"Ermənistan revanşist addımlarından əl çəkməsə..." - DEPUTAT ŞƏRH ETDİ

"Ermənistan revanşist addımlarından əl çəkməsə..." - DEPUTAT ŞƏRH ETDİ

“Ermənistanda seçki ərəfəsi rəqiblər bir-birlərinə bacardıqları qədər qarayaxma kompaniyasından istifadə edirlər. Ən çirkin siyasi texnologiyalar Ermənistanın növbədənkənar parlament seçkilərində təbliğat kampaniyası zamanı özünü göstərir. Əslində Ermənistan cəmiyyəti necədirsə, seçkiyə hazırlıq prosesi də elə aparılır”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin üzvü Aydın Mirzəzadə deyib.

Deputatın sözlərinə görə, cəmiyyətin bir qisminə Paşinyanın görüşə çəkiclə gəlməyi, digər qisminə isə Koçaryanın qısa zamanda Ermənistanı güclü bir dövlət edəcəyi yalanına inanmaq xoş gəlir: “Lakin əslində bu məsələdə əsas məqam ondan ibarətdir ki, Ermənistan qonşularla yaxşı münasibət qurmuş və növbəti dövr üçün yol çəkən bir ölkə olsaydı hazırki siyasi mənzərə tam fərqli olardı. Lakin iş burasındadır ki, Ermənistan bir il bundan əvvələ qədər Azərbaycan torpaqlarını işğalda saxlayan və bu torpaqlarda ikinci Ermənistan dövləti yaratmaq istəyən dövlət idi”.

A.Mirzəzadə vurğulayıb ki, Azərbaycanın dəmir yumruq əməliyyatı nəticəsində Ermənistan döyüş meydanında məğlub oldu: “Paşinyan komandası məğlubiyyəti əvvəlki rəhbərlərdə, əvvəlki rəhbərlər isə Paşinyanda axtarmağa çalışır. Hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq yeni hökumət qarşıda duran məsələləri həll etməlidir. Bu məsələlər də kifayət qədər ağır məsələlərdir. Həmin məsələlər Azərbaycanla sərhədlərin müəyyənləşməsi, Azərbaycan və Türkiyə ilə münasibətləri necə qurmaq perspektivi, Ermənistan iqtisadiyyatını dirçəltmək, durmadan köçüb gedən əhalini saxlamaqdan ibarətdir. Heç bir komandanın bu məsələlərin həllinə dair konkret bir proqramı yoxdur. Kim hakimiyyətə gələrsə, həmin günün əhval-ruhiyyəsi ilə yaşayacağı görünür. Ermənistan öz qonşuları ilə problemlərini həll edib, revanşist addımlardan əl çəkmədiyi müddətcə ölkədə siyasi böhran davam edəcək”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə