"“Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları tətbiq olunacaqdır" - İLHAM ƏLİYEV

Biz qardaş İƏT dövlətlərindən olan şirkətlərin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yenidənqurma prosesində iştirakını görmək istərdik. SİA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə onlayn formatda ikinci Zirvə toplantısında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Bugünkü Zirvə toplantısının mövzusu elm və texnologiya olduğundan, vurğulamaq istərdim ki, ölkəmizin elmi və texnoloji potensialının gücləndirilməsi bizim başlıca prioritetlərimiz sırasındadır.

Azərbaycan beynəlxalq kosmik klubun üzvüdür. Bu gün bizim ikisi telekommunikasiya, biri isə Yer səthinin müşahidəsi üçün istifadə olunan üç peykimiz var.

Azərbaycan 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək ölkə seçilib. Bu, beynəlxalq kosmik icma tərəfindən Azərbaycanın bu sahədə nailiyyətlərinin tanınmasının təzahürüdür.

Bu yaxınlarda Azərbaycanın növbəti onillik üçün sosial-iqtisadi inkişafına dair müəyyən etdiyim beş milli prioritet sırasında rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanının yaradılması da yer alır.

Hökumət innovasiyaların və startap ekosistemlərinin inkişafı ilə bağlı əməli addımlar atır.

Azərbaycan Ümumdünya İqtisadi Forumu ilə Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Afilə edilmiş Azərbaycan Mərkəzinin yaradılması ilə bağlı saziş imzalayıb.

Mən işğaldan azad olunmuş bütün əraziləri yaşıl enerji zonası elan etmişəm. Biz bərpa və yenidənqurma işlərində ən müasir və innovativ texnologiyalardan istifadə edəcəyik. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları tətbiq olunacaqdır.

Biz qardaş İƏT dövlətlərindən olan şirkətlərin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yenidənqurma prosesində iştirakını görmək istərdik".

Bütün xəbərlər Facebook səhifəmizdə