Şuşa Bəyannaməsi - dostluğumuzun, qardaşlığımızın ifadəsi və həmrəyliyimizin rəmzi ŞƏRH
Prezident İlham Əliyev: “Müharibənin ilk saatlarından Türkiyə Prezidenti bildirdi ki, Azərbaycan tək deyil”
Bəli, bu gün dünyada bənzəri olmayan və həsəd aparılacaq Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri regionda sülhə, təhlükəsizliyə və əməkdaşlığa xidmət edən, siyasi və iqtisadi proseslərə istiqamət verən mühüm amilə çevrilib. Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ortaya qoyduğunuz qəti və birmənalı mövqe, haqq işimizə verdiyiniz tərəddüdsüz dəstək həmrəyliyimizin bariz nümunəsidir və xalqımız üçün olduqca dəyərlidir. Azərbaycan da öz növbəsində bütün məsələlərdə qardaş Türkiyənin yanındadır və dünyada bir-birinə bu qədər yaxın olan ikinci bir nümunə göstərmək mümkün deyil. Bu mənada Türk dünyasının böyük oğlu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Ümummilli Lider Heydər Əliyevin “Bir millət iki dövlət” ifadələri münasibətlərimizin əsl mahiyyətini əks etdirir.
Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanı tanıyan ilk dövlət Türkiyə olmuşdur. Müstəqilliyin ilk illərindən etibarən Türkiyə Azərbaycanın dövlət quruculuğu yolunda atdığı addımları daim dəstəkləmiş, böyük dövlətlərin iştirak etdiyi tədbirlərdə Azərbaycan naminə haqq səsini ucaltmışdır.
Prezident İlham Əliyev: “Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları birliyimizi göstərir”
“Biz bu gün Şuşada görüşürük. Bu gün bütün Azərbaycan xalqının, türk xalqının gözü buradadır, dünyanın gözü buradadır. Azərbaycan bu səfər səbirsizliklə gözlənilirdi və böyük maraq doğurur”. Bu barədə Prezident İlham Əliyev Şuşada mətbuata bəyanatında bildirib.
Dövlətimizin başçısı deyib: “Bu gün qədim şəhərimiz olan Şuşadan verilən açıqlamalar bütün dünyaya səs salacaq, bunun böyük əks-sədası olacaq. Bu səfərin tarixi əhəmiyyəti bundan sonra uzun illər ərzində dillərdə olacaqdır. Şuşa keçən il noyabrın 8-də işğaldan azad edildi. Şuşa şəhərini azad etmək böyük qəhrəmanlıq tələb edirdi. Şuşaya gələn hər bir insan sıldırım qayaları görərkən, görür ki, bu alınmaz qala sayılan şəhəri azad etmək böyük qəhrəmanlıq, peşəkarlı, şücaət tələb edirdi”.
Bu gün Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqlarının ölkələrimizin birliyini nümayiş etdirdiyini vurğulayan Prezident İlham Əliyev bildirib ki, İkinci Qarabağ müharibəsi başlanan ilk gündən, ilk saatlardan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana birmənalı, qəti və açıq dəstək ifadə edib. Müharibənin ilk saatlarından Türkiyə Prezidenti bildirdi ki, Azərbaycan tək deyil. Bu, həm bizi ruhlandırdı, eyni zamanda, müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı.
"İmzalanmış Bəyannamə tarixə əsaslanır. Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında Heydər Əliyev demişdir: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu tarixi sözlər, kəlamlar bizim fəaliyyətimiz üçün əsas amildir. Biz bu vəsiyyətə sadiqik və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk",-deyən dövlət başçımız bildirib ki, birgə Bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir: "Tarixi Qars müqaviləsi düz 100 il bundan əvvəl imzalanmışdır. Bu da böyük rəmzi məna daşıyır. Azad edilmiş Şuşa şəhərində 100 ildən sonra müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir".
Dövlət başçısı onu da vurğulayıb ki, bundan sonra da hər zaman bir yerdə olacağıq: "Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik, necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq.
İkinci önəmli məsələ nəqliyyat məsələsidir. Bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapmışdır. Bu da İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Bu gün biz Türkiyəni və Azərbaycanı dəmir yolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, bu dəhlizi əməli işlərlə yaradırıq. Müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır".
Prezident İlham Əliyev: “Otuz ilə yaxın davam edən işğala Azərbaycan qardaş Türkiyənin dəstəyi ilə son qoydu”
İyun ayının 15-də mədəniyyət paytaxtımız Şuşada iki qardaş dövlət olan Azərbaycanla Türkiyə arasında imzalanan tarixi Şuşa Bəyannaməsi ilə bağlı Prezident İlham Əliyev mətbuata bəyanatında Türkiyənin müharibə dövründə Azərbaycana dəstəyindən danışarkən bildirib ki, 30 ilə yaxın davam edən işğala Azərbaycan qardaş Türkiyənin dəstəyi ilə son qoydu: «İkinci Qarabağ müharibəsi tarixdə qaldı, 44 günlük müharibə nəticəsində Ermənistan ordusu tam məhv edildi. Ermənistan diz çökdü, ağ bayraq qaldırdı, təslim oldu və məcbur olub Şuşa alınandan sonra kapitulyasiya aktına imza atdı və bizim digər bölgələrimiz bir atəş açmadan bizə qaytarıldı. Otuz ilə yaxın davam edən işğala son qoyuldu. Azərbaycan buna qardaş Türkiyənin dəstəyi ilə son qoydu».
Otuz il ərzində aparılan danışıqlar heç bir nəticə vermədiyini xatırladan dövlətimizin başçısı vurğulayıb ki, bu, bir daha onu göstərir ki, iradə, əzmkarlıq, güc və ədalət olan yerdə hər şey əldə etmək mümkündür: “Əlbəttə, Türkiyə kimi müttəfiqi olan Azərbaycan İkinci Qarabağ savaşında bundan ruhlanaraq tarixi missiyanı yerinə yetirdi, ədaləti bərpa etdi, ərazi bütövlüyünü bərpa etdi”.
Azərbaycan Prezidenti qeyd edib ki, indi yeni dövr başlayır: “Əziz qardaşımla bu gün Füzuli şəhərində görüşərək, onu orada qarşılayaraq Füzulinin dağılmış mənzərəsini göstərdim, Füzuli şəhəri yoxdur. Siz də oradan keçmisiniz, görmüsünüz, bir dənə də salamat bina yoxdur. Mənfur düşmən bütün binalarımızı yerlə bir edib. Ağdam da belə vəziyyətdədir. Bizim tarixi abidələrimizi dağıdıb, söküb və talan ediblər. Şuşa şəhəri görün nə gündədir. Şuşa tarixi şəhərdir və 28 il işğal dövründə burada bir dənə də bina tikilməmişdir. Mən əziz qardaşıma bax, bu binanı göstərdim, Şuşa valiliyinin binası, mənim rəhmətlik atamın dövründə tikilmişdir. Şuşadakı binalar həm onun dövründə, həm də Pənahəli xanın, İbrahimxəlil xanın dövründə tikilmişdir. Mənfur düşmən bir daşı daş üstə qoymamışdır. İndi Şuşanın dağılmış yerlərini siz görürsünüz, hələ biz bura əl gəzdirmişik. İlk dəfə mən bu ilin əvvəlində buraya gələndə şəhər tamamilə dağılmış vəziyyətdə idi”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan: “Bütün dünya bilsin ki, Azərbaycanın yanında yer alacağıq”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisdə çıxışı zamanı bildirib ki, ilk gündən Azərbaycanın yanında oldu: “Bu gün də Azərbaycanın yanındayıq. Bütün dünya bilsin ki, sabah da Azərbaycanın yanında yer alacağıq...Necə Çanaqqalada Azərbaycan igidləri bizim yanımızda olub zəfər qazanıblarsa, Nuru Paşa Azərbaycanın yanına gəlibsə, biz də gələcəkdə bir və bərabər olacağıq. Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimiz, azadlığı isə azadlığımızdır”. “Azərbaycanlı qardaşlarımızla üzərimizə düşən vəzifələri yerinə yetirməyə hazırıq. Canı yananlar, qanı tökülənlər, maddi və mənəvi ziyan çəkənlər sadəcə Qarabağda yaşayan insanlardır. Asan deyil, 30 il»,-deyən Rəcəb Tayyib Ərdoğan onu da vurğulayıb ki, 30 ildən sonra işğal altında olan torpaqlar sahiblərinə qovuşdu: “Böyük bir liderlik göstərərək bu zəfəri Azərbaycana qazandıran Ali Baş Komandan İlham Əliyevi bir daha təbrik edirəm".
Türkiyə Prezidenti bölgədə təsiri olan hər kəsi həqiqətləri görməyə, Azərbaycan xalqının Zəfərini qəbul etməyə dəvət edərək bildirib ki, Türkiyə olaraq, azadlıq mübarizəsində olduğu kimi, bərpa işlərində də qardaşlarımıza hər cür dəstəyi veririk, verməkdə də davam edəcəyik: "Ən qısa müddətdə evlərinə qayıtmalarını gözlədiyimiz azərbaycanlı qardaşlarımız üçün də hər cür səy göstərəcəyik. Təbii ki, bu məsələdə hörmətli qardaşımın xüsusi fəaliyyəti var. Yetər ki, buranın əsl sahibləri evlərinə, məskənlərinə qayıtsın. Onlara istər maliyyə köməyi, istərsə də iş imkanı ilə bağlı hər cür dəstəyi verməklə azərbaycanlı qardaşlarımızın öz evlərinə, öz məkanlarına geri qayıtmaları buraları ciddi mənada zənginləşdirəcək".“Ermənistan Azərbaycanla problemlərini həll etdikcə Türkiyə olaraq biz də lazımi addımları atacağıq”, deyən Ərdoğan bildirib ki, Türkiyə sərhədlərinin açılmasının Ermənistana verəcəyi faydalar saymaqla bitməz: “Bu zəfəri hər kəsin ortaq zəfəri halına gətirmək bizlərin əlindədir. Bir daha Qafqazın boynuna kimsənin əsarət zənciri vura bilməməsi üçün qarşımıza çıxan fürsətləri birlikdə ən yaxşı şəkildə dəyərləndirməliyik. Biz bu mübarizəni özümüz və dostlarımızla birlikdə “dünya 5-dən böyükdür” deyərək qlobal miqyasda da aparırıq”.
Bəli, növbəti tarixi hadisə olan Şuşa Bəyannaməsinin imzalanması tarixi dostluq, qardaşlıq, səmimi münasibətlər əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələrinin daha da daim möhkəmlənməsinin, iki qardaş ölkənin həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olduğunu, sözün əsl mənasında, bir millət, iki dövlət fikrinin reallığa çevrildiyinin böyüklüyüdür. Buna bənzər bir fikri Prezident Rəcəb Tayyib Ərdoğan da səsləndirmişdir: “Azərbaycan bizim üçün sadəcə dövlətlərdən bir dövlət, azərbaycanlı qardaşlarımız da millətlərdən bir millət deyil. Biz eyni dili danışan, eyni inanca mənsub, ortaq bir tarixi keçmişi olan, sözdə deyil, əməldə qardaş, bir millət, iki dövlətik”.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB