Azərbaycan-Türkiyə ən çətin anların sınağından çıxan qardaşlıq birliyi - Şuşa bəyannaməsi
Dünyada analoqu olmayan qardaşlığın, Ulu Öndər Heydər Əliyevin dediyi kimi, "Bir millət, iki dövlət" tezisinə əsaslanan reallığın təcəssümüdür. Sözsüz ki, bu danılmaz faktordur ki, Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını nümayiş etdirmişlər. Belə ki, 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun uzun mübarizələr və müharibələr nəticəsində Bakını xilas etməsi Azərbaycan üçün önəmli dönüş nöqtəsi idi. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dediyi kimi: "Türk ordusunun Azərbaycana, Bakıya gəlməsi, Azərbaycanı daşnakların təcavüzündən xilas etməsi hər bir azərbaycanlının qəlbində yaşayır. Azərbaycan xalqı həmin ağır dövrdə türk xalqının ona göstərdiyi köməyi heç vaxt unutmayacaqdır".
Bu gün isə Ermənistanın təcavüzkar siyasətinə qarşı mübarizəsində Türkiyə qardaş dövlətin Azərbaycanla həm cəbhədə, həm də diplomatik səviyyədə mübarizədə yanında olması bu qardaşlığın daha möhkəm olduğunun göstəricisidir. Prezidenti İlham Əliyev çıxışlarında dönə-dönə vurğulamışdır ki, erməni hərbi birləşmələrinin təxribat hücumuna başladığı ilk gündən qardaş Türkiyə qardaşının – Azərbaycanın yanında oldu. Bu dəstək davam edir və Türkiyə rəhbərliyi işğala son qoyulana qədər hərbi əməliyyatları dəstəkləyəcəyini bəyan edib və bu gün də bu dəstək davama etməkdədir.
Bu baxımdan iyunun 15-də tarixi bir gündə – Milli Qurtuluş günündə Azərbaycan mədəniyyətinin paytaxtı Şuşada tarixi – Şuşa bəyannaməsinin imzalanması iki qardaş dövlətin – Türkiyə-Azərbaycan birliyinin təcəssümüdür. Prezident İlham Əliyev Şuşada mətbuata bəyanatı zamanı bildirmişdir ki, b gün müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır: “Bəyannamənin adı öz-özlüyündə hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək işbirliyimizin təminatıdır”.
Bəli, Azərbaycan-Türkiyə münasibətləri Şuşa Bəyannaməsi ilə zirvə mərhələsinə qədəm qoydu. Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsinin müstəsna siyasi və tarixi əhəmiyyəti var. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətləri Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi ilə zirvə mərhələsinə qədəm qoymaqla yanaşı, həm də hər iki ölkələrdən birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid, təcavüz edildiyi təqdirdə, beynəlxalq hüququn tələbləri çərçivəsində bir-birlərinə dəstək verməsini təsdiqləyən ən əhəmiyyətli məsələlərin yer tuması bu həmrəyliyin göstəricisidir.
Bir sözlə, Azərbaycan-Türkiyə müttəfiqliyi, dostluğu, qardaşlığı əbədidir, daimidir və Ulu Öndər Heydər Əliyevin «Bir millət, iki dövlət» kəlamı sadəcə olaraq, kəlam deyil, bu, gerçəkdir. Artıq bu reallıq bütün sahələrdə sübuta yetirilməkdədir. Hər zaman da bu belə olacaq.
Seyfəddin Əliyev,
YAP Masallı rayon təşklatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB