillər var, ilk növbədə, tarix, mədəniyyət, ortaq etnik köklər, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın qardaşlığı bu birliyi təmin edib. Bu gün biz dünya miqyasında, dünya çapında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstəririk". Bu fikirləri dövlət başçısı Şuşa Bəyannaməsinin imzalanmasından sonra mətbuata bəyanatında bildirib.

Bu birliyin və qardaşlığın sarsılmaz nümunəsinin Vətən müharibəsində bir daha şahidi olduq. "Biz Azərbaycanın yanındayıq. Hadisələrə müdaxilə edənlər öndə bizi görəcəklər!", - söyləyən Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan əsl qardaşlıq nümunəsi göstərdi. İyunun 15-i Şuşa Bəyannaməsinin imzalanması Azərbaycanın müstəqillik tarixinə əbədi həkk olundu və Azərbaycan-Türkiyə münasibətlərində keyfiyyətcə yeni bir dövrün başlanğıcını qoydu. Bu mühüm tarixi sənəd ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin təntənəsi oldu və dövlətlər arasında əməkdaşlığın strateji əhəmiyyət kəsb edən sahələrini əhatə edir. "Bu gün imzalanmış Birgə Bəyannamə - Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır", deyən Cənab Prezident bildirib ki, Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir: "Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır".

"BU GÜNƏ QƏDƏR TÜRKİYƏ VƏ AZƏRBAYCAN BÜTÜN MƏSƏLƏLƏRDƏ BİR YERDƏDİR, BUNDAN SONRA DA BU, BELƏ OLACAQ"

Dövlət başçısı "Birgə Bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir", deyərək bildirib ki, azad edilmiş Şuşa şəhərində 100 ildən sonra müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir. Sənəddə beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticari əlaqələr, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi göstərilməklə yanaşı, müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapır. "Bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq", deyən Cənab Prezident ikinci önəmli məsələnin nəqliyyat məsələsi olduğunu diqqətə çatdırıb: "Bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapmışdır. Bu da İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Bu gün biz Türkiyəni və Azərbaycanı dəmir yolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, bu dəhlizi əməli işlərlə yaradırıq. Müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır".

"ŞUŞADA DALĞALANAN AZƏRBAYCAN VƏ TÜRKİYƏ BAYRAQLARI BİZİM BİRLİYİMİZİ GÖSTƏRİR"

Azərbaycanın 44 günlük Vətən müharibəsində Türkiyə qardaş, dost ölkə olaraq Azərbaycanın yanında oldu. Bu müharibə günləri bir daha göstərdi ki, dövlətlərarası münasibətlər həqiqətən də dostluğa, qardaşlığa söykənir. İkinci Qarabağ müharibəsi zamanı Türkiyə tərəfindən göstərilən dəstək hər kəsin sevincinə səbəb oldu. Heç kəsə sirr deyil ki, Türkiyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində daim Azərbaycana böyük dəstək göstərdi. Bu gün işğaldan azad olunan torpaqlarımızda Azərbaycan və Türkiyə bayraqları dalğalanır. Cənab Prezidentin vurğuladığı kimi, "Bu gün Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları bizim birliyimizi göstərir. İkinci Qarabağ müharibəsi başlanan gündən, ilk saatlardan əziz qardaşım, sayın Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə etmişdir. Müharibənin ilk saatlarından o demişdir ki, Azərbaycan tək deyil. Bu, həm bizi ruhlandırdı, eyni zamanda, müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı, durdurdu. Dedi ki, Türkiyə Azərbaycanın yanındadır və müharibənin ilk saatlarından son dəqiqələrinə qədər əziz qardaşımın və Türkiyə Cümhuriyyətinin, qardaş türk xalqının dəstəyi bizə əlavə güc verirdi. Bu siyasi və mənəvi dəstək bizi ruhlandırırdı".

"Şuşa əyilmədi, öz milli ruhunu qoruya bildi, ləyaqətini qoruya bildi və bizi gözləyirdi"

Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət, ölkənin gücü, iqtisadi inkişafı, dünya birliyində yeri və nizami, mütəşəkkil milli ordunun şücaəti nəticəsində Şuşa işğaldan azad olundu. Özü də çox ağır döyüş yolu ilə. "Şuşa tarixi Azərbaycan şəhəridir. Çünki 1752-ci ildə Pənahəli xan bu şəhərin təməlini qoydu və ondan sonra bütün dövrlərdə Şuşada yaşayan əhalinin 98 faizi azərbaycanlılar idi və 30 il işğal altında qalmasına baxmayaraq Şuşa əyilmədi, öz milli ruhunu qoruya bildi, ləyaqətini qoruya bildi və bizi gözləyirdi. Biz də gəldik və Şuşanı azad etdik", deyə Prezidenti İlham Əliyev bildirib.

İkinci Qarabağ müharibəsi tarixdə qaldı, 44 günlük müharibə nəticəsində Ermənistan ordusu tam məhv edildi. "İndi isə yeni dövr başlayır", deyən Cənab Prezident Şuşa şəhərinin ermənilər tərəfindən çox pis vəziyyətə salındığını diqqətə çatdırıb. İşğaldan azad olunan məkanlarda məscidlərin bərpası ilə bağlı müvafiq göstərişlər verilib və ilkin araşdırmalar aparılır. Ermənilər Şuşada 28 il ərizində bütün tarixi abidələrimizə qarşı dağıdıcı mövqedə olublar. Şuşa şəhərinin tarixi mərkəzində yerləşən Qarabağ xanlığının banisi Pənahəli xanın iqamətgahı olan tarixi sarayı da dağıdıblar. Azərbaycanın mədəni paytaxtı və bütün Qafqazın incisi hesab olunan Şuşa şəhərində infrastruktur layihələrin icrasına başlanılıb. Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən və dövlət başçısının bilavasitə nəzarəti altında qədim tarixi və memarlıq üslubu qorunub saxlanılmaqla Şuşa şəhərinin tarixi və dini abidələrinin, muzeylərinin planlı şəkildə bərpa olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə