“Azərbaycan-Türkiyə birlik, qardaşlıq və çoxşaxəli tərəfdaşlıq içərisindədi” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“Müttəfiqlik haqqında imzalanmış Bəyannamə iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır. Bəyannamədə göstərilən bütün müddəalar keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır”. Bunu Milli Məclisin deputatı Eldəniz Səlimov SİA-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Türkiyə qədim keçmişdən bu günümüzə qədər birlik, qardaşlıq və çoxşaxəli tərəfdaşlıq içərisindədi: “Biz daim öz milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçiririk. İmzalanmış bu bəyanat, iki ölkə arasında olan münasibətlərin hansı dərəcədə sıx və möhkəm olduğunu daha açıq şəkildə nümayiş etdirir. Azərbaycan ilə Türkiyənin əməkdaşlıq əlaqələri unikal müttəfiqlik nümunəsidir. İmzalanmış Bəyannamə tarixə əsaslanır. Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir ki, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”.
XX əsrin sonlarında isə Ulu Öndər Heydər Əliyev demişdir ki, “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. XXI əsrdə azad edilmiş Şuşada müttəfiqlik Bəyannaməsinin imzalanması bu cür yanaşma və fəlsəfənin əbədiləşdirilməsinin təcəssümüdür. Cənab Prezident yeni bəyannamənin 100 il əvvəl imzalanmış Qars sazişinə istinad etdiyini, orda bir çox önəmli məsələlərin öz əksini tapdığını da deyib. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapıb: beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti. Həmçinin Bəyannamədə enerji təhlükəsizliyi, Cənub 2 Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi göstərilir.
Bəyannamədə müdafiə sahəsində də əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapır. Bu, tarixi nailiyyətdir. Ümumiyyətcə dünya ölkələri arasında Azərbaycan və Türkiyə kimi münasibət qurmağı və inkişaf etdirməyi bacaran dövlətlər sayca xeyli azdır. Bizim bu münasibətimiz hər bir ölkə üçün böyük bir nümunədir. Bu, bir daha göstərir ki, biz bundan sonra da hər zaman bir yerdə olacağıq. Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik. Necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq. İndiyə qədər daim Azərbaycan və Türkiyə bir-birinin çətin günlərində dəstək olmuş, beynəlxalq müstəvidə bir-birinin haqq səsinin carçısı olmuşdur. Cənab Prezidentin söylədiyi kimi: “Bu sirr deyil ki, Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik. Bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapmışdır. Bu da İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir”.
E.Səlimov bildirdi ki, bu gün biz Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, biz əməli, praktiki işlərlə bu dəhlizi yaradırıq. Müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır: “Tarixi Azərbaycan ərazisi olan Zəngəzurdan keçəcək kommunikasiyalar bölgənin tranzit xəritəsinə mühüm yeniliklər gətirəcək. Zəngəzur dəhlizinin istifadəyə verilməsi eyni zamanda Azərbaycanı regionun nəqliyyat qovşaqlarının mərkəzinə çevirəcək, Naxçıvanın 3 Azərbaycanın əsas ərazisi vasitəsilə Şərq-Qərb və Şimal Cənub nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Tərəfdaşlığın mühüm əhəmiyyətlərindən biri də Müdafiə sənayesi sahəsində əlaqələrin gücləndirilməsi olacaqdır. Bildiyiniz kimi, hər il həm Azərbaycanda, həm də Türkiyədə 10-dan çox birgə təlim keçirilir. Azərbaycan ilə Türkiyə arasında hərbi sahədə əməkdaşlıq yalnız Azərbaycan Silahlı Qüvvələrinin gücləndirilməsi deyil, eyni zamanda, bölgədə sülh və təhlükəsizliyin təmini baxımından mühüm əhəmiyyət kəsb edir. Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır.
Qədim şəhərimiz olan Şuşadan verilən açıqlamalar bütün dünyaya səs salacaq, bunun böyük əks-sədası olacaq. Bu səfərin tarixi əhəmiyyəti bundan sonra uzun illər ərzində dillərdə olacaqdır. Artıq bundan sonra yeni bir dövrün başlayacağını deyə bilərik. Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin birliyini nümayiş etdirir və bundan sonra da uzun əsrlər boyunca bu davam edəcək. İkinci Qarabağ müharibəsi başlanan gündən, ilk saatlardan Türkiyə Prezidenti Azərbaycana birmənalı, dəqiq və açıq dəstəyini ifadə etmişdir. Müharibənin ilk saatlarından Türkiyə Prezidenti bildirdi ki, Azərbaycan tək deyil. Bu dəstək müharibəyə müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı. Çünki, heç bir dövlət Türkiyəni qarşısına almaq istəməz. Qardaş ölkənin bizə verdiyi təkcə elə mənəvi dəstəyi ilə Ermənistan ordusunu yerlə yeksan etdik. Hal-hazırda da işğaldan azad olunmuş ərazilərin bərpası prosesi sürətlə həyata keçirilir.
Mən əminəm ki, qısa müddət ərzində Qarabağ dünyanın ən möhtəşəm bölgələrindən birinə çevriləcək. Çünki, Cənab Prezident İlham Əliyev öz çıxışlarında bunun əminliyini bizə dəfələrlə vermişdir: 4 “Müharibə cəmi iki aya yaxındır ki, başa çatıb. Amma görün, nə qədər böyük işlər görülüb. Bərpa işləri artıq başlanıb və bu, onu göstərir ki, bizim sözümüzlə əməlimiz arasında bu dəfə də heç bir fərq yoxdur. Biz demişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik. Mən bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam”. Bəli Cənab Prezident verdiyi bütün vədləri öz real addımları və fəaliyyəti ilə sübut edib. Biz də kimliyimizdən asılı olmayaraq daim Dövlət Başçımızın ətrafında sıx birləşməli və hər bir zaman ona öz dəstəyimizi göstərməliyik. Bu günə qədər belə olub, bundan sonra da belə davam edəcək. Yaşasın Türkiyə və Azərbaycan qardaşlığı! Yaşasın Cənab Prezident İlham Əliyev və Sayın Rəcəb Tayyib Ərdoğan!”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB